Свобода людям, независимость нациям!

Ərəb turistlər üçün tamaşa

“Bu yaz gecəsində ölməyə nə var?”

(Ramiz Rövşən)

Bir qrup görkəmli sənətkarlarımız dövlət rəhbərliyi tərəfindən mükafatlandırılmışdır, öncə onları təbrik edirəm. Xüsusilə xalq şairi adı Ramiz Rövşənə əla yaraşır. Doğrudur, hörmətli şair hələ 90-cı illərdə verdiyi intervülərində bu cür adları, dövlət mükafatlarını bəyənmədiyini söyləyərdi. Hətta bir dəfə bu cür söyləmişdi: “Bir arzum var - xalq şairi olmayım, bir vəsiyyətim var - Fəxri Xiyabanda basdırılmayım”. Görünür biz bunu tərsinə başa düşməliymişik, o cümlədən, hazırda dövlətimizi idarə edənlərin psixoanalizi, insan qəlbinin sirrlərini dərindən bildiyini etiraf etməliyik. Ehtiramla papağımızı çıxardırıq. Dünyada öz xalqını bu qədər yaxından tanıyan heç bir hökumət yoxdur.

Əslində, Ramiz müəllimin xalq şairi adı alması bir qədər gecikibdir. Ən azından, adam gərək oturub-durduğu insanlarla eyni rütbə daşısın. Bizdə isə Anar müəllim xalq yazıçısı idi, Ramiz müəllimin isə titulu yox idi. Nəticədə Anar müəllim də sıxılırdı, Ramiz müəllim də. Elə bil hansısa komanda qurursan, orda Messi ilə Rəşad Sadıqov birgə oynayır. Bu isə ədəbiyyatımızın inkişafına mənfi təsir göstərirdi. Ümid edirik bu cür yüksək qiymət alandan sonra Ramiz müəllimin ədəbiyyat sahəsində yeni zirvələrə ucalmasına, gözəl əsərlər, xalq şairi adına layiq poemalar yaratmasına şahid olacağıq. Özü də şair böyük ehtimalla daha qəbir, ölü, qara paltarlı qadın, nakam gənc, atılmış sevgili, əlindən qan iyi gələn məşuq, başı kəsik aşiq və sairə kədərli temaların başını buraxıb müasir Azərbaycan insanının surətini öz əsərlərində yaradacaq, əmək qəhrəmanlarımızı, səngərdə ayıq-sayıq demokratik dövlətimizin keşiyində duran əsgər və zabitlərimizi, bazarda çiyələyin ucuzlaşmasını, qəbir yerləri üzrə vahid dövlət standartının hazırlanmasını və sairə müsbət halları tərənnüm edəcəkdir. Xalq şairi xalqını düşündürən ictimai-siyasi problemləri qələmə almalıdır. Misal üçün, rəhmətlik xalq şairi Zəlimxan Yaqubun hər bir cildində adının 1 hərfi yerləşməklə 13 cildlik, bilavasitə xalqın problemlərini əhatə edən əsərləri vardır.

Yeri gəlmişkən, Ramiz müəllimin Əblüfəz Elçibəyə, İsa Qəmbərə həsr edilən ictimai məzmunlu əsərləri qabaqlar olurdu, lakin şair müəyyən qədər bu temaları yadırğamışdı. Ümid edək, xalq şairi adının təsiri ilə şair yenidən ilham atına minəcək, poeziya göylərində cövlan edəcəkdir. Allah hamını arzusuna yetirsin. Bəlkə də “yetirməsin” yazmalıydıq, nə biləsən...

Ümumiyyətlə, xalq öz sənətkarına qiymət verməyi bacarırsa, başqaları da o sənətkarı yüksək qiymətləndirir. Bu, aksiomdur. “Öz vətənində xalq şairi olmayan, yad eldə peyğəmbər olmaz” - Fransanın xalq şairi Bodler Apollinerin belə müdrik kəlamı vardır. Mən bu günlərdə bunun canlı şahidi oldum. Gənc Tamaşaçılar Teatrımızda.

Orda “Leyli və Məcnun” əsəri tamaşaya qoyulmuşdu. Füzulinin poeması əsasında. Düzdür, afişada-zadda bunun hansı Leyli-Məcnun olması yazılmamışdı, lakin aktyorlar səhnəyə çıxıb “Ey nəşəti-hüsni-eşqə təsir qılan! Eşqifə binayi-kövni təmir qılan! Leyli səri-zülfini girehgir qılan! Məcnuni-həzin boynuna zəncir qılan!” - deyən kimi biz yazıq tamaşaçılar söhbətin nədən getdiyini dərhal anladıq. Sual edilə bilər ki, 21-ci əsrdə 15-ci əsrin dili ilə yazılmış poemanı olduğu kimi səhnəyə qoymağın mənası nədir? Doğrudan da, mən fikir verdim, teatra gələn camaatın az qala 99 faizi aktyorların nə dediyini heç qanmadılar. Bəlkə pantomim kimi oynasalar daha çox başa düşərdik. Ancaq bu, yanlış movqedir. Bu saat paytaxtımıza çoxlu ərəb turistlər gəlir. Onlar “Leyli və Məcnun”a baxsalar, ərəb sözlərini çox qəşəng anlayardılar. Məncə Mədəniyyət və Turizm Nazirliyi ərəb turistlərin bu tamaşaya baxmasını təmin etməlidir, üstəlik biletin qiyməti də əsl turistik qiymətdir - 8 manat. Sözgəlişi, tamaşanın dekorasiyasına, tərtibatına yüngül iradım var. Məsələn, Leylinin, əsərin digər zənən xeylağı qəhrəmanlarının dərin dekolteli paltarları məncə orta əsr müsəlman ərəb qəbiləsinin həyatına uyğun deyildi. Tamaşanın sonunda Leylinin qəbrini isə təkərli manqala oxşar düzəltmişdilər. Pərdə düşənə yaxın tamaşaçıları da tüstüdə boğmaq, belə başa düşdüm rejissorun yeni səhnə kəşfidir. Növbəti tamaşalarda salona zəhərli ilanlar da buraxmaq olar. Ya da yuxarıdan daş tökmək. Ramiz müəllimin şeirlərindəki kimi.

Nəhayət, gəlirəm qiymət məsələsinə. Mən orda afişalardan gördüm, sən demə, teatrın baş rejissoru Bəhram müəllim Azərbaycan və Kalmıkiyanın əməkdar incəsənət xadimidir. Hər yerə yazmışdılar. Gör ha. Kalmıkların bizim sənətkara qiymət verməsi fərəh doğurur. Bəs biz Bəhram müəllimə vaxtilə bu adı verməsək, indi plakatda təkcə “Kalmıkiyanın əməkdar incəsənət xadimi” yazılsa yaxşı olardımı? Əlbəttə, olmazdı.

İndi arzu edək, Ramiz müəllimi də kalmıklar oxusunlar. 

 

Новости автора