Свобода людям, независимость нациям!

“Basaq, gedək” ritorikası və acı gerçəklik

Dünən bir oxucu zəng vurmuşdu. Xeyli danışdıq. Dediyinə görə, uzun müddətdir ki, yazılarımı izləyir və bəyənir, amma bəzi mövzularda daha konkret və birmənalı yazılar yazmağımı istəyir.

Məsələn, hansı mövzularda?

“Məsələn, Qarabağ münaqişəsi, Ermənistanla müharibə mövzusunda”, - oxucu deyir.

Öz növbəmdə bildirirəm ki, bu mövzuda çox yazmışıq, vaxtaşırı yazırıq, yəqin ki, hələ bir müddət də yazmalı olacağıq – bu xüsusda çox şey aydındır.

Oxucu razılaşmır, deyir ki, yox, siz təcrübəli jurnalist kimi öz konkret və birmənalı mövqeyinizi, təkliflərinizi yazıb, dövlət rəhbərliyinə çatdırmalısınız.

Daha sonra o, sual verir: “Qarabağ münaqişəsinin sülh yolula həllinə inanırsınızmı? Ümumiyyətlə, münaqişənin həlini necə görürsünüz?”

Birinci suala lakonik şəkildə “yox” deyirəm, ikinci sualın da cavabını belə verirəm: “Ölkəmiz qüdrətli, ordumuz güclü, cəmiyyətimiz hazır, geosiyasi məkan əlverişli olmalıdır və torpağımızı geri almalıyıq”.

Bu cavab oxucunu qane edir, amma daha bir sual da verir: “Ölkəmiz də Ermənistandan güclüdür, ordumuz da, cəmiyyətimiz də hazırdır, bəs niyə basıb gedib torpaqlarımızı işğaldan qurtarmırıq?”

Bu suala da bildiyim, başa düşdüyüm qədər cavab verdim, ancaq oxucu qane olmadı, məyus olduğunu dilə gətirdi, hətta məndən incidiyini də sezdim. O hesab edir ki, istək yoxdur, istək olsa, Qarabağı almaq olar.

Bu xüsusda bizim ölkədə etimadsızlıq mühiti var: müxalifət elə bilir ki, iqtidar Qarabağı geri almaq istəmir, de-yure verib başından etmək istəyir və gecə-gündüz bunu düşünür; iqtidar düşərgəsində də belə bir qənaət hakimdir ki, müxalifət Qarabağı, hətta dövləti satmağa hazırdır.

Təbii ki, heç biri deyil. Heç bir düşərgədə, ən azı onun qərarverən hissəsində Qarabağla bağlı xəyanət planı yoxdur. Tam əksəriyyət istəyir ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunsun, Qarabağ həmişəlik Azərbaycanın olsun.

Fəqət bu niyyəti necə reallaşdırmaq məsələsində fikirlər haçalanır və şaxələnir.

“Nə qədər dözəcəyik, basaq, gedək, torpağımızı alaq” deyənlər, bu düşüncədə olanlar yüzdəyüz haqlıdır. Bunu həyata keçirmək üçün 4 şərt lazımdırsa, 3-ü bizim lehimizdir. Ancaq çatışmayan o 1 şərt həlledicidir. Bu isə Rusiyanın, Avropanın və ABŞ-ın bu olanın gerçəkləşdirilməsinə qarşı olmalarıdır.

Bəzən deyirlər, biz onların verəcəyi bəyanata, notaya, ultimatuma məhəl qoymayaq, “basaq, gedək”.

Bu isə avantüra olar. Bu qüdrətli dövlətlər təkcə bəyanat, nota, ultimatum yağdırmırlar, iradələrinə qarşı çıxanların başına bomba da yağdırırlar. Açığı-qırmızısı budur.

Məsələn, vaxtilə Serbiya diktatoru Slabodan Miloşeviç elə bilirdi ki, qonşu ölkələrin əhalisini sərbəst şəkildə qıra, ərazilərini ilhaq edə bilər. ABŞ və Avropa dövlətləri Belqrradı bombalayaraq onu ram etdilər, yerində oturtdular, sonra da devirdilər.

Səddam Hüseyn “basıb, gedib” Küveyti tutmuşdu, Qərb bir neçə ultimatumdan sonra bölgəyə ordu göndərdi və Səddamı Bağdada qədər qovdular. Üstündən 10 il keçəndən sonra isə diktatoru devirdilər, özünü asdılar, ölkəsini parçaladılar, yaman günə qoydular.

Yəni bir dövlətin başqa dövlətdən güclü olması hələ onun öz düşməni üzərində qələbə qazanacağına təminat vermir. 1815-ci ildə Napoleonun rəhbərlik etdiyi Fransa imperiyası ayrı-ayrılıqda bütün Avropa dövlətlərindən güclüydü. Ancaq o biri dövlətlər (İngiltərə, Rusiya, Prussiya, İspaniya) birləşdilər və aqressoru məğlub etdilər.

1945-ci ildə eyni aqibət Almaniya, Yaponiya və İtaliyanın da başına gəldi. Özləri güclü olsalar da, bu dövlətlər onlara qarşı yaradılmış ittifaqın önündə diz çökdülər.

Etiraf etmək lazımdır ki, hazırda Ermənistanın müttəfiqləri, daha dəqiqi, onu dəstəkləyənlər güclüdürlər. Müharibəyə başlamaq şahmat taxtası arxasında oturub oyuna başlamaq kimi bir şey deyil. Müharibədə iki gedişə düşməni mat qoymaq da çətindir. Düzdür, heç kəs qarışmasa, Azərbaycan-Ermənistan müharibəsi çox qısa çəkər. Ancaq qüdrətli xarici qüvvələr hələ fəal hərbi əməliyyatlar başlanmazdan öncə münaqişəyə qarışırlar və gözlərini, qulaqlarını regiondan çəkmirlər.

Bəs bu durum nə qədər davam edəcək? Burasını dəqiq demək çətindir. Əlveriişli fürsəti, həlledici məqamı gözləmək, qüdrətlənmək, hazırlaşmaq, qələbəyə aparan bütün şərtlərini yerinə gəlməsinə çalışmaq lazımdır. Onların biri olmadan hərbi əməliyyatlara başlamaq avantüra olar, məğlubiyyətlə nəticələnər. Futbol terminləri ilə desək, bu, ikinci qolu buraxmağa bərabər olar və geri dönüş etmək mümkünsüzləşər.

Hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq bu amilləri nəzərə almalıdır. Yoxsa bu cür işlər impulsiv, emosional qərarları sevməz. “Ya Qarabağ, ya ölüm” kimi şüarlar vətənpərvər şair pafosundan başqa bir şey deyil. Şüar “Ya Qarabağ, ya Qarabağ” olmalıdır. Birinci şüarın “ya ölüm” deyilən hissəsi millətin yox olması deməkdir. Niyə yox olaq ki?

Ona görə də ürəyi doğma yurd həsrəti üzündən şan-şan olan, qanı, qeyrəti erməni rəsmilərin Qarabağdakı hərəkət və açıqlamalarını götürməyən vətənpərvər insanlar acı gerçəkliyi bilməlidirlər. Bugünkü vəziyyət bizi ruhdan salmamalıdır, əksinə, daha güclü olmaq üçün çıxış yolları axtarmağa sövq etməlidir.

Новости автора