Свобода людям, независимость нациям!

Kitabla soğan arasında

 

“Min gənə bir iti qorxudar, ancaq min it bir gənəni qorxutmaz”

(Mark Tven)

Gürcüstanda yaşayan dostum, qardaşım Seymur Baycan hərdən Tiflisin ədəbi-bədii həyatından xəbərlərin linklərini atır, sanki mənə yanıq verir. Misal üçün, bu yaxında bir xəbər göndərmişdi, deyir, Gürcüstanda ispan ədəbiyyatına həsr olunan silsilə tədbirlər keçirilir. Tədbirlərin zirvəsi isə payızda Nobel ödüllü perulu yazıçı Mario Varqas Lyosa-nın iştirakı ilə olacaqmış.

Dünən isə mən gördüm bizim Azərbaycan Yazıçılar Birliyində türkiyəli tarixçi İlbər Ortaylı ilə görüş olmuşdur, ona AYB-nin fəxri üzvü vəsiqəsi verilmişdir. Ümid edirəm İlbər müəllim həmin vəsiqə ilə rayonlara düşüb icra başçılarından araq pulu yığmaz. Həmçinin ev, prezident təqaüdü, öd kisəsində operasiya dəftərlərinə adını yazdırıb Anar müəllimin gününü qara edən 2500 yazıçımızın sırasına qoşulmayacaqdır. Açığı, mən heç bilmirəm bu kişi kimdir. Bir dəfə yutub-da onun hansısa tarixi hadisə haqda çıxışına qulaq asmaq istədim, yarıda yatdım. Çünki mənə elə gəldi çox uzun danışırdı. Bir növ, spartalıların gününə düşmüşdüm. Qədim əhvalat var bu temada. Deyir bir gün hansısa dövlətin elçisi Sparta hökmdarının yanına gəlir, danışmağa başlayır. Sözünü bitirəndə hökmdar deyir: “Sən o qədər çox danışdın ki, axırına qulaq asanda əvvəldə nədən bəhs elədiyini unutmuşdum. Əvvəli unutduğumdan axırı da başa düşmədim”. Bir də mən bu İlbər müəllimin AYB-dən qabaq Bakıda hansısa sünnət toyunda iştirakının fotosunu görmüşdüm. Yaxşı ardıcıllıqdır. Milli mədəni tədbirlərimizin sıralaması həmişə bu cür olmuşdur. Bəlkə də Anar müəllim İlbər müəllimi nəticəsinin kiçik toy mərasiminə gətirmişdir. Xeyirli olsun, ayağı sayalı olsun, ilahi, amin!

Seymur bəyin Gürcüstandan göndərdiyi başqa bir xəbər kitabxana sistemi ilə bağlı idi. Orada Mədəniyyət Nazirliyinin də dəstəyi ilə ucqar kəndlərdə kitabxana qurmaq üzrə maraqlı projeyə başlayıblar. Həmin projeyə əsasən kənd dəyirmanlarında kitab guşələri, kitabxanalar yaradılır. Bizdə isə kənd kitabxanaları bu ildən rəsmi şəkildə ləğv edilmişdir, heç kim bilmir Mədəniyyət Nazirliyi onların yerində nə qayırmağı düşünür. Mən gürcü kəndlilərinə elə həsəd aparmaqda ikən Hövsan qəsəbəsindən Osman Sərkərov zəng vurdu. Mən onun dərdini keçən il yazmışdım, əlac olmadığı üçün yenə aramaqdadır. Osman bəy 10 minə yaxın kitab toplayıb, istəyir Hövsan qəsəbəsində kütləvi oxu evi, bir kitabxana açsın. Deyir millət oxusa cinayətkarlıq azalar. Həmin oxu evinə dəstək üçün yerli icra orqanlarına çox müraciət edib, baxan yoxdur. Kimə lazımdır kitab oxuyan camaat? Qoy savadsız olsun, heç nədən başı çıxmasın, beləsini idarə eləmək də asandır. Mən bunları Osman bəyə söylədim. Üstəlik, Gürcüstanda dəyirmanlarda yaradılan kitabxana sistemindən də bəhs elədim. Açığı, müqayisəyə görə, misal çəkdiyimə görə bir az peşman da oldum, çünki qulağıma dəstəyin o biri başından nəsə tappıltı səsi gəldi, hansısa adamlar “Ayə, su gətirin, tez olun, kişiyə nəsə oldu!” deyə qışqırışdılar və səs kəsildi. O gündən bəri ürək eləmirəm zəng vurub bəyin şəxsi kefini soruşum, qorxuram bəd xəbər eşidəm. İnşallah, yaxşı olar.

Bir də zəng eləsə deyəcəyəm ki, a kişi, get o kitabları dəyər-dəyməzinə sat, lap makulaturaya ver, bir parnik qayır, soğan ək. Bu yaz Hövsan soğanının kilosu 7 manatı keçmişdi. Tolstoyun “Hacı Murad” əsərini isə mən bir müddət qabaq “Əli və Nino” dükanından 2 manat neçəsə qəpiyə almışdım. Bizə Tolstoy yox, soğan lazımdır. Qarın qardaşdan irəlidir.

Новости автора