Свобода людям, независимость нациям!

Kanada kimi yer

“Hacı hacını Məkkədə görər”

(Azərbaycan ata sözü)

Novruz müəllim baş nazir olanda xarici işlər nazirinin müavini Xələf müəllimi aparıb özünə aparatın şefi qoymuşdu. İndi isə Xələf müəllimi təzədən qaytarıb Elmar müəllimə müavin qoymuşlar. Nəticədə Xələf müəllim NK-da cəmi 5 ay çalışa bilmişdir. Bəs indi Novruz müəllim kiminlə çalışacaq? Çətindir. Üstəlik, Abid müəllimin ürəyi xəstədir, elə dünən götürüb təzədən İsrailin Hayfa şəhərindəki hospitala qaçırdıblar. Bu da Abid müəllimin uzun illər bizdə hökumət quruculuğunda səmərəli fəaliyyətinin nəticəsidir: azarlayanda xəstəxana tapmırsan. Daha doğrusu, tapmağına tapırsan, ancaq səni orada elə qışqırdırlar ki, o biri dünyadan mələklər tökülüşüb gəlir, deyirlər, hələ qiyamət gününə var, sakit durun.

Sözgəlişi, bu yaxında İran xəstəxanasından reportaj oxudum, jurnalist həmkarımız Emil Salamoğlu oradakı xərcləri bitdə-bitdə, gözəl şəkildə yazmışdı. Sən demə, Ərdəbildə həkimə getmək bizim zəhmətkeşə yolpulu-zad daxil haradasa 100 manata başa gəlirmiş. Bizdə isə qotur  klinikada adını yaza bilməyən, harada oxuyub diplom aldığı naməlum bir tip qapıya yalandan “professor” lövhəsi yapışdırıb tək qəbul üçün səndən 40-50 manatı qışqırda-qışqırda qoparır.

Vətəndaşlar da dolanışıq dərdindən böyrəklərini satırlar. Hazırda bu orqan alveri cinayəti üzrə bir məhkəmə işi var, Ucardan ər-arvad hərəsi 1 böyrəyini satmalı olubdur! Hərçənd bizdə orqan alveri qadağandır, deyəsən, satanları da tuturlar. “İçəridən” çıxmaq üçün də gərək qaraciyərini satasan. Sabirin şeirində təxminən bu vəziyyət təsvir edilibdir:

“Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim.

Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən,

Başladı şişməyə indi üzüqarə ciyərim"

Doğrudan da, kimin ağlına gələrdi biz haçansa İrana müalicəyə gedəcəyik? Biz oranı geridə qalmış vilayət, cəhalət yuvası sanardıq. İndi isə oradan həm fiziki, həm mənəvi sağlamlıq umuruq - mollalarımız da oradan gəlir.

Bu arada Xələf müəllimin geri qayıtması da haradasa qonşularımızla əlaqədar imiş. Faktiki, bu dəqiqə Rusiyadan və Türkiyədən başqa bütün qonşularımızla sərhəd problemlərimiz var. Türkmənistan və İran Xəzərdəki sularımıza iddia edir, Ermənistan məlum və məlundur, Gürcüstanla da təzə-köhnə monastr davası qızışıb. Sən demə, bütün bu sərhəd işlərini o boyda XİN-də Xələf müəllimdən başqa bilən yox imiş (dəli şeytan deyir, idarənin adını “Xələfin İşləri Nazirliyi” oxumalıyıq). Halbuki mənim fikrimcə, İnam Kərimovu da XİN-ə göndərmək olardı. Məncə, İnam müəllim orada bu işlərin öhdəsindən uğurla gələrdi. Misal üçün, David Qareci Asan Monastrı yaradardı. Bir pəncərə sistemi ilə. Gürcü istəyir, buyursun gəlsin. Azərbaycanlı istəyir - getsin. Çox yaxşı model olardı. Hətta deyərdim, o Keşikçi, dağını gələcək Qafqaz Evi-nin, ümumi Qafqaz dövlətinin kiçik modeli kimi qurardı. Xələf müəllimi isə kənd təsərrüfatı naziri qoyardıq - İnam müəllimin yerinə.

Ancaq Azərbaycan dünyada analoqu olmayan inkişaf sayəsində başqa uğurlar qazanır. Misal üçün, hindistanlı bir biznesmenin 20 min dollar pulunu alan fırıldaqçılar varmış. Burada yox, elə Hindistanda yaşayırmışlar (bizdəki fırıladaqçılar belə xırda məbləğə əllərini bulaşdırmaz). Onlar bu pulu biznesmenin oğlunu Kanadaya aparmaq, guya orada vətəndaşlıq almaq üçün qopardıblar. Lakin uşağı gətirib Bakıda küçəyə buraxıb aradan çıxıblar. Hindistanlı dostumuz da (adı deyək olsun Şaka) bir neçə ay Bakıda dilənçi kökündə yaşayandan sonra başa düşüb ki, bura Kanada deyil, birtəhər geri, fillərin yanına qayıdıbdır. Doğrudan da, bura Kanada olsa, qar yağardı, Bakıya isə 2 ildir bir tük boyda qar dənəsi də düşmür. Əvəzində yaz payıza oxşayır, camaat mayın 6-da plitka yandırır. Eybi yoxdur, hökumət söz verib, tokun limitinə də baxacaqlar. Vallah, o qədər qayğımızı çəkirlər, adam lap utanır.

Mən də elə bu yazını utana-utana yazdım.

Нет комментариев

Новости автора