Zəngəzur dəhlizinin (Tramp marşrutu) reallaşması yönündə işlər sürətlənib və növbəti, daha mühüm addım atılıb. Xəbər verildiyi kimi, ABŞ-də TRIPP şirkətinin yaradılması təsdiqlənib. Belə ki, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional qarşılıqlı əlaqəni dəstəkləmək məqsədi daşıyan TRIPP-in inkişaf şirkəti - Ermənistan-Amerika birgə müəssisəsinin yaradılmasını təsdiqləyib.
Layihə ümumi dəyəri 2,5 milyard dollar olan strateji investisiyalar paketinə daxil edilib. Şirkət dəmir yolları, yollar, boru kəmərləri və s. daxil olmaqla əsas infrastruktur proqramlarının həyata keçirilməsinə dəstək verəcək. Prioritet istiqamətlər sırasında dəmir və avtomobil yollarının, boru kəmərlərinin, fiber-optik şəbəkələrin və digər infrastruktur obyektlərinin tikintisi və modernləşdirilməsi yer alır.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, Ermənistandakı seçkilərdən dərhal sonra layihənin reallaşdırılması ilə bağlı əməli işlər görüləcək. O, Musavat.com-a qeyd edib ki, 2027-ci ilin sonuna qədər həm avtomobil, həm də dəmiryolu tamamlanmalıdır: “Birinci dəmiryolu çəkilməlidir. Çünki müqavilədə yazılmış qərarlar bunu deməyə əsas verir. Növbəti iki ildə yoldan istifadənin şahidi olacağıq”.

İqtisadçı Eldəniz Əmirov isə Musavat.com-a bildirib ki, TRIPP layihəsi ABŞ-nin regionda öz maraqlarını qoruyub saxlaması və perspektiv planlarını həyata keçirməsi üçün çox vacib layihədir: “ABŞ təkcə Azərbaycan və Ermənistan arasında vasitəçi deyil, konkret maraqları olan tərəflərdən biridir. Bununla yanaşı, prosesi bu mərhələdə geridönməz kimi dəyərləndirmək doğru olmaz. Risklərin doğru hesablanmaması səbəbindən müəyyən çətinliklər yarana bilər. Hazırkı mərhələdə prosesin davamlı olacağını dağa çox təsdiqləyən daha çox iki önəmli məsələyə fokuslanmaq istərdim”.

Ekspertə görə, birincisi, ötən ilin avqust ayında Vaşinqtonda imzalanan sənəd, ikincisi isə ABŞ və Ermənistan arasında imzalanan sənəddir: “TRIPP layihəsi artıq təsdiq edilib. ABŞ yeni şirkət yaradıb, ölkənin layihədəki payı 4/3, başqa sözlə, 74 faizdir. Ermənistanın payı isə 26 faizdir. Bu, ciddi rəqəmdir. Layihə 49 illik ABŞ-nin idarəçiliyinə verilib. ABŞ regiona gəlməklə, Çin, o cümlədən Mərkəzi Asiyaya münasibətdə Avropaya çıxışında öz mövqeyini bərqərar etmək istəyir.
ABŞ bilir ki, o gəlməsə, Çin gələcək. Çin bu tipli layihələrdə hər zaman payçı olaraq iştirak edir. Sonrakı mərhələdə müxtəlif Avropa ölkələrinin də bu layihədə iştirak edəcəyini düşünürəm. Eyni zamanda, TRIPP layihəsi Orta Dəhlizə inteqrasiya olunaraq, onun bir seqmenti funksiyasını daşıyacaq və real icra mərhələsi başlayacaq-yol, enerji infrastrukturu qurulacaq. İlk növbədə Ermənistanda hüquqi proseduralar başlamalıdır”.
O ki qaldı Rusiya və İranın layihəni əngəlləmək imkanlarına, E.Əmirovun fikrincə, belə imkanlar olsa da, bu, uzunmüddətli olmayacaq: “Bu, sadəcə zamanla bağlı ola bilər. Məsələn, proses 2027-ci ildə tamamlana bilərsə, maksimum iki uzana bilər. Ancaq böyük miqyasda təhlil edəndə aydın olur ki, prosesin qarşısını almaq mümkün deyil. İran Hörmüzdə problem yaradırsa, Zəngəzurda da problem yarada bilər. Amma nə Hörmüzdə, nə də Zəngəzurda problem davamlı ola bilər. Bu, Rusiya üçün də keçərlidir”.
Nigar Həsənli,
Musavat.com






