Свобода людям, независимость нациям!

Bu gün Paşinyanı böyük məyusluq gözləyir...

Bu beş ildə Avrasiya İqtisadi Birliyinin üzv ölkələri nə qazandılar? Hələlik bu sualı bir kənara qoyaq, hərçənd ki, burada da düşünməli və daşınmalı məqamlar çoxdur.

Çox da uzaq olmayan keçmişdə təşkilat özünün beş illiyini qeyd etmişdi və məlumdur ki, hazırda ona sədrliyi Ermənistan edir, hansının ki, lideri hələ müxalifətdə olduğu vaxtlarda, sonra isə baş nazirliyinin ilk çağlarında Rusiyanın Avropa Birliyinə qarşı olan bu “alternativ” geoiqtisadi layihəsilə bağlı ən kəskin tənqidi fikirlərini səsləndirmişdi.       

Beş illik fəaliyyət və cəmi də beşcə üzv - hamısı da avtoritar keçmiş sovet respublikaları! Guya böyük bir coğrafi məkanda dörd fundamental iqtisadi azadlığın - kapitalın, malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst yerdəyişməsini təmin etməli ola təşkilat!..

Kiçicik yazını yazmağa başlayanda bir daha Avrasiya Birliyi ilə bağlı internet resurslarını nəzərdən keçirməyə çalışdıq. Bəri başdan deyək ki, diqqətəlayiq bir şey yoxdur, yalnız vədlər və bir də bəyanatlar! Guya ki, hansısa başqa dövlətlər də təşkilata maraq göstərir, hətta bir müşahidəçi dövlət (Moldova!) də var...

Bəli, beləcə bir kasad, hətta deyərdik ki, yazıqca bir baqajla təşkilat bu gün İrəvanda özünün növbəti tədbirini keçirəcək: bu gün Rusiya, sabah isə İran prezidenti Ermənistana səfər edəcəklər.

Prosesin “duzu” da elə bundadır: Paşinyan üçün Avrasiya Birliyinin tədbiri Rusiya prezidenti ilə münasibətlərini sahmana salmaq üçün bir fürsətdir, hansı ki, “məxməri inqilab”dan sonra bu ölkəyə səfər etməyib, halbuki bunun üçün çox imkanlar olubdur, amma V.Putin hər dəfə bir bəhanə ilə yaxın keçmişdə Rusiyanın “cənub forpostu” adını daşıyan bir ölkəyə - dılğır Ermənistana səfər etməkdən boyun qaçırıbdı.

Amma bu günkü tədbir də N.Paşinyana sevincdən və ümiddən çox məyusluq vəd edir. Rusiya prezidentinin administrasiyasından verilən xəbərlərə görə, prezidentin səfəri çox qısa olacaq və o, hətta şam yeməyinə belə qatılmayacaq, üstəlik, bu, azmış kimi Paşinyanla da iki tərəfli görüş keçirməyəcək, sonuncu isə faktiki olaraq Paşinyan üçün bir təhqir kimi yozulmalıdır, xüsusən də nəzərə alanda ki, erməni baş naziri ABŞ-dan da məyus qayıtdı, belə ki, onun gözləntilərinə rəğmən, ABŞ -da, daha doğrusu, Los-Ancelesdə də triumfal mitinq alınmadı, üstəlik, burada onu yalnız Kaliforniyanın qubernatorunun müavini qəbul etdi.    

Bəli, Ermənistan siyasi reallıqlarının “böyük tədbir” - Avrasiya Birliyinin böyük toplantısı ərəfəsindəki mənzərəsi belədir. Düşünürük ki, hər şey rusların dediyi kimi keçsə, bu, o demək olacaq ki, İrəvanla Moskvanın münasibətləri hələ uzun müddət gərgin olaraq qalacaq və bunu anlamaq üçün elə bir analitik fəhm tələb olunmur.

Aydındır ki, prezident V.Putin ən azı onun üçün çox vacib olan bir məsələdə, eks - prezident R.Koçaryanın işi ilə bağlı məsələdə güzəştə getmək niyyətində deyil. Yada salaq ki, Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı işə baxandan sonra birinci instansiya məhkəməsi yenə də eks-prezidenti həbsdə saxlamağa qərar verdi və bunu əlbət ki, Kremlə qarşı demarş kimi qəbul etmək lazımdır, çünki V.Putinin İrəvana səfər ərəfəsində birinci tələbi məhz eks-prezidentin azad edilməsidi.

Amma burada bizim diqqətimizi başqa detallar cəlb edir. Axı R.Koçaryan hansı xidmətlərinə görə Rusiya siyasi isteblişmenti yanında belə məqama çatıbdır?

Axı rəsmi Moskva, həm Minsk Qrupunun həmsədri, həm də ümumiyyətlə, Dağlıq Qarabağ problemini guya ki, həll etmək istəyən bir ölkə kimi əslində Ermənistan siyasətindən “müharibə köpəkləri”nin getməsinə sevinməli idi, çünki bu adamlar beynəlxalq birliyin və Minsk Qrupunun bütün səylərini heç edir, problemi həll etməyə imkan vermirdilər. Amma yox, belə alınır ki, Koçaryan Rusiya prezidentinin böyük dostudur, Putin hətta onu ad günü və yubleyi münasibətilə təbrik etməyi unutmur! Bu nə məsələdir, cənablar?

Məsələ bundadır ki, eks-prezidentlər R.Koçaryan və S.Sarqsyan təkcə “müharibə köpəkləri” deyillər, həm də bu illər ərzində Kremlin itaətkar qulları olublar.

Hətta indi də, artıq Paşinyanın hakimiyyətdə olduğu bir vaxtda Moskvanı onun ziddiyyətli və təxribatçı bəyanatları qeyzləndirmir, onları özündən çıxaran budur ki, erməni baş naziri Kremlin otuz illik ssenarisinə diqqətsiz yanaşır, onun tabularını nəzərə almır, üstəlik, arabir Qərblə münasibətlər qurmaq fikrinə də düşür, halbuki indi istefada olan prezident S.Sarqsyandan nümunə götürə bilərdi - sonuncu Kremlin bircə işarəsilə özünün Avropa Birliyilə bağlı planlarına “stop!” dedi, Moskvaya yollanıb ölkəsini Avrasiya Birliyinə üzv etdi! Bəli, bütün problem bundadır. Amma biz isə hələ də ümid edirik ki, Moskvada nə vaxtsa ədalət hissləri baş qaldıracaqdır və o, Qarabağı bizə qaytaracaq...

Новости автора