İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi və “Turan yolu” hədəfdə - 3 gün sonra...

5084 02.04.2024 10:07 Siyasət A A

Qərb Ermənistanı bataqlığa sürükləmək istəyir, Paşinyan hökuməti hələ də fərqində deyil; Azərbaycanın maraqlarına zidd hansısa anlaşma gərginliyi tətikləyə bilər; ekspertlərdən ilginc mövqelər

“Gücdən düşmüş Qərbin və ya başqa birisinin bu prosesi dayandırmaq imkanı yoxdur”; “ABŞ və Avropa İttifaqı, əlbəttə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini istəmir”

Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçlü formatda görüşə 3 gün qaldı. Xəbər verildiyi kimi, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçiriləcək görüşdə Ermənistanın inkişafı ilə bağlı üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Gözlənilən görüş rəsmi Moskvanı ciddi şəkildə narahat edir. Bununla bağlı Rusiyadan edilən xəbərdarlıqlar diqqət çəkir. Ermənistanın Qərb üçün poliqon rolunu oynamaq niyyəti bu ölkədə hərbi bazası və digər qüvvələri, həmçinin strateji maraqları olan Rusiyanı qəzəbləndirib. Ancaq hələlik Kreml maksimum təmkinli davranmağa, Ermənistana dostluq, qardaşlıq mesajları verməklə, baş verəcəklərə görə Nikol Paşinyan hakimiyyətini günahlandırmağa üstünlük verir. Ermənistanın təhlükəsizlik şurasının katibi Armen  Qriqoryanın “Sədr fon der Lyayen, baş nazir Nikol Paşinyan və dövlət katibi Blinkenin görüşü cari il aprelin 5-də Brüsseldə planlaşdırılır. Görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həmçinin Ermənistanın dayanıqlığının artırılmasına yönəlib”, - deməsi də Rusiyanı sakitləşdirmədi. Bundan sonrakı xəbərdarlıqlara İrəvandan qarşılıq verilməsi, həmçinin İrəvanın NATO istəyinin olmadığı barədə açıqlamalar da Rusiyanın qəzəbini yatırmağa hesablanıb. Qeyd edək ki, 5 oktyabr 2023-cü ildə Paşinyan və fon der Lyayen Qranadada keçirilən görüşdən sonra birgə bəyanat qəbul etmişdilər. Ermənistanı dəstəkləmək üçün Aİ-ABŞ tədbirinin hazırlanması keçirilən görüşün qayəsini təşkil edirdi. Daha sonra ABŞ Senatının “erməniləri müdafiə qətnaməsi” də Ermənistanla bağlı planların daha irəli aparılmasına rəvac verdi.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi 5 aprel 2024-cü il tarixində Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. XİN-in  mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib: “Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır”.

XİN-in açıqlamasında daha sonra deyilir: “Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda biz bir daha bütün tərəfləri sülh səylərinə əks-təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.

Bəzi ekspertlər şübhə etmir ki, Qərb Ermənistanı bataqlığa sürükləmək istəyir, sadəcə, Paşinyan hökuməti hələ də fərqində deyil. Azərbaycanın maraqlarına zidd hansısa anlaşma gərginliyi tətikləyə bilər. Xüsusilə də təhlükəsizlik paktının imzalana biləcəyinə dair məlumatlara Azərbaycanın etirazı sıradan xəbərdarlıq sayılmamalıdır. Vaşinqton, Brüssel və İrəvan rəsmiləri hər nə qədər qarşıdakı görüşün bölgə ölkələrinə yönəlik bəd niyyət güdmədiyini bəyan etsələr də, gerçək hədəf, əlbəttə, başqadır - Ermənistandan maşa kimi istifadə edib hansısa məkrli planları işə salmaq. Bəs hansı? 

