Свобода людям, независимость нациям!

Əxlaqsızlıq yuvası üzərində yaşayan professor

“Mən həyətlə bir vaxtlar itin qaçdığı tərəfə, şoseyə doğru qaçdım. Yadımdadır, iri hoppanışlarla qaçırdım, sanki addım atır və uzun müddət, ayaqlarım yerə dəyənəcən uçurdum. Mənə elə gəlirdi uçuram. Azadam”

(Ken Kizi, “Qu quşu yuvası üzərində”)

İlkin xoş xəbər Gürcüstandan gəlmişdir. Orada yerli ombudsman parlamentdə hesabat vermiş, 2018-ci ildə ölkədə qeydə alınan yeniyetmə nikahlarından bəhs etmişdir. Məlum olmuşdur ki, ötən il Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında 715 ana və 23 ata qeydə alınıbdır. Söhbət 18 yaşa çatmadan, qanunsuz evləndirilən yeniyetmələrdən gedir. Sitat: “Erkən nikahlar üzündən orta məktəbi bitirmədən ailə quranların çoxu Kvemo Kartli bölgəsinə düşür, burada isə etnik azərbaycanlılar sayca üstünlükdədir” ( mənbə: www.newsgeorgia.ge ttp://www.newsgeorgia.ge saytı).

Diqqət elədinizsə, orada nikah yaşı çatmamış ərə verilən qızların sayı bu cür evlənən oğlanlardan müqayisəyə gəlməyəcək dərəcədə çoxdur. Çünki qızları adətən özlərindən yaşca böyüklərə, yəni nikah yaşı çatanlara ərə veriblər. Bəs biz indi o şəxsləri pedofiliya ilə məşğul saya bilərikmi? Yox. Hər xalqın öz adət-ənənəsi vardır. Bizdə qədimdə qızı papaqla vururdular, yıxılmadısa, deyirdilər ərə getmək yaşı çatmışdır. Hətta mənəvi dəyərlərimiz 9 yaşında qızı da ərə verməyə yaxşı baxır. Bəlkə biz o papaq qaydasını yenidən tətbiq edək, qanuna salaq? Respublikamızın şərəfi göylərə ucalsın, yaxın-uzaq ellərdən xoş sorağımız gəlsin?

Bu arada qəmli xəbər isə bir professordan gəlmişdir, deyir, Bakıda yaşadığım binanın altında 12 əxlaqsızlıq yuvası vardır. Müxbir savadsız olub, binada ümumi neçə mənzilin yerləşdiyini soruşmayıb, o üzdən biz indi orta göstərici qayırmaqda çətinlik çəkirik, bilmirik binanın neçə faizi əxlaqsızlıqla məşğuldur. Hər halda, 12 yuva çoxdur və mənə elə gəlir, artıq biz bu halda yuvalardan yox, hansısa mağara kompleksindən danışmalıyıq. Yuva, deyildiyi kimi, kiçik miqyaslıdır. Sovetin vaxtında bu gözəl “yuva” sözünü adətən kriminal məzmunda işlədirdilər ki, guya SSRİ-də cinayətkarlıq o dərəcədə azdır, yuvada yerləşir. Halbuki dövlət özü bütöv cinayətkar sistem, rejim idi, ancaq bu bizim tema deyil.

Məncə, bir binada 12 əxlaqsızlıq yuvası varsa, o küçəyə “Qırmızı fənər” küçəsi adı da vermək olar. Yeri gəlmişkən, bu terminin tarixini oxucularıma çatdırım, savadımız çoxalsın, indən belə aktual olacaqdır. Deyir, Avropanın bir çox liman şəhərlərində qədim dövrlərdən bəri ayağı sürüşkən qadınlar qırmızı fənərlə öz müştərilərinə işarə verirmişlər. Ər - çox hallarda matros, dənizçi - evdə olmayanda başqa dənizçilər üçün pəncərəyə qırmızı fənər yandırıb qoyurmuşlar ki, buyur, gəl. Yəqin bu qanunu bizdə tətbiq eləsək, küçənin adını “Yaşıl fənər küçəsi” qoymaq lazımdır, çünki yaşıl - svetoforun “yol açıqdır” işığıdır. Bəs siz nə fikirləşmişdiniz?

Rəqqasələrin ailə dağıtması temasına da münasibət bildirmək istəyirəm. Bunu hörmətli Xoşqədəm xanım öz verilişində qaldırmışdır, neçə vaxtdır davam edir. O deyir, filankəs mənim ailəmi dağıtdı, bu deyir, sənin ərin yaxşı kişi olsa, ailəsini qoruyardı, üçüncüsü deyir, gəlin ailə dəyərlərimizi qoruyaq... Xoşqədəm xanım isə anons etmişdir, deyir, əlimə dəhşətli faktlar keçib, ailə dağıdan daha bir rəqqasə haqda məlumatları açıqlayıb ifşa edəcəyəm.

Sanki ailə dağıtmaq dövlət büdcəsini dağıtmaq kimi bir şeydir. Ya da, nə bilim, belinə qumbara sarıyıb erməni tankının altına uzanırsan, paaart, kafir ordusu cəhənnəmə vasil olur. Gəlin bu evlənmək, ailə dağıtmaq temalarına bu qədər dəhşətli, cahanşümul yük vurmayaq, sonra millətin beli qırılır. Bunlar adi, fərdi məişət problemləridir, yeri gəlmişkən, bizdə qədimdə evlənmək və boşanmaq işlərində böyük sərbəstlik, azadlıq vardı. Hərçənd son illərin boşanma statistikaları göstərir ki, azərbaycanlılar da bu məsələni çözməyə yaxınlaşıblar, artıq mədəni şəkildə ayrılan, yenidən evlənən, ümumiyyətlə evlənməyən adamların sayı artır. İnsanın həyatda məqsədi “tez evlənək, nəsil artıraq, dünyada bizdən çox olsun” kimi olmamalıdır. Bu, bakteriya, parazit məramnaməsidir. Dünyada ən çox təbii artım yoxsul ölkələrdədir.

Əlbəttə, indi kimsə gəlib deyə bilər ki, xaçpərəstlər müsəlmanların artmasını istəmirlər, virus yayıb bizi qırmaq, ailələrimizi dağıtmaq fikrindədirlər. O üzdən, həmin adam gəlməmiş, nöqtəni qoyub, qaçıram.

Новости автора