Свобода людям, независимость нациям!

“Film kimi” Şuşa döyüşündən “Oskar”lıq kino çəkəcəyikmi?

Müdafiə Nazirliyinin azad edilmiş şəhər və kəndlərimizdən artıq xeyli müddətdir yayımladığı çəkilişləri, bir sıra həmkarlarımızın reportajlarını, xüsusilə də “Yeni Müsavat” Media Qrupunun əməkdaşlarının film kimi Ağdam və Şuşa reportajlarını həyacansız izləmək olmur. Adamın bir gözü gülür, biri ağlayır, həmin kadrlara baxdıqca, eynilə şəhidlər verdikcə gələn zəfər xəbərlərini alanda eyni duyğular içərisindəydik. Düşmənin darmadağın etdiklərinə görə üzülsək də, min dəfə şükr edirik torpağımıza qovuşduğumuz üçün!

Ancaq gərəkdir ki, biz bu kadrlara baxıb keçməyək. Bəlkə də bu reportajların qiymətlilərinin Qızıl Fondu yaradılmalıdır, onların parakəndə şəkildə saxlanması zaman keçdikcə itməsi, unudulmasına səbəb ola bilər. Bəlkə də onları Soyqırım muzeyində saxlamaq olar.

Amma Qarabağın işğal illərindən, onun azadlığı uğrunda gedən hazırlıqlardan və nəhayət, Şuşa Zəfərinədək aprılmış döyüşlərdən bəhs edən filmlər çəkilməlidir. Özü də çoxseriyalı filmlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin təkcə 44 gün ərzində həm döyüş meydanında, həm diplomatiya sahəsində apardığı döyüş, müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, dastana dönənlərin keçdiyi şərəfli yol bir-iki seriyalıq kinoya sığan deyil. Ssenari üçün yetərincə materiallar var: dövlət başçısının “Qarabağ sizinçün nəyə görə bu qədər önəmlidir”, sualını verən əcnəbi jurnalistə tutarlı cavabları, terrorçu Ermənistanı himayə və müdafiə edən dünya paytaxtlarına dərs keçməsi, zəfər twitləri, xalqa müraciətləri, Vətən Müharibəsi qəhrəmanlarının döyüş yolu barədə faktlar... Bütün bunları ipə-sapa düzən kino ssenaristlər lazımdır. Elə filmlər olsun ki, həm o məşhur kadrda deyildiyi kimi “ürəyə toxunsun”, həm də əbədi ekranlarımızı bəzəsin, dillər əzbəri olsun. Özü də o film(lər) təkcə daxili auditoriyaya hesablanmamalıdır. Bütün dünya Azərbaycan ordusunun cəmi 44 günə necə böyük zəfər qazandığını heyrətlə izlədi, elə ermənilər də şokdadır, NATO ekspertləri Azərbaycan təcrübəsinin öyrənilməsi zərurətindən danışırlar. Deməli, bu zəfərin filmə çevrilən variantları elə olmalıdır ki, əsgərimizin yazdığı tarixə kölgə düşməsin, əksinə, bu qalibiyyətin adına layiq mədəniyyət nümunəsi olsun. Türkiyə filmlərinə baxırıq, məsələn, “Diriliş Ertoğrul”, “Kuruluş Osman” və sair, həmin filmlər həm də Osmanlı imperiyasının tarixini öyrədir tamaşaçıya. Nədən bizim belə filmlərimiz olmasın? Axı, biz mümkünsüzü döyüş meydanında mümkün edən qalib millətik, çəkiliş meydanında bacarmayacağıq yəni? Bir çox səhnələri elə əsgərlərimiz özləri çəkiblər, həm döyüşüblər, həm də səlnamə yaradıblar, kameralı telefonlarla! Daha mükəmməl hədəfə nail olmaq üçün qardaş Türkiyənin kino mütəxəssislərinin təcrübəsindən də yararlanmaq olar, həm ssenari, həm də rejissor işində. Niyə də olmasın? Tovuz döyüşlərində və Qarabağ uğrunda savaşda bütün cəbhələrdə bir yerdə olduq və qazandıq. Kino yaradıcılığında da birliyimiz ancaq fayda verər.
Nə yaxşı ki, Qarabağdan bəhs edən bəzi filmlərimiz var. Az büdcə ilə də olsa, yaxşı ki, çəkilib vaxtilə. Yazıçı-deputat Aqil Abbasın “Dolu”su kimi. Xüsusilə də uşaq və yeniyetmələr çox sevdi bu filmi. “Dolu”ya baxıb Komandirə, Müəllimə, Drakona, Pələngə bənzəmək istəyənlər də az olmadı və onların bir çoxu 44 günün qəhrəmanlarına çevrildilər, dastana döndülər...