Yücel Karauz: “Bu nifrət cinayətləri gələcəkdə Avropanın başına bəla  olacaq” | BuGün TV

Yücel Karauz 

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Musavat.com-a açıqlamasında deyib ki, 5 aprel görüşünü, sadəcə, Azərbaycan, Türkiyə, Rusiya kontekstində dəyərləndirmək yanlış olar. Onun fikrincə, planlaşdırılan görüşün əsas məqsədi yaxınlaşmaqda olan gərginlik və müharibə şəraitində Qafqazın cənubundan Rusiyaya qarşı cəbhə açmaq və Türk dünyasının inteqrasiyasının, Zəngəzur dəhlizinin qarşısını almaqdır. Sitat: “Qərb Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına əngəllər yaratmaq üçün 5 apreldə görüş planlaşdırır. ABŞ-ın, NATO-nun və Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin əsasında 2 məqsəd dayanır: 1. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq 2. 300 milyonluq Türk dünyasının inteqrasiyasının qarşısını almaq. Bu istiqamətdə bölgəni münaqişə və gərginlik mühiti halına gətirmək əsas məqsəddir. Təbii ki, bu atılan addımlar Ermənistanı cəsarətləndirir”. Ekspert hesab edir ki, Brüssel görüşündən sonra Ermənistana silah-sursat dəstəyi göstəriləcək: “Dünya Bankı vasitəsilə Ermənistana çox aşağı faizli və uzunmüddətli kreditlər veriləcək, bəlkə də qarşılıqsız maliyyə yardımları ediləcək ki, Qərbin məqsədlərini Qafqazda davam etdirsin. Təbii ki, buna həm Rusiya, həm Türkiyə, həm də Azərbaycanın kənardan tamaşa etməsi mümkün deyil. Çox istərdik ki, Qafqaz bölgə ölkələrinin işbirliyi ilə sülh, sabitlik və əmin-amanlıq mühitinə çevrilsin. Bölgə ölkələri öz müqəddəratlarını özləri təyin etsinlər. Yaxın gələcəkdə Ermənistanın ikinci Ukrayna olma ehtimalı yüksəkdir”. Lakin generalın sözlərinə görə, Türkiyə və Azərbaycan Qərbin və ya dünyanı idarə edən güclərin asanlıqla vaz keçəcəyi ölkələr deyil: “Regional güc olan, Qafqazın ən güclü ordusuna sahib olan Azərbaycan 2020-ci ildə bunu sübut edib. Rusiya, Türkiyə və Azərbaycanın göstərəcəyi ortaq iradə baş verə biləcək insidenti azaldacaq, Ermənistanı məyus edəcək. Ermənistanın böyük güclərin mübarizə meydanına dönəcəyi istisna edilmir. Ermənilər Qərbdən və ABŞ-dan fayda gözləyirlər, amma bu, belə olmayacaq. Ermənistanı qan, göz yaşı və 2020-ci ildə yaşadığı travmadan daha ağır bir travma gözləyir”. 

Öz növbəsində Türkiyənin digər tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar hesab edir ki, Ermənistan sülh sazişini imzalamaq istəmir, bu da müharibə səbəbidir: “İmzalanmayan sülh sazişi qeyri-sabitliyin əsas səbəbidir. Buna görə də yeni müharibə başlaya bilər. Sülh sazişinin imzalanmamasından istifadə edirlər. Biz müharibə istəmirik, amma bizi bir savaşın içərisinə çəkə bilərlər. Bu mənada təşəbbüsü əldən verməmək son dərəcə önəmlidir. Yəni başqasının istədiyi yerdə, zamanda və formada bir savaşa girməmək önəmlidir”. Türkiyəli hərbi analitiklərin narahatlığı nə dərəcədə əsaslıdır? Doğrudanmı hədəf həm də Zəngəzur dəhlizini əngəlləyib Turan yolunu bağlamaqdır? 3 gün sonra Brüsseldə regionla bağlı konkret nə baş verəcək?

