Свобода людям, независимость нациям!

“Etibarlı gələcəy”in keçmişi və indisi

30 il öncə xalq hərəkatının əsas simalarından, liderlərindən biri olan Etibar Məmmədovun fəal siyasətə qayıtmasına ictimai fəalların münasibəti o qədər kəskindir ki, bu qədəri gözlənilməzdir.

Bu, o adamdır ki, 21 il öncə, 1998-ci il prezident seçkisində seçicilərdən seçkinin ikinci turuna adlamağa bəs edəcək qədər səs almışdı.

Bunu hətta o dövrdə Etibar Məmmədovun siyasi personasına ciddi iradları olan müxalifətçilər də etiraf edirdilər. Onların izahı bundan ibarət idi ki, bəli, bizim boykot etdiyimiz seçkidə E.Məmmədov kifayət qədər səs alıb.

O, həmin səsləri bu xalqdan, bu seçicilərdən almışdı. O zaman belə anlaşılırdı ki, xalq E.Məmmədovun 1993-cü ildə buraxdığı səhvi, silahlı qiyamçılarla müttəfiq olaraq, Elçibəy hakimiyyətinin devrilməsində iştirakını ona bağışlayıb.

Bəs birdən-birə nə oldu ki, E.Məmmədovun 1991-93-cü illərdə ard-arda buraxdığı siyasi səhvlər yada düşdü və bu üzdən onun siyasətə dönüşünə bu sayaq mənfi reaksiya var?

Məsələnin mahiyyəti bəsitdir: xalq son 30 ildə dəfələrlə manevr edən, həmişə bulanıq suda balıq tutmağa çalışan, əlini daşın altına qoymayan, amma bina tikilib başa gələndə “mən də varam” deyə hücrə tələb edənləri sevmir.

Amma E.Məmmədovu “əlini daşın altına qoymayan” adlandırmaq insafsızlıq olar. O, bir neçə dəfə əlini daşın altına qoyub.

Birinci dəfə 1990-cı ilin əvvəlində o, xalq hərəkatının liderlərindən biri olaraq rus imperiyasına qarşı silahlı mübarizə üsulu təklif etmiş, bu “daş”ın ağırlığını öz üzərinə götürməyə çalışmış, son nəticədə Moskvadakı Lefortovo zindanının soyuq və boz daşları arasında 10 ay həbsdə yatmışdı.

İkinci dəfə 1993-cü ildə Surət Hüseynovun Azərbaycan demokratiyasının başına daş salanda, hədəfə atılan üç daşdan biri də E.Məmmədova aid idi. Ancaq o, qurulan yeni iqtidar komandasında yer almadı, üstəlik, özünü də daş-qalaq etdilər - partiyası ikiyə bölündü.

Bir də 1998-ci ildə aparıcı müxalifət partiyalarının (Müsavat, AXCP, ADP) boykot etdiyi seçkidə “boykotu boykot” taktikası yeridən Etibar Məmmədov “Etibarlı gələcək Etibarla gələcək” kimi unikal seçki şüarı ilə ortaya çıxdı və gözlənilmədən böyük uğur qazandı. Amma bu uğur sonradan ona baha başa gəldi. O vaxta qədər “loyal müxalifət” sayılan AMİP-in radikallaşması E.Məmmədov üçün siyasi və maddi planda itkilərlə müşayiət olundu.

Düzdür, partiya tezliklə öz məcrasına qayıtdı və “destruktiv müxalifət”ə qoşulmadı, amma atılan daş sapanddan çıxmışdı, hakimiyyət dairələri artıq AMİP-ə etibar etmirdilər. Ona görə də sonrakı seçkilərdə partiya parlamentdə mandat qazana bilmədi.

Əslində o zaman Etibar Məmmədovun fəal siyasətdən çəkilməsi məcburiyyət üzündən oldu. 2003-cü ildə indiki AXCP ilə müttəfiq olaraq seçkiyə gedən AMİP beş il öncəki nailiyyətinə yaxın gələ bilmədi, seçkinin autsayderlərindən oldu. Bundan sonra AMİP-də heç bir perspektiv görməyən tanınmış şəxslər partiyadan getdilər, partiyanın “köhnə qvardiyası” dağıldı.

Bundan sonra artıq Etibar Məmmədov üçün siyasətdə qalmağın heç bir faydası yox idi. Nə əvvəlki kimi siyasi arenanın parlaq fiqurantı ola bilirdi, nə də ona deputat mandatı verirdilər. Bu halda o, tez-tez qurulub-dağılan bloklara üzv olmaqdansa şəxsi mənfəətini üstün tutdu və kölgəyə çəkildi, qabağa təcrübəsiz silahdaşlarını verdi ki, heç olmasa, partiyanın mövcudluğunu qoruyub saxlasınlar.

E.Məmmədova qarşı kəskin mənfi münasibətin səbəbi budur. Bu illər ərzində siyasi arenada bacardıqları, mümkün olduğu qədər fəaliyyət göstərən, mübarizə aparan adamlar razılaşa bilmirlər ki, o, yenidən irəli keçərək öz ətrafında yeni bir güc mərkəzi yaratmağa çalışacaq.

Əslində Etibar Məmmədovun yeni və güclü partiya yaratmaq, yaxud AMİP-i gücləndirmək imkanı daha çoxdur. O, israrlı, məqsədyönlü olsa, AMİP-i yenidən siyasi arenanın müxalifətə aid cinahının 2-3 güclü aktyorundan birinə çevirə bilər. Danmaq, hesablaşmamaq olmaz, onun hazır funksionerləri və sabit elektoratı var.

Sual oluna bilər: bəs bu elektorat 2003-cü ildə hardaydı? Cavab budur: həmin elektorat 2003-cü ildə iqtidardaydı və mövcud iqtidar üçün çalışırdı. Bu gün isə həmin elektoratın mühüm kəsimi müxtəlif səbəblər üzündən kənardadır və hakimiyyətdən incikdir. Onun daha ambisiyalı və cürətli hissəsi təbii olaraq, “Ermənistanlıların yeni lideri”nin ətrafında birləşə bilər.

Hər halda, E.Məmmədovun siyasətə dönüşü boşuna deyil. Ona “qabağa durmağının vaxtıdır” deyənlər var.

Новости автора