Filmin finalında Komandirin (Məmməd Səfa) əsa əlində qadağan olunmuş zonaya doğru irəliləməsi səhnəsi var e...Atlı uşaq çağırır? “Əmi, ay əmi, ora getmə, orda erməni var!” Həmin səhnəyə baxarkən ürəyimiz parçalanırdı. Şəhid olmuş qəhrəmanların ruhları Ruhlar şəhərinə doğru irəliləyir. Sonra el-oba qoşulur onlara, əmin addımlarla, qorxmadan, çəkinmədən! Bax, bizim millətolaraq ruhumuzu diri saxlayan həm də belə epizodlar oldu. Aqil Abbasın 2018-ci ildə “Ədalət”də dərc olunmuş yazısını xatırlayıram.

Ağdam, Ağcabədi camaatının “Ağdama qayıdırıq” deyib irəlilədiyini əks etdirən səhnənin təsvir edir yazıçı. Məsələnin məğzindən xəbərasiz olanlar öyrənəndə ki, Ağdama getmək söhbəti sadəcə film mövzusudur və yol yenə də yarıda bitir, onda qəzəbləniblər. Belə olduqda filmin rejissoru Elxan Cəfərov üzünü dilxor olmuş camaata tutub səsucaldanla: ”Ay camaat, biz bu filmi ona görə çəkirik ki, sizi Ağdama aparaq. İnanın mənə, tezliklə bu filmin davamını sizinlə o gördüyünüz şəhərdə çəkəcəyik! - deyir və camaata ürək-dirək verir. Aqil bəy də danışırdı ki, Ağdama doğru yol alan, minalanmış sahələrə keçmək istəyən adamları zorla saxlayıblar filmin çəkilişində.

Şükürlər olsun, o gün gəldi. Artıq minalanmış əraziləri Azərbaycan əsgəri, ANAMA əməkdaşları təmizləyir, insanlarımızın rahat şəkildə yurduna getməsinə, qurub-yaratmasına, əkib-biçməsinə çox az qalıb. Nədən “Dolu”-2 olmasın? Yaxud “Fəryad” filminin davamı çəkilməsin, 44 günlük müharibə dövründə əsir düşənlərimizin başına gətirilənlər, elə Dilqəmlə Şahbazın Şuşa türməsindəki məşəqqətli illəri, həmçinin Ağdamın, Füzulinin, Zəngilanın qəbristanlıqlarını elə azərbaycanlı əsirlərə qazdırıb, qızıl diş axtaran ermənilərin gerçək sifəti təqdim olunmasın?

**

Başqa bir misal: 2018-ci ilin mayında elə “Dolu” filminin “Drakon”u Rza Rzayevin ilk rejissor əsəri olan “Geyilməmiş ayaqqabılar” filminin təqdimatındı idi. Nizami kino evində baxdığımız filmin sujet xətti çox təsir eləmişdi bizə. Erməni işğalı nəticəsində uşaqkən kəndindən didərgin salınmış Həsrət adlı uşaq “Qızıl Ay”ın yardım olaraq gətirdiyi ayaqqabını geyinmir, “kəndimizə qayıdanda geyinəcəyəm”, deyir. Həsrət böyüyür və...Günün birində Ana işğaldan azad olunmuş, abadlaşdırılmış Xankəndindəki Həsrət küçəsilə qürurla irəliləyir... Xankəndinin Mədəniyyət İdarəsinin nəzdində açılmış və Həsrətin adını daşıyan “Geyilməmiş ayaqqabılar Müzeyi”nin qapısından oğlunun heç vaxt geyinilməmiş ayaqqabılarını asaraq geri dönür...

