Свобода людям, независимость нациям!

İvanov-İmanov məsələsi hələ də aktualdır

10-15 il öncə “Mediaforum” saytı bu mövzunu vaxtaşırı qabardırdı, biz də gücümüz çatdığı qədər dəstək olurduq.

Aradan keçən bu illər ərzində adam düşünürdü ki, yəqin bu, artıq aktuallığını itirib, öz yeni doğulan övladlarının soyadını milliləşdirən, “ov”, “yev”, “zadə”dən imtina edən valideynlərin sayı artıb, ən azı 50:50 nisbətində olub.

Srağagün sosial şəbəkədə gördüyüm bir siyahı bu qənaətimi alt-üst etdi.

Bu, 10-16 yaşlı uşaq və yeniyetmələrin adının olduğu bir siyahı idi. Jurnalistlərin yaşadığı binalarda böyüyən uşaq və yeniyetmələrin qatıldığı velosiped yarışmasında iştirak edən 45 nəfərin yalnız 14-nün ad-soyadı milli sonluqla bitirdi, qalan hamısı “ov”, “yev”, “zadə” idi. Məsələn, Quliyev, Məmmədov, Ağazadə və s.

Hələ bunlar imza yiyələrinin, cəmiyyətə örnək olmalı olan yaradıcı ziyalıların övladlarıdır, görün, cəmiyyətin yerdə qalan qruplarında vəziyyət necədir.

7 il öncə əlimə bir sinif jurnalı düşmüşdü, orada otuz uşaqdan yalnız dördünün soyadı milli sonluqla bitirdi.

Kimsə deyə bilər ki, nə fərqi var? Çox fərqi var. Bir beynəlxalq yarışmada çıxış edən idmançımızın soyadı İmanovdursa, rusiyalı idmançının da soyadı İvanovdursa, kim onları bir-birindən ayıracaq?

Həmkarım Aygün Muradxanlı doğru qeyd edir ki, Medvedzadə, Volklu nədirsə, Məmmədov da odur.

Ancaq fərq odur ki, medvedyevlər və volkovlar öz milli soyadlarını daşıyırlar, biz isə dövlət müstəqilliyimizi 28 il öncə bərpa etsək də, hələ bu kimi müstəmləkə boyunduruğundayıq.

Nəhayət, anlamalıyıq ki, soyadlarımızın ruslaşdırılması lap əzəldən bizə qarşı yeridilən rusifikasiya siyasətinin tərkib hissəsi olub. Ruslar bu yolla bizi milli kimliyimizdən məhrum etmək istəyirdilər - necə ki, bir çox azsaylı xalqları artıq tamamilə assimlyasiyaya uğradıblar.

Sadəcə, bizimlə bağlı yeridilən ruslaşdırma siyasəti ona görə uğurla və tezliklə başa çatmadı ki, say etibarilə böyük bir etnosa mənsubuq, sərhədlərimizdən kənarda da eyni dildə danışan, milli kimliyini qoruyan toplumlarımız var. Bir də SSRİ tez dağıldı və onun açıq-gizli apardığı rusifikasiya siyasəti yarımçıq qaldı. Bununla belə, milyonlarla soydaşımız o siyasətin nəticəsində ruslaşıb gedib - ən azı övladları.

Soyad məsələsində də gördüyünüz kimi, o siyasət 28 ildən sonra da öz gücünü qoruyub saxlayır və biz millət olaraq hələ də rus soyad sonluqlarından imtina etmirik, bir növ onu özümüzünküləşdirmişik, “milliləşdirmişik”.

 Başqa bir yazının predmeti olsa da, deyim ki, rus dilində təhsil almağa önəm verilməsi də sırf bu düşüncə tərzindən qaynaqlanır. Rusdan qopa bilmirik və istəmirik. Axtarsan, övladına rus dilində təhsil verənlərin içində bir nəfər də olsun milli soyadlı ailə tapa bilməzsən. Yalnız kiçik istisnalar ola bilər, amma 99 faizi “ov”, “yev”dir.

Bəzi adamlar var ki, onlar üzrlü səbəbdən öz əski soyadlarını dəyişmirlər, çünki bu soyad onlar üçün hələ sovet dönəmində brendə çevrilib.

Bir çox adamlar soyaddəyişmə prosedurunun cüzi bürokratik əngəllərini aşmaq istəmirlər, ərinirlər. Halbuki bu, o qədər də çətin deyil, bir balaca israrçı, tələbkar olanda məqsədə çatmaq olur (əslində bu xüsusda heç bir bürokratik əngəl olmamalıdır. Qoyulan tələblər də, görünür, zəruridir).

Elələri də var ki, onlar öz “rus sevgiləri”nə görə milli soyad sonluğunu yaxın qoymurlar və qoymayacaqlar. Bu, Roma papasından artıq katolik olmaq xəstəliyidir. Vaxtilə Leninqradın adını dəyişib Sankt-Peterburq qoymaq istəyən piterlilərə məhz bizim ölkədən kütləvi şəkildə etiraz məktubu göndərilmişdi.

Belə məsələdə məcburiyyətin olması bəlkə də insan haqlarına zidd ola bilər, amma başqa cür olmayacaq.

Xatırladaq ki, Türkiyə əhalisinin milli soyad qəbul etməsi prosesi ötən əsrin 30-cu illərində icbari səciyyə daşıyaraq başa gəlib. Əksinə olsaydı, soyad qəbul olunması məsələsini dövlət icbari şəkildə həyata keçirməsəydi, bəlkə də bu günə qədər türklərin ad soyadı Filankəs oğlu Filankəs formatında qalardı.

Ona görə də güman ki, ad-soyad xüsusunda yeni bir qanun layihəsinə ehtiyac var.

Новости автора