Свобода людям, независимость нациям!

Ermənistanın “ipək” yuxuları...

“Avrasiya kontinenti 10 ildən sonra inanılmaz dərəcədə dəyişəcək. Tutaq ki, qaz kəmərləri bizdən yan keçir, neft kəmərləri və dəmir yolu xətləri də həmçinin. Amma doğrudanmı biz heç olmasa, avtonəqliyyat proqramlarına da cəlb oluna bilmərik?” - bəli, bunu Pekində 40 dövlət başçısının, o cümlədən də Azərbaycan prezidentinin iştirakı ilə keçirilən ikinci “İpək yolu” forumunu şərh edən Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yazıb.

Biz də əlavə edək ki, sovetlərin süqutundan sonra tarixi ipək yolunun bərpası ideyası təkcə nəzəriyyəçi geopolitiklər və geoiqtisadçılar yox, elə praktiki siyasətlə məşğul olanların da arasında populyar meqa-layihə oldu.

Amma uzun müddət məlum deyildi ki, bu yöndəki düşüncələr nəyə aid edilsin; politologiyaya, yoxsa ki, futurologiyaya? Amma zaman keçdikcə aydın oldu ki, bu heç də mücərrəd və yaxud fantastik bir layihə deyil, onu reallığa çevirmək mümkündür, yetər ki, bunun üçün dünyanın aparıcı dövlətləri buna ciddi yanaşsın.

Maraqlısı budur ki, ideyanın gerçəkləşməsində aparıcı rollardan biri tamam gənc dövlət olan Azərbaycanın boynuna düşdü. Onun  populyarlığına baxmayaraq qeyd etdiyimiz kimi, aparıcı dövlətlər buna müəyyən şübhə və tərəddüdlə yanaşırdı, əvvəl hətta regionun ilk böyük layihəsi olan Bakı-Tiflıs-Ceyhan kəmərinin reallaşacağına inanmırdılar.

Türkiyənin mərhum prezidenti S.Dəmirəl müsahibələrinin birində demişdi ki, Bakı-Tiflis-Ceyhan layihəsini “iki dəniz əfsanəsi” adlandırırdıq və bu haqda ilk dəfə mərhum prezident H.Əliyevə deyəndə o, qayıtdı ki, mən bu əfsanəni reallığa çevirəcəm...

Bəli, Heydər Əliyev dedi və etdi - “iki dəniz əfsanəsi” gerçək oldu. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi reallaşandan sonra isə hamı başa düşdü ki, ipək yolu ideyası da reallıq ola bilər.

Odur, təsadüfi deyil ki, ötən həftə siyasi təhlilçilərin diqqəti Pekinə yönəlmişdi, çünki burada növbəti “Bir kəmər, bir yol” sammiti işinə başlamışdı. Bu ideyanın geosiyasi məzmunu haqqında müxtəlif fikirlər səslənir, bəzən onlar diametral dərəcədə zidd də ola bilir, amma ən əsası budur ki, artıq 150 -dən çox dövlət təşəbbüsə qoşulubdur.

Sammitin gedişində nəzərə çarpan mərkəzi fiqurlardan biri də Azərbaycan prezidenti İ.Əliyev idi, o səbəbdən ki, böyük tranzit layihələrinin müzakirəsində Bakı ən mühüm həlqələrdəndir, çünki belə layihələrə qoşulmaq və onun ən fəal üzvlərindən olmaq üçün həm siyasi iradəsi və həm də yetərincə maliyyə resursları var.

Konkret olaraq ipək yolu layihəsinə gəldikdə isə, əlbəttə, onun reallaşması digər dövlətlərdən də, xüsusilə Qazaxıstan və Türkmənistan kimi Xəzəryanı dövlətlərdən də asılıdır, çünki layihənin gerçəkləşməsinin bir variantı da trans-Xəzər tranzit dəhlizinin yaradılmasıdır.

Üstəlik, burada Çinin də konstruktiv marağının olması tələb olunur, çünki layihənin bütün variantlarında ona ən mühüm rollardan biri ayrılır.

Birləşmiş Ştatlara gəldikdə isə, əlbəttə, heç bir qlobal ideya onların dəstəyi olmadan reallaşa bilməz və burada problem ondan ibarətdir ki, D.Tramp hakimiyyətə gələndən sonra ABŞ-Çin münasibətləri sərinləşib.

Amma ABŞ uzun müddətdir öz variantını gerçəkləşdirməyə çalışır - söhbət, trans-Xəzər dəhlizi haqdadır. Mayın 22 - 23-də Vaşinqtonda bu məsələyə həsr olunmuş daha bir forum işinə başlayacaq. Layihənin reallaşması üçün çoxdandır ki, Qazaxıstan və Türkmənistanla danışıqlar aparılır. Aydın məsələdir ki, bu variantda da ən mühüm ölkələrdən biri yenə də Azərbaycan olacaq...

Deyilənləri belə ümumiləşdirmək olar ki, ipək yolu ideyası artıq futuroloji konsepsiya deyil, o, dünyanın aparıcı dövlətlərinin təmsilçilərinin iştirak etdiyi böyük siyasi forumlarda müzakirə edilir.

Ermənistanın belə layihələrdə hipotetik iştirakına gəldikdəsə, birincisi, onun hətta tarixi ipək yoluna belə heç bir dəxli yoxdur. İkincisi, nə qədər ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmayacaq, İrəvanın bu cür layihələrə qoşulması problemli, daha dəqiqisə, qeyri-mümkün olacaqdır.

Üçüncüsü, bu ölkənin daha bir problemi də var - onun iqtisadi siyasətini də N.Paşinyan müəyyən edir. Nə demək istəyirik?    

Dünyadakı yeni siyasi trendlər göstərir ki, insanlar hər yerdə “sırf siyasətçilər”ə, partiya funksionerlərinə-partokratlara şübhəylə yanaşır və səslərini daha kreativ insanlara verməyə çalışırlar.

N.Paşinyanın, ruslar demiş, stixiyası mitinqlərdir, iqtisadiyyat, onun makro və mikro problemləri deyil. Daha yaxşı olardı ki, o, simvolik, təmsilçi post olan prezident postunu tutsun və baş nazir vəzifəsini daha peşəkar insanlara həvalə etsin - bu, daha məntiqli və effektiv olardı.

Amma bəla burasındadır ki, adi insan məntiqi ermənilərə yaddır, əks təqdirdə onlar çoxdan anlayardılar ki, ölkələrinin iflic olmuş, geri iqtisadiyyatını dirçəltmək üçün ilk növbədə hansı addımları atmaq lazımdı?..

Новости автора