Свобода людям, независимость нациям!

Daşlıq köşə

“Enmədiyin yerə çıxma”

(“Oğuznamə”)

Türkiyənin informasiya agentliyi DHA xəbər yayıb ki, 73 nəfər qanunsuz miqrasiya yolu ilə Yunanıstana adlamaq istəyirmiş. Lakin bunların üzdüyü rezin qayıqlar ələ keçirilib, baxıblar pasportlara, görüblər yoldaşlar Əfqanıstan, İran və Azərbaycan vətəndaşlarıdır. Neçəsi bizim zəhmətkeşdir, doğrusu, bunu yazmayıblar. Ancaq bütün hallarda vətəndaşlarımızın Avropa Birliyinə doğru qaçmaq istəməsi düşündürücü haldır. Sanki Azərbaycanda yaşamaqdan beziblər. Guya bizdə insana qayğı, hörmət yoxdur. Biz indiyə qədər Türkiyədən, Aralıq dənizi üzərindən Avropaya gizli qaçanların adətən Suriya, Afrika, Pakistan, Banqladeş-filan kimi yerlərdən olmasını görmüşük. Bəs indi sən niyə Azərbaycandan xaricə qaçasan? Olduqca müəmmalı məsələdir. Hesab edirəm, əlaqədar orqanlar o miqrantları tapıb geri qaytarmalı, hərəsinə dövlət hesabına bir motorlu qayıq verməlidir.

Şair demişkən, “cənnət görmək istəyən, Azərbaycana gəl”ir, sən isə buradan qaçırsan. Elə götürək idman sahəsində uğurlarımızı. Misal üçün, hazırda Belarusda 2-ci Avropa oyunları keçirilir, bildiyiniz kimi, bunun birincisi Azərbaycanda olmuşdur, medalların da hamısını özümüz almışdıq, inşallah, ikincidə belaruslar medalı tut kimi müşəmbənin üstünə çırpıb yığmazlar. Özü də turnir necə uğurlu keçirilmişdisə hələ də Bakıda çox yerdə “Avropa oyunları” lövhələrinə rast gəlirsən, sanki oyunlar davam edir. Halbuki 4 il keçmişdir. (Bəlkə bizdə zaman dayanıbdır. Odur, Anar müəllim AYB sədri olmağının 30 illiyindən məqalə yazıb, sanarsan 30 gündən bəhs edir. Arada hətta Əkrəm Əylisliyə bir maşın kubik almasından danışıbdır. Ancaq bizim tema deyil. Lap istəyir 60 il sədr olsun, bizə nə? Qalib gəlib, qalib gedir, özü də uğurlu yazıçıdır, əsərləri benqal dilindən macar dilinə qədər 30 dilə çevrilibdir. Hərçənd deyəsən, Qəşəm Nəcəfzadə bu göstəricidə öz sədrini qanunsuz ötmə əməliyyatı etmişdir. Nəsə, çox uzatdıq, oxucuların qanını qaraltdıq).

Harada qalmışdıq? Hə, Belarusa göndərilən idmançılarımızda. Mən orada Larisa Florian, Zelim Kotsoyev, Muntsxedev İçinxorloo, Uşangi Kokauri, İrina Kindzerska kimi adlar gördüm. Hələ tək cüdo komandamızda, o biri komandalara baxmağa həvəs olmadı. Deməli, bunlar hamısı regionlarda tikilən idman-sağlamlıq komplekslərimizin, olimpiya mərkəzlərinin yetirmələridir. Ancaq bəzi xarici qara qüvvələrin təsirinə düşənlər iddia edir ki, Uşangi Kokauri Kürdəmir Olimpiya Mərkəzində məşq etməyibdir, bunları xaricdən pulla alıb, ASAN xidmətdə pasport verib yalandan vətəndaşımız eləmişik, millətin öz balaları guya  idman eləməyə çörək tapmır.

Yalançının lap var-yoxuna lənət, Pənah bəy demişkən. Birincisi, elə ASAN-xidmətdə pasport almağın uğurlarını görmək lazımdır, yoxsa AXC-Müsavatın vaxtında “İnyaz”la “APİ-Axundov”un başına fırlanan növbə yadımızdan çıxmayıbdır. O vaxtlar OVİR-də tanışı olan adam Britaniya kraliçası kimi bir şey idi, kimə istəsə “ser” rütbəsi bağışlayırdı. Pis vaxtlar idi, getsin gəlməsin, neçə insan pasport növbəsində itkin düşmüşdü.  

İkincisi, adından göründüyü kimi, Muntsxedev İşinxorloo monqoldur, monqollar isə qədim türklərdir, bizim ulu babalarımızın bir hissəsidir. İndi biz ona pasport verməyib, erməniyəmi verək? Üçüncüsü də var idi, düzü, qəzəbdən yadımdan çıxdı, oxuculardan üzr istəyirəm. Gələn yazıya qədər yadıma düşsə əlavə edərəm. Bizimlə qalın.

Sonda Anar müəllimə iradımı bildirmək istəyirəm ki, nahaq o vaxt Əkrəm Əylisliyə kənddəki evinin tikintisi üçün bir maşın kubik ayrılmasına maddi və mənəvi dəstək göstərmişdir. Adam həmin daşlardan tikilən evdə “Daş yuxular” kimi cızmaqara yazıb millətimizi dünyada biabır eləmişdir. Ümid edək əlaqədar orqanlar həmin daşları söküb AYB-yə qaytarar, təzə xalq şairlərimizə Siyəzəndə meşənin işində daşdan yaradıcılıq evi tikərik. Şair demişkən: “Sən dözərsən ağrısına, Daş dözməz, daş haray eylər. O daşlardan Tanrı sənə, Bir ev tikər, saray eylər...”

Новости автора