Свобода людям, независимость нациям!

Bolşevik şüarı ilə hüquqi dövlət qurmaq paradoksu

“Yalana, yaltaqlığa, şər-böhtan tirajlamağa görə (cüzi istisnalarla) hakimiyyətin bizim pullar hesabına jurnalistlərə verilmiş evlərin nə vaxtsa onlardan alınıb haqq edənlərə - şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarana veriləcəyinə şübhə etmirəm”.

Bunu bir hüquqşünas yazıb. Xətir-hörmətli olduğumuz adamdır, qohumlarımla dostluğunun az qala 50 illik tarixi var. Ona görə də onun adını çəkmək, hədəfə çıxarmaq fikrim yoxdur, mən mövzuyla, problemlə, onun fikirləri ilə bağlı rəy bildirəcəyəm.

Əslində hörmətli hüquqşünasın yazdığı cümlənin redaktəyə ehtiyacı var. Cümlədəki ifadə “hakimiyyətin bizim pullar hesabına jurnalistlərə verilmiş evlər” yox, “hakimiyyətin bizim pullar hesabına tikdirib jurnalistlərə verdiyi” şəkilində olmalıdır.

Amma bu heç. Baxaq, görək, “bizim pullar” deyiləndə nə nəzərdə tutulur və jurnalistlər də o “bizim”in içinə girmirmi?

Əgər bir hakim, vəkil, fəhlə, müəllim, həkim, fermer dövlətin büdcəsindəki pula “bizim” deyə bilirsə, bu haqq jurnalistlərdə və başqa peşə sahiblərində də var.

Bir cümləlik statusda “yalana, yaltaqlığa, şər-böhtan tirajlamağa görə” deyə bir fikir var, bu da yanlış təsbitdir. Jurnalistlər üçün tikilmiş ikinci binadan ev alanların 225-dən artığı nə yaltaqlıq edib və edir, nə də yalan, şər-böhtan kampaniyası aparır. Onların 90 faizi media quruluşlarında sıravi, sadə işçilərdir, belə şeylərdən uzaqdırlar, başlarını aşağı salıb, bir tikə çörəklərini qazanırlar.

Yox, kimsə bu fikirlə razılaşmırsa, ev alanların siyahısını Google-dən axtarış verib tapsınlar, sonra da oradan 20 imza seçib bir yerə toplasınlar, yaltaqlıq etdikləri, şər-böhtan atdıqları mətnlə birlikdə yaysınlar. Skrin-şot dünyasıdır.

Ümumiyyətlə, 2-ci binadan ev alanların içində hamının tanıdığı parlaq imza sahiblərinin çoxu həm öz sifətlərini, həm də imzalarını qoruyurlar. Görünür, status müəllifi “cüzi istisnalar” qrupunu onlar üçün saxlayıb.

Məsələnin mahiyyəti heç bu da deyil.

O evlərin jurnalistlərdən alınması prosesi necə baş verəcək? Günün birində “xunveybin”çilər gələcəklər, yaşlı adamları, yeniyetmələri, uşaqları, qadınları 17 mərtəbəli binanın qatlarından həyətə çıxaracaqlar ki, rədd olun, gedin, özünüzə yer tapın, biz bu mənzilləri başqalarına veririk?

Hüquqi dövlətdə belə bir şey ola bilərmi? Bu yalnız xunta rejimlərində ola bilər.

Bunu ötən əsrin 20-ci, 30-cu illərində hakimiyyətə gələn bolşeviklər ediblər və onlar da yalnız varlıların, mülkədarların varidatını, əmlakını yağmalayıblar, kasıb naşir və mühərrirlərlə, mirzələrlə işləri olmayıb.

Sözügedən binada yaşayan onlarca ailə tanıyıram ki, ömürləri boyunca (30 ildən çox) kirayədə yaşayıblar, həmişə də maddi sıxıntı içində dolanıblar və faktiki olaraq, nə vaxtsa öz mənzillərinin olacağına ümid etməyib, ağıllarından keçirməyiblər. Ancaq iş elə gətirib ki, dövlətin imkanı daxilində, dövlət başçısının duyarlılığı sayəsində indi onların öz mənzilləri var.

Amma hakimiyyət dəyişsə, kimlərsə gələcək və o illərlə sıxıntı içində yaşamış adamları öz yuvalarından qovub küçəyə atacaqlar, eləmi?

Jurnalist olaraq mənzil alanların içində 50-dən artıq qaçqın və məcburi köçkün ailələri də var. Bu adamların bir xeylisini 26-28 il öncə bir dəfə ermənilər öz evlərindən qovublar, indi də tanınmış hüquqşünasımızın sözü ilə desək, “milli hakimiyyət” qovacaq. Ta bunun harası “milli” oldu?

Bu mənzilləri haqq edənlər məsələsinə gələk. Status müəllifi onların sırasında şəhid ailələrini, müharibə əlillərini və veteranlarını göstərir.

Axı cəmiyyətin bu kateqoriyadan olan qrupları da dövlət himayəsindədir, onlara mənzil də, torpaq sahəsi də, avtomobil də, aylıq müavinət də verilir. Onların haqqını vermək üçün başqalarına haqsızlıq etməyə ehtiyac yoxdur.

Həm də bu halda necə olacaq, heç olmasa şəhid ailəsi, müharibə veteranları olan jurnalistlərə güzəşt edəcəklərmi? Yoxsa, müharibə veteranı olan jurnalistləri evdən qovub, onların mənzillərinə jurnalist olmayan veteranları yerləşdirəcəklər?

Göründüyü kimi,  28 ildir hüququn aliliyindən danışan hüquqşünasın 28 sözdən ibarət fikrini hansı üzünə çevirsən, haqsız-ədalətsiz olduğu ortaya çıxır.

Ən pisi odur ki, özlərini fədakar müxalifətçi hesab edənlər bu fikri bəyənirlər. Bəs bu düşüncə ilə, açıq-aşkar “bolşeviklik edəcəyik” anonsu ilə hakimiyyətə necə gəlmək olar? Bu niyyətdə olanlara hakimiyyəti kim verər?

 

Новости автора