O zaman çoxlarını təsirləndirən məhz o səhnə olmuşdu, Xankəndi küçəsi... Düşünürdük ki, bir daha ayaq basa biləcəyikmi Şuşaya, Xankəndiyə...Hadrut ağlımıza da gəlmirdi bəlkə də. Ancaq cəmi iki il sonra filmdə xəyal etdiklərimiz çin oldu. Bu gün Azərbaycan əsgəri Zəngəzur qapısında, Şuşada, Laçında, Kəlbəcərdə, Hadrutda... İnşallah tezliklə Xankəndidə də bayrağımız dalğalanacaq!

Savaşsonrası günlərdə sosial şəbəkədə bir videokadrlar diqqətimi cəlb etdi. Böyük bir otaq, ya zal ağzınadək əsgər ayaqqabıları ilə dolu idi. Çəkilişi aparan bildirirdi ki, bunlar yaralı əsgərlərimizin ayaqqabılarıdır. Bəlkə həm də şəhidlərimizin, həm də ayağını itirən oğullarımızın... O qədər olub ki, ana öz övladının nəşini torpağa əmanət edəndən sonra onun paltarlarını, ayaqqabılarını bağrına basıb. Amerikadan Qarabağa döyüşmək üçün gəlmiş bir qardaşımız yazmışdı ki, qayıdanda öz çəkmələrini də xatirə olaraq aparıb. Döyüşçü qardaşlarımızın əşyaları da toplanılır bu arada, muzey üçün. Amma məncə, “Geyinilmiş ayaqqablılar” adlı film də çəkilə bilər. Bu savaşda yalnız bir ayağı tapılaraq dəfn edilən qəhrəmanımız olmadımı? Bu talelər filmə çevrilməlidir gələcək nəsillər üçün!

**

Tale demişkən, Prezident Şuşaya səfəri zamanı Üzeyir bəy, Natəvan və Bülbülün güllələnmiş büstlərini apardı, Böyük Qayıdışın ilk nümayəndələri tarixi şəxsiyyətlərimizin yaralı abidələri oldu. Dövlət başçısının bununla bağlı dedikləri, büstlərin üzərindəki güllə izləri erməni faşizminin bariz nümunəsidir. Niyə bu həqiqətlər bütün cahana yayılmasın? Tarixi şəxsiyyətlərin, mədəniyyət və ədabiyyat xadimlərinin heykəllərindən belə qisas alan, tunc büstləri əritmək üçün oğurlayan, axırda Azərbaycan dövlətinin pul-para qarşılığında (!) Gürcüstan yolu ilə geri qaytara bildiyi bu üç heykəlin tale yolu da bir filmin ssenarisidir. Hanı yazıçılarımız? Axı, Yazıçılar Birliyinə üzvlərin sayı gündən-günə artır. Bəlkə də yazırlar. Əslində ötən illərdə ssenarilərin əsas hissəsi yazılmalı idi, 44 günlük Vətən Müharibəsinə qədərki hissəyədək...Dəyişən dünyada həqiqətlərimizi həm də film dili ilə çatdırmalıyıq, dünyanı ermənilərin başına dar eləməliyik. Qoy heç yerdə rahat ola bilməsinlər, erməni faşizminin törətdiklərinə görə hər yerdə lənətlənsinlər. Amma təkcə buna görə də yox. Şərəf tariximiz həm də filmlərimizdə yaşamalıdır! “Bayraktar”lı, “film kimi” döyüşlərin kinoya çevrilməyə tam haqqı var. Şuşa qalasının ermənidən azad olunması uğrunda əməliyyatdan bəhs edən filmə kim baxmaq istəməz?.. Əsl “Oskar”lıq ssenari ola bilər. “Qafqaz trio”sunu çəkənlər hardadır?..

1941-45-ci il müharibəsindən bəhs edən filmlər hələ də köhnəlməyib. 44 günlük Vətən Müharibəsindən azı 44 seriyalıq mükəmməl filmə ehtiyac var. Bəşəriyyətin ürəyinə toxunan, qəlbinə yol tapan sənətə əsəri...

Elşad Paşasoy,
“Yeni Müsavat”

Новости автора