İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdüşt Əlizadənin sensasion iddialarına reaksiyalar

2916 03.04.2024 08:50 Gündəm A A

Politoloq Zərdüşt Əlizadənin “Qaynarinfo”ya müsahibəsində  səsləndirdiyi fikirlər cəmiyyət və ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi şəxslər onun fikirləri ilə razı olduqlarını bildirsələr də, digərləri Zərdüşt Əlizadəni qərəzli hesab edirlər.

Zərdüşt Əlizadənin “Azərbaycan mədəniyyətinin kökündə farsdilli ədəbiyyat dayanır” və “Azərbaycan Rusiyanın işğalına qədər çox geridə qalmış Şərq ölkəsi idi” kimi söylədiyi fikirlər etirazlara səbəb olub. Z.Əlizadə deyib ki, Azərbaycan Rusiyanın işğalına qədər çox geridə qalmış Şərq ölkəsi idi: “Nə bir sənayemiz, nə bir elmimiz var idi, heç mükəmməl dövlət sistemimiz də yox idi. Rusiya gəlib Şimali Azərbaycanı işğal edəndə burada bir-biri ilə düşmən olan 6-7 xanlıq mövcud idi. Onların da nə maliyyə imkanları, nə hərbi, nə sənaye qüvvəsi var idi. Sadəcə, bir xan var idi, onun da pulu 5-10 nəfərdən ibarət kiçik hərbi dəstə saxlamağa çatardı. Yəni mərkəzləşmiş bir dövlət yox idi. Rusiya imperiyası gəlib bizi döyə-döyə Şərqdən çıxarıb, Qərb dünyasına gətirdi. İndi də demokratiyanı ancaq elə öyrənə bilərik. Necə ki, Yaponiyanı döyə-döyə inkişaf etdirdilər, Almaniyanı döyə-döyə nasizm ideologiyasından xilas elədilər. Bizi də döyə-döyə gerilikdən, cəhalətdən xilas etmək mümkündür...”

Z.Əlizadə deyib ki, Əbülfəz Əliyev, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı, İsa Qəmbər, Pənah Hüseyn hamısı qaragüruh idi:  “Onlar xalqdan alət kimi istifadə edir, intellektualların sözünü qəribçiliyə salırdılar. Düşünməyi bacarmayan cahil xalqa deyirdilər ki, Zərdüşt Əlizadə əslən iranlıdır, atası KQB-nin agentidir, özü Mərkəzi Komitəyə işləyir. Bu cür axmaq fikirləri səsləndirirdilər, xalq da başını sallayıb, onlara inanırdı. Məsələn, onlar deyirdi, Rusiya bizim düşmənimizdir, mən isə deyirdim Rusiya qüdrətli dövlətdir, ona təpik, kəllə atmayın. Onunla siyasət yürütməyi öyrənin. İranla düşmənçilik etməyin, güclü dövlətdir. Onlar da deyirdi, Zərdüştün atası İrandan gəlib Azərbaycana, ona görə düşməndir, xaindir. Hamı da buna inanırdı. Mən də boğaza yığıldım. 1990-cı ilin yanvarın 7-də Xalq Cəbhəsini, özüm yaratdığım Xalq Cəbhəsini tərk edərək getdim. AXC-ni mən yaratmışam, Əbülfəz Əliyev yaratmayıb, o, mən yaratdığım Xalq Cəbhəsinə gəlib. İlk dayaq dəstələrini mən yaratmışam, ilk proqram sənədlərini mən yazmışam. Əbülfəz Əliyevlik deyildi ki, elmi-nəzəri konsepsiya yazsın”. 

Aqil Abbas - 70

Aqil Abbas: “Əslində Zərdüşt Əlizadə çox ağıllı adamdır, amma çox təəssüf ki... ”

Millət vəkili, yazıçı Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Nizami Gəncəvinin dövründə əksər şair və yazıçılar fars dilində  yazırdılar. Yəni necə ki, zamanında ruslar fransızca yazırdı, azərbaycanlılar, türklər də farsca yazırdı. Hətta türk sultanları da farsca yazırdılar. Beləliklə, əvvəllər Şərqdə hegemon dil fars dili olduğundan əksər yazıçılar bu dildə yazıb-yaradırdılar. Ona görə də bizimkilər də farsca yazıb, burada qeyri-adi bir şey yoxdur.

Lakin həmin dövrdə Azərbaycan dilində də yazan var idi. Məsələn, İzzəddin Həsənoğlu Azərbaycan dilində çox səlis, bir fars sözü belə olmadan şeir yazıb. Onun hələ bir şeiri bizə gəlib çatıb, demək ki, həmin dövrdə Azərbaycan dilində yazanlar da var idi. Sonra isə Nəsimi kimi nəhəng şair, ardınca Məhəmməd Füzuli Azərbaycan dilində yazıb. 

Beləliklə, ədəbiyyatımızın farsdan gəlməsi, mədəniyyətimizin kökündə fars ədəbiyyatının dayandığını demək qətiyyən doğru fikir deyil. Həmçinin fars ədəbiyyatı, şeiri bizə təsir  edib fikrini də qəbul etmirəm. Çünki bizim özümüzün çox dəyərli yazıçılarımız olub. Sadəcə, qeyd etdiyim kimi, həmin vaxt Şərqdə fars dili hegemon dil olub.  Bu cür ifadələri səsləndirməkdə məqsəd ara qarışdırmaq, İranı, fars mədəniyyətini önə çəkməkdir.  Amma unutmaq olmaz ki, dünyaya əxlaqsızlığı, o cümlədən uşaqbazlığı farslar gətirib. Doğrudur, farsların da mədəniyyəti, ədəbiyyatı, dövlətçilik tarixi var. Amma həmin dövlətçilik tarixində, mədəniyyətində türklər mühüm rol oynayıb. Necə ki, bu gün İranın həm siyasi, həm də mədəni həyatında türklər böyük rol oynayır.

Əslində Zərdüşt Əlizadə çox ağıllı adamdır. Mən həmişə onu çox ağıllı adam saymışam. Amma  təəssüf ki, ideyalarında farsa, İrana xidmət edir.  Zərdüşt Əlizadə qiymətli adamdır, Xalq Cəbhəsini də yaradan o olub".

Pənah Hüseyn növbədənkənar qurultaya gedir

Pənah Hüseyn: “30 ildən artıqdır Azərbaycana qarşı təbliğat aparır”

Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuş, sabiq baş nazir Pənah Hüseyn isə Zərdüşt Əlizadənin açıqlamalarına bu cür mövqe bildirdi: “Zərdüşt Əlizadə artıq 30 ildən artıqdır ki, Xalq Cəbhəsinə, onun tarixinə, lideri, ilk sədri Əbülfəz Elçibəyə, Azərbaycan Milli Hərəkatına və xalqına qarşı böhtan xarakterli, təhrif olunmuş təbliğat aparır. Son açıqlamaları da bunun növbəti nümunəsidir. Amma aktuallığı baxımından əhəmiyyətini itirib. Çünki dəfələrlə onun bu cür hədyanları təkzib olunub. Xalq Cəbhəsinin yaranması, onun təsis konfransı, tarixi sənədləri kifayət qədər təsdiq və tədqiq olunub”.

Akif Nağı partiya sədri oldu » Dogruxeber.az

Akif Nağı: “Heç kəsin haqqı yoxdur ki, Azərbaycanı aşağılasın”

Azad Vətən Partiyasının sədri Akif Nağı dedi ki, Zərdüşt Əlizadənin fikirlərinə rəy bildirməyə ehtiyac yoxdur: “Bu cür insanlar ağıllarına gələni deyir, antimilli mövqedən çıxış edir və ümid də edirlər ki, dedikləri sərsəm fikirlər ətrafında diskussiya gedəcək. Zərdüşt Əlizadə hər zaman Azərbaycana qarşı mövqedə olub, gah İranı, gah da Rusiyanı müdafiə edib. İndi də yəqin ki, Qərbin dəyərlərinə üstünlük verməyə çalışır. 

Heç kəsin haqqı yoxdur ki, Azərbaycanı aşağılasın. Azərbaycan imperiya yaratmış bir ölkədir və 5 min illik dövlətçilik tarixi var. Ən azı son 1500 il ərzində Azərbaycan dövləti meydanda olub və dünya səviyyəsində sülalələri hakimiyyətdə olub. Məsələn, Eldənizlər, Ağqoyunlu, Qaraqoyunlu, Əfşarlar sülaləsini göstərə bilərik. Dünya Əfşarlarla, Nadir şahla fəxr edirdi. Napoleon gənc yaşında  hakimiyyətə gəlib, özünü Nadirə şaha bənzədirdi. Yəni belə bir tarixi olan dövlət aşağılayıcı fikirlər səsləndirmək düşüncəsizliyin göstəricisidir. 

O ki qaldı “Azərbaycan Rusiyanın işğalına qədər çox geridə qalmış Şərq ölkəsi idi” fikrinə, əksinə, Rusiyanın işğalı Azərbaycanı çox geriyə saldı. Azərbaycan vahid bir dövlət kimi  inkişaf edirdi. Doğrudur, xanlıqlara parçalanmışdı, amma artıq  birləşib mərkəzi hakimiyyət yaranırdı ki, Rusiya buna, Azərbaycanın inkişafına mane oldu. Qərb bir çox mədəniyyəti, dəyərləri Şərqdən götürüb və inkişaf etdirib. Ola bilər ki, müəyyən dövrdə Qərb dəyərləri inkişaf  edib, amma Qərb dəyərlərinə yönəlmək üçün Rusiyanın rolunu şişirtməyə ehtiyac yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR