Свобода людям, независимость нациям!

Bol sulu köşə

“İrqçilər! Qara fikirlərə düşməyə də qoymurlar!”

(Stanislav Yeji Lets)

Deyir bu ilin yanvar-iyul ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən xiyar-pomidorun qiymətində bahalaşma, dəftərxana mallarının qiymətində isə ucuzlaşma qeydə alınmışdır. Bu da bir daha Azərbaycan xalqının elmə, təhsilə, maarifə, oxumağa necə meyl göstərdiyini isbat edir. (Ermənistan  boşalır, bunu da növbəti dəfə yazaq). Məsələn, görürsən hansısa imkansız uşaq ali məktəbə girir, onun illik təhsil haqqını manıslar ödəyirlər. Yəni, qabaqlar Hacı Zeynalabdin Tağıyev, ondan da sonra dövlət özü oxumağa uşaq göndərirdisə, indi bu işlə müğənnilərimiz məşğul olmağa başlamışdır. O cümlədən, hansısa ictimai-siyasi, mübahisəli problem-zad qalxanda münasibəti ilk növbədə ağsaqqal manıs və aktrisalarımızdan öyrənirik, onlar da deyir ki, pis arvadın başını kəsmək lazımdır. Kəs deyirsə, niyə kəsilməsin? Millət öyüdə qulaq asmalıdır. Polis isə açıq-aşkar qətlə çağırışa görə cinayət işi qaldırmamalıdır. Yoxsa biz sabah kimdən məsləhət alarıq? Üstəlik burada konkret deyil, mücərrəd arvaddan söhbət gedir. 

Sözgəlişi, bu aralar milli polis orqanlarımız həddən artıq maraqlı, məzmunlu, çoxvektorlu işlər görərək uca millətimizi sevindirir. Görürsən dilənçilərə pul verməməyə çağırırlar. Deyir onlar sizin qəlbinizdəki saf hisslərdən, mərhəmət duyğularından sui-istifadə edərək müftəxorluq yolu ilə zəhmətsiz gəlir əldə edir, süni şəkildə varlanırlar, dövlət büdcəsinə isə heç bir vergi ödəmirlər. Haqlı iraddır. Biz dilənçilərə verdiyimiz pulları yığsaq bəlkə Qarabağı geri alardıq. 

Bundan başqa, avqustun sonları çox isti keçir, qorabişirən ayı xalqımızı da bişirməyə başlamışdır, bəzi rayonlarda isə polis sürücülərə sərin su paylamışdır. Nə qədər qayğıkeş addımdır! Hələ bir nəfər yol polisi kiminsə avtomobilini remont eləmişdi. Vallah, belə baxıram xahiş eləsəm yol polisinin mətbuat xidmətindən Vaqif müəllim mənim əvəzimə köşə yazar, qəzetə göndərər, heç oxucuların ruhu inciməz – o dərəcədə bir-birimizə qəlbən yaxın olmağa başlamışıq. (Bizim uçaskovının qapısının üstündə belə elan asılıb: “Biz sizə şah damarınızdan yaxınıq”). 

Dəftər-kitab xərclərinin ucuzlaşmasına baxmayaraq rayon xəstəxanalarımızın dəftərxana xərcləri həmişəki kimi şişə-şişə gedir. Bu xərcləri əməliyyat edib kəsib götürmək heç cür mümkün deyildir. Mənim yadıma gəlir, 2011-ci ildə Göyçay rayon xəstəxanasının dəftərxana xərcləri 270 min manat olmuşdu, hamı bundan danışırdı. İndi isə Ucar rayon xəstəxanasının illik dəftərxana xərclərinin 10 milyon manat olduğunu yazırlar, heç kimin tükü tərpənmir. Bəlkə də araşdırsan Ucarın həmin xəstəxanasının il ərzində heç 10 nəfəri həyata qaytarmadığı üzə çıxar. Lakin dəftəq-qələmə o qədər xərc gedir. Niyə? Çünki orda müalicə alan xəstələrdən tibb bacılarına, həkimlərdən qarovulçulara qədər hər kəs bədii yaradıcılıqla məşğuldur, yazı-pozu adamıdır. Elə ucarlı keçmiş nazir Ziya müəllim də şeir yazırdı. Belə olan vəziyyətdə niyə dəftərxana xərcləri çoxalmasın? 

Nəsə, onun-bunun pulunu sayıb qanqaraçılıq etməyək, əsas odur ucuzlaşma var. Əsas odur millətin dəftər-kitabı çox olsun, elm, oxumaq, öyrənmək həvəsi azalmasın. Konfutsi demişkən: “Bir millətin xiyar-pomidoru bahalaşsa da olar, təki dəftər-kitabı ucuz olsun”. O cümlədən, Maksim Qorki “Mən həyatda öyrəndiklərimə görə kartofa, badımcana borcluyam” deməyib ki? Deyib kitablara borcluyam.

Yazını patrul xidmətinin maşını ilə nəşriyyata göndərmək üzrə idim ki, daha maraqlı xəbər aldım: deyir Alatavanı su basmışdır. Görürsən? Qabaqlar biz yay-qış su tapmazdıq, bütün millət “Yezidə lənət” deyib cadar-cadar küçə və prospektlərdə ilan balası kimi mələşərdi. Hətta xalq şairi Ramiz müəllim bu temada “İlan balası” adında şeir yazıb AYB üzvlüyünə namizəd olmuşdu. İndi isə su nə təhər boldursa aşıb-daşır, şəhəri basır. Əhali isə suyun bolluğundan şikayətlənir. Deyir su idarəsini məhkəməyə verəcəyik. 

Verin. Pislik özünüzə qalacaq. Yaxşı adam olsanız siz də o suyu qablara doldurub trasa çıxar, sürücülərə hədiyyə edərdiniz.  

Новости автора