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, deyilən fikirlərdə müəyyən həqiqət var: “Amma bilməliyik ki , Turan yolunu Qərb cılız Ermənistan vasitəsilə ala bilməz. Ermənistan özü geniş müharibəyə başlayıb aranı qarışdırmaq gücündə deyil. Belə zəif bir ölkə ilə "ikinci Ukrayna" yaratmaq mümkünsüzdür. Əgər Ermənistan buna cəhd edərsə, ya Azərbaycanın, ya da Rusiyanın birgünlük müharibəsi onun fam kapitulyasiyası ilə başa çata bilər. Ona görə də Qərbin sifarişçi, Ermənistanın alət kimi bu varianta qol qoyacağı inandırıcı deyil. Brüssel görüşü böyük ehtimalla Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq cəhdi ilə bağlıdır. Qərb bu dəfə daha ciddi addım atmaq fikrindədir. Özlərinin açıqlamalarına görə, Ermənistanın təhlükəsizlik məsələsini daha konkret şəkildə gündəmə gətirəcəklər". 

A.Nağı Rusiya amilini xüsusi vurğuladı: “Təbii ki, təhlükələri Rusiya tərəfdən gözləyirlər. Rusiya Gümrüdəki hərbi bazanı hərəkətə gətirə bilər. Qərb bu bazanın neytrallaşdırılmasının yollarını axtarır. Üçtərəfli görüşdə bu məsələni həll etməyə çalışacaqlar. Bunun üçün isə Ermənistanın ciddi silahlandırılması, həmçinin oraya güclü hərbi kontingentin yerləşdirilməsi gərəkdir. Azərbaycanla bağlı, həmçinin regionda Türkiyənin təsir imkanlarının məhdudlaşdırılması istiqamətində də planlar yox deyil. Turan yolu, Turan birliyi onları narahat edir. Hətta məzmun etibarı ilə Turan yoluna çevrilmiş Orta yola alternativ də təklif edirlər. Bu yolun Fransadan başlayıb, Rumıniya, sonra Qara dənizlə Gürcüstana, Ermənistana, oradan da İrana, Çinə istiqamətlənməsi nəzərdə tutulur. Amma bu yol hələ ki ciddi dəstək qazanmayıb. Proses böyük əksəriyyətə sərf edən Orta Yol, Turan yolu üzərində qalıb. Turan yolu artıq reallığa çevrilir, eyni zamanda Turan-Türk birliyi ideyası milli ideyaya çevrilməkdədir. Gücdən düşmüş Qərbin və ya başqa birisinin bu prosesi dayandırmaq imkanı yoxdur”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, aprelin 5-də ABŞ-Ermənistan və Avropa İttifaqı görüşündə məqsəd əsasən regionda yeni bir siyasi nizam yaratmaqdır: “Bu görüş konkret olaraq Rusiyaya qarşıdır. Təbii ki, regionda hər iki güc siyasi iradə ortaya qoyursa, yeni problemlər yarana bilər. Azərbaycan regionda yeni nizam yaradıb. İkinci Qarabağ müharibəsindən sonra ABŞ və Avropa İttifaqı regionda sülh və geosiyasi cəhətdən möhkəmlənmək istəyirsə, ilk növbədə İrəvanı Azərbaycanla sülhə məcbur etməlidir. Çıxış yolu budur. Sülh olmadan Ermənistanla bağlı siyasət müsbət nəticə verməyəcək. Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək siyasəti hazırkı mərhələdə səhv aparılır. Birtərəfli şəkildə Ermənistan hakimiyyəti ilə danışmagın nəticəsi ola bilməz”. Ekspert hesab edir ki, əgər bu görüşdə Nikol Paşinyandan Azərbaycanla birbaşa danışıqlara gedilməsi və dörd kəndin qaytarılması tələb edilərsə, regionda ümumi bir nizama töhfə verilə bilər: “Hesab edirəm ki, bu, olmayacaq. Ermənistana təhlükəsizlik və maliyyə təminatı verməklə bu ölkəni hazırkı problemlərdən çıxara bilməyəcəklər. ABŞ və Avropa İttifaqı, əlbəttə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini istəmir. Amma həm də bu dəhliz vasitəsilə xüsusilə Türkiyənin Türk ölkələri ilə əməkdaşlığına mane olmayacaqlar. Çünki Qərb regionda Türkiyənin regional mövqeyini qəbul edib. Üçtərəfli görüşdə ilk növbədə sülh müzakirə olunsaydı, Azərbaycan da dəvət edilərdi. Deməli, burada heç də sülh prosesi tam müzakirə edilməyəcək”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR