İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilanda gözdağı, Cəbrayılda Türk bağı və Laçın Hava Limanının anonsu

2860 22.10.2022 00:45 Yazarlar A A

Türk dünyasının iki lideri növbəti dəfə Türk düşmənlərinin ürəyinə dağ çəkdilər dağlar qoynunda, iri layihələrin reallaşması prosesində yanaşı dayanmaqla, birgə addımlamaqla! Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı, daha sonra Cəbrayıl rayonuna səfər etmələri son illərin növbəti möhtəşəm hadisəsi oldu.

Özü də bu nəhəng layihə Zəngilanın işğaldan azad edilməsinin düz ikinci ildönümü günündə reallaşdı ki, bunun də rəmzi mənası var idi. Bununla Azərbaycan nəyə qadir olduğunu növbəti dəfə sübuta yetirdi, bütün dünyaya, dost-düşmənə duyurdu. Müqayisə üçün də imkanlar genişdir. Məsələn, dağın o üzündə, Qərbi Zəngəzurda, Azərbaycan əsgərinin “ovcunun içində” miskin durumda olan Qafan aeroportu, Şərqi Zəngəzurda isə modern Beynəlxalq Hava Limanı!

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsərkən sanki uzaq-yaxın düşmənlərimizin gözlərini oyurdular, ömrünü kəsirdilər. -Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir, həm də bölgənin şəklini dəyişən hadisə... Azərbaycan ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi, dostluq, qonşuluqdan dəm vurduğu halda, Azərbaycan əsgərinin yolunu kəsərək, əks-hücum əməliyyatını azı bir sutka gecikdirənlərin xain davranışlarına baxmayaraq... Məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olmasının xüsusi mənası var idi.

006d8fec-3473-3485-8353-a52d518d88f9.jpg (210 KB)

Düşmənin və havadarlarının tüstüsünün ərşə dirəndiyini görməkdən ötrü azca diqqət kifayət edər... Ənənəvi düşmən bəlli, “müsəlman” qonşumuz Zəngilanda iki Türk liderin iştirakı ilə hava limanının açılışını edəcəyi xəbərini eşidən kimi, “ləşkər”ini yığıb Araz sahilinə gətirdi, “körpülər” atdı, üstündən tank keçirməyin məşqini elədi, o qədər tələsiyə düşdü ki, yolüstü bir neçə nəfərin ölümünə də bais oldular. Gördü ki, Azərbaycan və Türkiyənin vecinə deyil, karvan öz yolu ilə gedir, tez İranın xarici işlər naziri özünü İrəvana yetirdi, “qardaş olub İran-Hayastan” mahnısı oxumağa. Anlamadılar ki, bu səfər də Şərqi Zəngəzurdakı TOY-a tay ola bilməz. Dedilər onda Zəngilanın o üzündə, Qafanda İranın baş konsulluğunun açılışını edək. Beləcə, konsulluqdan çox, samanlığa bənzəyən, suvağı qurumamış tikilinin önünə lövhə, qarşısına bayraq vurub, guya Azərbaycan və Türkiyəyə acıq vermək istədilər. Amma özlərini necə rəzil günə qoyduqlarını anlamadılar.

İran-Ermənistan koalisiyası bu kimi davranışlarla Zəngəzur dəhlizinin açılışına mane olacağını zənn edirsə, yanılır! Zəngilan Beynəlxalq Hava Limanının – Turanın, Şərqi Zəngəzurun hava qapısının rəmzi açarları əmin əllərdədir artıq – bölgənin əsl sahiblərində!

44 günlük müharibə zamanı da bənzər davranışları müşahidə edirdik. Ermənistanı gizli və açıq dəstəkləyən “müsəlman” qonşumuz Azərbaycanın zəfərlərini sinirə bilməyib, ordusunu Araz sahilinə daşımaqdaydı, hansı ki, 30 illik işğal dönəmində bircə dəfə də olsun bu bölgəyə ordu yığmamışdı, əksinə, daha əmin-arxayın aparırdı özünü. Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlının erməni işğalından azad edilməsi, Azərbaycan Ordusunun bir hissəsinin Laçın istiqamətində inamla irəliləməsi, digər bölmələrin isə düşmənin “alınmaz qala” hesab etdiyi Şuşaya istiqamət götürüb, sonucda bayrağımızı qala şəhərdə ucaltması bütün məkrli niyyətləri alt-üst etdi. Şuşadakı Yuxarı Gövhərağa məscidini “farslaşdırmaq” arzusu gözündə qalanlar bu günlərdə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsini, müasir infrastrukturun yaradılmasını sinirə bilmirlər. 44 günlük müharibə zamanı ordu çəkib, Azərbaycana hərbə-zorba gəlməyə çalışanların Şərqi Zəngəzurda hava limanının açılışı törəninə də Arazın o tayından ordu təhdidinə əl atması məkrli siyasətin məntiqi davamıdır.

bf05a74d-5635-3238-abd5-26f79a324292.jpg (122 KB)

Amma bütün təhdidlərə, pisliklərə baxmayaraq, Azərbaycan və Türkiyə şanlı tariximizin növbəti səhifələrini yazmaqda, yaratmaqdadırlar, müştərək şəkildə. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdı. Arazın o tayında oyunbazlıq edənlər, Qərbi Zəngəzur tərəfdə Avropadan çağırdıqları “təftişçilər”ə arxayın olub, yenə də təxribatlara əl atanlar deyəsən, dərslərini tez-tez unudurlar. Azərbaycan və Türkiyə müdafiə nazirləri Zəngilan və Cəbrayılda da bir arada idi və Hulusi Akar Azərbaycan ordusuna hər cür dəstək verəcəyini elə Zəngəzurdan net şəkildə bəyan etdi.

