Свобода людям, независимость нациям!

Əqrəbi qopmuşlar

“Nəyə görə axırıncı əclaflar mütləq birinci sırada əyləşirlər?”

(Viktor Şenderoviç)

Göyçayda kasıb ana uşağını 3-cü sinifə göndərməkdə çətinlik çəkirmiş, icra hakiminin müavini isə deyib ki, nə məcburdur, imkanın yoxdur, oxumasın. Doğrudan da, imkanlıların oxuya bildiyi zəmanəyə gəlmişik, sovet hökumətinin anası ölsün. Heç olmazsa hamıya hərf tanımağı pulsuz öyrədirdi. Yıxdıq, ya da yıxıldı, yerində qurulana bax... Eyni gündə başqa birisinin uşağının Türkiyədə universitetə qəbul olması, təhsil haqqını ali məktəbin özünün ödəyəcəyi xəbəri vardı. Bisavad jurnalistlərimiz isə yalandan səs-küy qoparmışdı, guya uşaq 50 neçə min dollar təqaüd alacaqmış. Prinsipcə, jurnalistlərimizi də qınamıram, bizdə belə şey görməyiblər axı. Universitet yaxşı nəticə göstərən uşağı təhsil haqqından azad eləsin, ona şərait yaratsın - belə şeylər bizdə fantastika janrındadır. Yeri gəlmişkən, Bakı Slavyan Universiteti adlı obyektdə keçmiş tələbə, siyasi dustaq olmuş Qiyas İbrahimlini bərpa eləmək istəmirlər. Rektor deyib ki... Əşşi, nə fərqi var nə deyib? Əsas odur adamın adı Qiyasdır, bunun qafiyəsi isə “qisas” gəlir. Ondan heykələ yazdığı yazının qisasını alırlar...

“Pulun yoxdur, oxuma” deyən icra hakimində  hardasa məntiq vardır. Aparılan islahatlar modelimiz bunu tələb edir. Misal üçün, artıq poliklinika və xəstəxanaların bir çoxu Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb harasa verilibdir. Uzun bir adı olan publik hüquqi şəxsdir, loru dildə yazsaq, pullu xidmətə keçiddir. Guya dövlətə tabe olanda səhiyyə bizdə pulsuz idimi? Yox. İndi dövlətə tabe olmadan pullu olacaq. Büdcədən həkimlərə ayrılan müftə pulları başqa cür kəsmək alınmayıbdır. Mənim yadıma gəlir, iki il qabaq bir mənasız regional xəstəxana ləğv ediləndə onun 500 işçisi etirazını bildirmişdi. Sən demə, orda ştatda o qədər personal varmış. Bəlkə də heç Gülhanə Hospitalının o sayda işçisi yoxdur.

Səmərəsiz təhsil, uğursuz və xeyirsiz səhiyyə modelimizi dünyaya örnək göstərməliyik. Təkcə vəsiqələrin növbəsiz alınması idarəsiylə iş aşmır. Sözgəlişi, srağagün külək Bakıdakı bir divar saatının əqrəbini qoparmışdı və bir növ paytaxtımızın həmin bölgəsində zamansızlıq hökm sürürdü. Vaxt dayanmışdı. Həmin zaman-məkan əyrisindən, o qara dəlikdən girsək bəlkə başqa kainatdan çıxardıq, heyf, qismət olmadı, icra hakimiyyəti dərhal əqrəbi tapıb yerinə qoydu. Bir az geciksələr zamanın o əqrəbi hansısa metaləritmə sexində əridilərdi, lap biabır olardıq. Kainat qarşısında. Onsuz millət bu saat əritməyə nəsə gəzir. Cənub bölgəsində təzəlikcə bir qardaşımızı tutmuşdular, o, magistral yolun qırağındakı polad dirəkləri çıxarıb aparıb həyətinə yığıbmış. Satmaq istəyirmiş. İmkan vermədilər. Yolu satanlar onun qırağındakı dirəyə göz dikəni bağışlamadılar.

Ölkənin ədəbiyyat naziri isə heykəl davası edir. Deyir klassiklərimizə heykəl qoyulsun, sonra dədəmə qoyulsun, axırda yer qalsa mənə də qoyulsun. Mən şübhə eləmirəm, bu qanacaq ki, bizdə var, onun heykəlini qoyacağıq. Geci-tezi var. 20-ci əsrdə biz qanımızı tökən Şaumyana 3 rayon adı, minlərlə küçə-müçə vermişdiksə başqa nə edəcəyik? Bu ki, Şaumyan deyil, pis-yaxşı öz eloğlumuzdur. Ümumiyyətlə, bu heykəlləşmə temasını genişləndirməliyik. Məncə, Bakıda ASAN xidmətə heykəl qoymağın vaxtıdır. Axı bu xidmət bizi bütün dünyada hansısa yazıçıdan çox tanıdıb, niyə heykəli olmasın? O cümlədən, əsl biabırçılıqdır ki, 150 ildir çörəyimiz neftdən çıxır, ancaq Bakıda neftin heykəli qoyulmayıb. Qədirbilməz millətik. Neftə, ondan da sonra qaza, pambığa, Hövsan soğanına, Şamaxı şoruna, Beyləqan quzusuna, nə bilim, Bərdə danasına heykəl ucaltsaq pis olarmı? Olmaz. Turistlər maraqlanar bunlar kimdir, nədir, tariximizi öyrənərlər. Həmçinin, hesab edirəm ki, “Müalicəsi dövlət tərəfindən həyata keçirilən şair prostatı” heykəli də lazımlı, işıqlı, dəyərli projelərdən biri olardı. Ömər müəllim, maşallah, top kimidir, konveyeri də işləyir. Nə desən qayırır.

Новости автора