Свобода людям, независимость нациям!

Böyük itki

“Afrika, Qara ölkə,

Nə dalda var, Nə kölgə.

Yekə Bekemot, Ağzında da ot,

Oturub ağlayır, ağlayır, sızlayır.

Göz yaşları sel kimi Tökülür üzə.

Palmanın altından, Baxır dənizə:

“Gəlirmi gəmi, Gətirirmi həkimi?”

(Korney Çukovski, “İynə həkim”,

tərcümə Vidadi Məmmədov)

Afrikanın qərbində, dost və qardaş Seneqalın qucağında, Qambiya çayının sahili boyunca uzunatma, geydirmə, ancaq müstəqil dövlətcik vardır, adına da elə Qambiya deyirlər. Bunlar qabaqlar ingilislərin müstəmləkəsi olmuşdur. Qambiya dünyadakı 5 dənə rəsmən müsəlman dövlətindən biridir və uyğun olaraq insan inkişafı indekslərində axırıncı yerləri tutur. Dünyada ən yoxsul ölkələrdən biridir. Camaat nəinki yeməyə çörək, heç içməyə su da tapmır. Təsəvvür elə, hər doğulan 1000 uşaqdan 250-si ölür. Bunlar müstəqilliyi əldə eləyəndən sonra 35 ilə yaxın müddətdə başqa adamı prezident qoya bilmirdilər, Dauda Qayraba Cavara adlı bir müəllim (biz qısaca Davud yazaq, yerimiz azdır) bunları idarə eləyirdi. Haradasa 1962-ci ildə hakimiyyətə gəlmişdi, dəfələrlə hərbi çevrilişə uğramışdı, lakin yerində bərk durmuşdu. Əvəzedilməz insan idi. Lakin 1994-cü ildə Yəhya Camma adında başqa bir yoldaş bunu nəhayət hərbi yolla aşırdıb ölkədən qovmuşdu. Sonralar Davud müəllim “qələt eləmişəm, timsah quyruğu yemişəm, bir də siyasətlə məşğul olmaram” andı içmişdi, o səbəbdən Yəhya müəllim onu təzədən Qambiya torpağına qayıtmağa qoymuşdu. Deyir Daud müəllim uzun illərin həsrətindən sonra aeroportda düşüb begemotun belinə minəndə camaat “Qambiya torpağının hamımız övladıyıq, Banjul bizim anamız, Ona canla bağlıyıq” oxuyub ağlaşırmış. Sevindiklərindən. Ümumiyyətlə, maraqlansanız ölkələrimiz arasında doğmalıq, qardaşlıq yaradan səbəblərin tək müsəlmançılıqla bağlı olmadığını görərsiniz. Məsələn, Dauda müəllimin doğulduğu obanın adı Bərəcəlli idi. Eynilə bizim Biləcəri kimi. Yaxud, elə bizim yazıya səbəb olan hadisənin baş verdiyi şəhərin adı Bakau-dur. Oxunuşu Bakı kimi bir zaddır.

Nağıl dili yüyrək olar, nəhayət, keçək yazımızın səbəbinə. 27 avqustda, srağagün Davud müəllim uzun sürən ağır xəstəlikdən sonra, 90 neçəsə yaşında gözlərini fani dünyaya yumaraq cənnətə qanadlanmışdır. Bu münasibətlə Qambiya prezidenti Adama Barrou müəllim başsağlığı yaymışdır. Bıyy... Oxucular təəccüb etsələr haqlı olarlar ki, bəs axı 1994-cü ildə Davud müəllimi Yəhya müəllim aşırtmışdı, o necə oldu. Hə, burada 2017-ci ilə qayıtsaq səhv etmərik. Həmin il prezident seçkilərində nə təhərsə oldu Adama müəllim qalib gəldi. Uzun söhbətdir, ancaq Afrikada seçkilərdə heç vaxt saxtakarlıq olmur, bunu yazmaq borcumuzdur. Eynilə bizdəki kimi, həmişə düzgün seçkilər keçirilir. Əlqərəz, iki il qabaq Adama müəllim seçkini udsa da Yəhya müəllim uzun müddət vəzifədən əl çəkmək istəmədi. Axirda Seneqal, Qvineya, Nigeriya və sairə Afrika dövlətləri Qambiyanın içinə ordu yeritdilər, Yəhya müəllimi iti qovan kimi qovdular. Afrikada, ümumiyyətlə, demokratiya kontinental xarakter daşıyır, hamı bir-birinin daxili işlərinə mütləq burun soxmağa məcburdur, hətta bunun şərəfinə Burundi adında dövlət qayırıblar. Misal üçün, Zimbabvedə prezident seçəndə Ruanda ora qoşun yeridir. Sudanda narazılıq olanda Çaddan ləşkər tökülüşür, Tanzaniya Keniyanın, Liberiya Burkina-Fasonun, canım sənə desin, Mərakeş Tunisin idarəçiliyini yönləndirir. O üzdən Afrika dünyanın inkişaf üzrə birinci sırasında gedir, ancaq bizim tema ayrıdır.

Uzun sözün qısası, srağagün Davud müəllim rəhmətə gedəndə Adama müəllimin dəftərxanası elə bir qəmli başsağlığı yaymışdı ki, oxucuların son qəpiyinə and olsun, mənim gözümdən bıldır-bıldır yaş axdı. Sitat: “Keçmiş prezident Dauda Cavaranın ölümü tək Qambiya üçün deyil, bütün dünya üçün böyük itkidir”.

Mən də bu yazını ona görə yazdım ki, Azərbaycan xalqı dünyanın bir tərkib hissəsi olaraq necə böyük itki ilə üzləşdiyini anlasın.

 

Новости автора