Bu gün Türkiyə və Azərbaycanın ortaq siyasəti Qorqud dədəmizin müdrik kəlamına uyğun yürüdülür: “Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz, əkib-becərmədinsə, qorumağa dəyməz”.

Azad olunduqdan sonra bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda Türkiyə və Azərbaycan bərabər çalışır, bərpa-quruculuq işləri aparılır. Ermənistan işğal dönəmində özünün müttəfiqləri ilə bərabər bu ərazilərdəki evlərimizi söküb daşıdılar, həm də Arazın üstündən adlayaraq... Amma iki ildir Azərbaycan və Türkiyə azad Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur! İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Cənab Ərdoğan iftixarla “Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir”-söylədi. Həqiqətən də qardaş ölkənin şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. Prezident İlham Əliyev də çıxışında söylədi, təkcə tikilən tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur!!! Bölgədə 84 körpü - körpülərin ümumi uzunluğu 12 kilometrdir - tikiləcək, onların bir qismi artıq inşa edilib. “Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”-əminliklə söylədi Azərbaycan Prezidenti. Dedisə, olacaq, ilk dəfə deyil ki...

mycollages-2022-10-20t162954-688.jpg (81 KB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarə pilləkənində ayaq saxlayıb, sağ-sola baxandan sonra onu qarşılamağa gələn dostu-qardaşına ƏLA işarəsini etməsi də qos-qocaman bir dövlətin, nüfuzlu dövlət xadiminin bir işarə ilə Azərbaycanın nəyə qadir olmasının təsdiqi idi. Axı, Türkiyə lideri düşmənin bu əraziləri nə kökə qoyduğunu çox yaxşı bilirdi. Dövlət başçımız da çıxışında söylədi ki, işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişdi, yalnız dağılmış binalar qalmışdı. Özü də Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən dağıdılarn binalar. Sitat: “Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın”. Məqsəd bu idi, amma nail ola bilmədilər. Azərbaycan qayıtdı və qardaş Türkiyə şirkətləri ilə birgə tikir, yaradır, Böyük Qayıdışa tədarük görülür! Zəngilanın Ağalı kəndindəki möhtəşəm mənzərəyə şahidlik edən dövlət başçısı təsadüfən əminliklə “Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Vətən çəkir və hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər” söyləmədi ki...

Erməni vandallar və onların tərəfdaşları Qarabağın və Şərqi Zəngəzurun qoz ağaclarını, çinar meşələrini qırıb daşıdılar işğal illərində. İki qardaş ölkə isə... “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi...Birgə görülən işlərin bir qismi...

Türkiyəli və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi də fəaliyyətdədir - “Dost Aqropark”. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək. Görün əməkdaşlıq necə geniş spektri əhatə edir. Zəngəzurda Türk bağı salınır...Vaxtilə qardaş Türkiyədə “Qarabağ parkları”nın açılışına qatılardıq, azca da olsa, təskinlik idi bizlərə...Şükürlər olsun, Qarabağ və Zəngəzurda “Bir millət, iki dövlət”in bağları, meşələri salınır.

3843d215-a8c0-31f0-8cb8-fea17e3f1c24.jpg (252 KB)

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Şübhəsiz ki, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Amma kimlərsə bu birlikdən xoflanmamalıdır, bu, sülh, sabitliyə xidmət edən birlikdir, əgər ona qarşı hansısa xain planlar olmazsa...Türkiyə Cumhurbaşqanı Şərqi Zəngəzurdan Zəngəzur dəhlizi ilə bağlı da sözünü dedi. Sitat: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”. Özündən xoflananların düşünməsi, doğru qərar verməsi üçün bəlkə də son şansdır, sonra gec ola bilər.

Savaş dönəmində Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Dövlət başçımız da bəyan etdi ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Sitat: “Artıq Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”.

Fəxarət doğurur bu mənzərə. Hələ qarşıda görüləsi xeyli işlər, reallaşdırılacaq NƏHƏNG LAYİHƏLƏR var. 2-2,5 ildən sonra Laçın hava limanının açılış törəninə şahidlik edəcəyik, inşallah! Azərbaycan Prezidenti Cəbrayıl torpağında növbəti görüş nöqtəsinin anonsunu etdi: “İnşallah, Qardaşım da gələcək, bərabər açacağıq”. Füzuli Beynəlxalq Hava Limanının açılışı zamanı Zəngilan anonsu olmuşdu, bu dəfə də “Ay Laçın...” Qardaşlar bərabər addımlayır, qurur, yaradır!

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR