Свобода людям, независимость нациям!

Kapitukyan və Balayanı dərhal həbs etdirmək əvəzinə tərifləyən Qorbaçov...

Ötən zamanlarda SSRİ kimi azman bir dövlətin dağılmasında məhz ermənilərin detonator rolu oynadığı barədə yazılarımız olub. Ortaya çıxan hər yeni sənəd bu fikrə qüvvət verir.

Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun 29 fevral 1988-ci ildə keçirdiyi iclasının protokolu bunu bir daha təsdiq edir.

Həmkarımız Xəqani Səfəroğlunun tərcümə və təqdim etdiyi protokol  Sumqayıt hadisələrinə və Dağlıq Qarabağda baş verənlərə həsr olunan iclasa aiddir.

Protokoldan aydın olur ki, xalqımızın əbədi lənətini qazanmış Mixail Qorbaçovun (o zaman SSRİ-nin faktiki rəhbəri, daha sonra SSRİ prezidenti) baş roldadır. O, açıq-aşkar erməni separatizminə haqq qazandırır, məsələni elə qoyur ki, Siyasi Büronun digər üzvləri ermənilərin dövlətə, ittifaqın monolitliyinə, sovet quruluşuna vurduğu zərbəni nəinki mühakimə, hətta tənqid də etmirlər.

Qorbaçov İrəvanda yarım milyon adamın dinc, nizam-intizamlı mitinq keçirdiyini bildirir, bu mitinqdə antisovet şüarların səsləndirilmədiyini vurğulayır, hər şeyin sakit məcrada davam etdiyini qeyd edir, eyni zamanda hərbi hissəyə güllə atıldığını deyir. Bu, necə sakitlikmiş ki, ermənilər rus hərbçilərə, başqa sözlə, sovet əsgərinə güllə atırlar və bu, “antosovet hərəkət” olmur?

Əslində isə 1988-ci ildə məhz ermənilər mitinqlərdə Ermənistanın SSRİ-dən ayrılması məsələsini qaldırmışdılar və bununla SSRİ rəhbərliyini şantaj edərək, Kremlin Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməyə dair qərar çıxarmasını istəyirdilər. Hələ bu sırada mərkəzi televiziyanın bütün SSRİ-yə translyasiya olunan “Zaman” proqramının ölkədə yeganə hal olaraq məhz Ermənistanda dayandırlması (yenə də şantaj məqsədilə), kompartiyanın mətbu orqanı olan “Pravda” qəzetinin tabutlarda “dəfn edilməsi” kimi antisovet aktlar var idi.

Protokoldan görünür ki, əslində Qorbaçov və onun əlaltıları ermənilərin arzusunu reallaşdırmaq fikrinə çox yaxın olublar və əgər Azərbaycan tərəfinin pərakəndə və qorxaq mövqeyi davam etsəydi, əvvəl-axır Kremldə belə bir qərar veriləcəkdi. Ancaq 1988-ci ilin noyabrında Bakıda Azadlıq meydanına 1 milyondan artıq adamın yığılması və böyük bir ehtirasla Kremldən ədalət tələb etməsi rəsmi Moskvanı oyandırıb və dayandırıb. Siyasi Büro balaca və kasıb Ermənistanın istəyini reallaşdırarsa, ondan daha böyük və varlı olan, ittifaq büdcəsinə hər il milyardlar köçürən Azərbaycanı incik salmaq istəməyib.

Həmin tarixi iclasda Qorbaçov başqa ciddi qüsurlara da yol verib. O, erməni separatizminin ideoloqlarından, şairə Silva Kaputikyan və yazıçı Zori Balayandan bəhs edərkən, onların ağıllı və istedadlı, eyni zamanda nüfuzlu olduqlarını bildirir, bir növ onları toxunulmaz elan edir. Bu şəxslər SSRİ boyda dünya nəhəngi dövlətin 1-ci adamıyla audensiya fürsəti qazanaraq öz “xalqlarının dərdini” danışa bilir, hətta onunla höcətləşir, ona nəyi necə etmək lazım olduğu barədə yol göstərirmişlər.

Bu, nəyin nəticəsidir? Hansısa azərbaycanlı yazıçının belə bir lüksü vardımı? Qətiyyən yox idi. Bu ayrıcalıq yalnız erməni ziyalılar üçün nəzərdə tutulmuşdu və şübhə yoxdur ki, ermənilərə day-daylıq etmək tapşırığı Qorbaçova ailədən - arvadı Raisa Maksimovna tərəfindən verilmişdi.

(Ermənilər tərəfindən Raisaya nadir brilyant peşkəş edilməsi barədə deyilənlər heç də şayiə deyil, belə bir hadisə doğrudan da olub və bu ailənin erməni sevgisinin arxasında həm də maddi maraq dayanıb).

Əslində isə “başı yaxşı işləyən, uğurlu karyerası olan” Balayan da, Kapitukyan da dərhal həbs edilməli idi, barələrində milli nifaqı qızışdırmaq, sovet dövlətinin əsaslarını sarsıtmağa cəhd maddəsi ilə cinayət şi açılmalıydı. Bunu etmək əvəzinə Kreml başbilənləri onlara yalvarırmışlar.

Protokoldan aydın olur ki, Kreml Xankəndidə başlanmış separatizm hərəkatını yerindəcə və dərhal cilovlamaq imkanına malik ola-ola bunu etməyib. Qorbaçov açıq-aydın təlimat verir: “Əgər xuliqanlıq etmirlərsə, meydana yığışanları dağıtmaq olmaz”.

Məhz bu mövqe ermənilərə cəsarət verdi və onlar artıq növbəti günlərdə meydana daha cəsarətlə və kütləviliklə yığılmağa, daha da irəli getməyə, silahlanmağa başladılar.

Bəli, elə 1989-90-cı illərdə də aydın idi ki, ermənilər öz həyasız iddialarını gerçəkləşdirmək üçün gücü Kremldən, konkret olaraq Qorbaçovdan və onun ailəsindən alırlar, bu gün açıqlanan məxfi sənədlər də göstərir ki, hələ daha betər imiş.

Bir ovuc erməninin nazıyla oynayaraq, onların nəhəng bir dövlətin sütunlarının altına mina yerləşdirdiyini görməyərək, Dağlıq Qarabağda separatizm hərəkatına göz yuman siyasi liderlərin idarə etdiyi dövlət dağılma idi. Bəlkə də SSRİ hələ 10-15 il də artıq ömür sürəcəkdi, amma Qorbaçov və onun çetesi gerçəkdən dövlətin süqutunu sürətləndirdi.

Ədalət naminə qeyd edək ki, 1988-ci ilin yayında Qorbaçov öz səhvini qismən daşa düşmüşdü, Kremldə azərbaycanlı və erməni partiya rəhbərlərinin, eləcə də ziyalıların iştirakı ilə keçirilən toplantıda maksimum neytral mövqe tutmağa çalışırdı, hətta arada erməni akademik Ambarsumyana sərt cavab da verdi. Amma artıq gec idi. Minalar ard-arda partlamaqdaydı.

Новости автора