İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəli aqibəti – tutulan korrupsioner olsun, motivi fərq etməz

3032 30.11.2022 10:30 Yazarlar A A

 

Hər dəfə ölkədə yüksək vəzifəli şəxslərin korrupsiya əməlləri ifşa olunanda və buna görə bir neçə şəxs həbs ediləndə özünü bu mövzuya dair mülahizə söyləməyə hazır və borclu hesab edənlərin sözləri çəpləşir, ən azı, üç tərəf yaranır.

Tərəflərdən biri həmişə olduğu kimi ali iradənin siyasi xəttini sözsüz dəstəkləyir və bu ifşa-tutqu kampaniyasını korrupsiya ilə barışmaz mübarizə, qanunçuluğun, haqq-ədalətin bərpası istiqamətində atılan addım sayır.

İkinci tərəf isə mütləq ifşa-tutqu əməliyyatının səmimiyyətini şübhə altına alır, “vurulanlar”ın başına gələn bu işin əsl səbəbinin başqa olduğunu elan edir, əslində o adamların hansısa ayrı bir məsələnin güdazına getdiyini vurğulayır.

Üçüncü tərəf isə müşahidəçidir, neytraldır, tutqulara görə məmnundur, daha bir qudurmuş çetenin sonunu gördüyündən xoşhaldır və işdəki incəliklərin ona dəxli yoxdur.

Bu tərəflərdən hansı daha haqlıdır, birmənalı demək çətindir. Gerçəkdən də, illərdir, həmin korrupsionerlərin adı medianın, ictimaiyyətin dilindən düşmürdü, yol verdikləri harınlıq və maxinasiya əməlləri barədə dastanlar bağlanırdı, amma tədbir görən yox idi. Budur, birdən-birə yayın ortasında göy üzünü qara buludlar aldı, leysan yağdı, oddayanmaz, sudabatmaz adamları sel apardı. Burası insanlara qətibə gəlir və suallar yaradır.

Ancaq adama deyərlər (və deyirlər), dünənə qədər məhz bu şəxslərin ifşasını istəmirdinizmi, onların bəd əməlləri və cinayətləri barədə danışarkən, əl aparıb, qan gətirmirdinizmi, alın, bu da sizə ifşa və tutqu, indi niyə narazısınız?

Əslində əsas məsələ də budur ki, ölkəni dağıdan, dövlətin büdcəsini talayan, xalqın cibini soyan, ölkəni yadlara satan, milləti əzən zalım və tamahkar adamlar bir gün ya vəlvələdən, ya zəlzələdən qəzəbə gəlsinlər və xalqın onları qoluqandallı görmək arzusu reallaşsın.

Bu arzu gerçəkləşəndə niyə məmnun olmayaq? Bəs bu talan, yalan, tamahkarlıq, zülmkarlıq davam etsəydi, yaxşıydımı? Xeyr. Biz arzulamalıyıq, hətta tələb etməliyik ki, öz dövləti cinayətləri ilə vətəninə, xalqına xəyanət edən hər kəsi dəmir barmaqlıqların arxasında hakimə, dövlət ittihamçısına, vəkillərinə yazıq-yazıq baxdığı yerdə görək və bu, yeni başlayan korrupsionerlərə yaxşı dərs olsun.

Bu xüsusda qəribə bir demaqogiya da var, illərdir təkrarlanır, çeynənməkdən çürüyü çıxıb, amma hər dəfə daha gənc nəsilin nümayəndələri deyib dururlar ki, korrupsiyanın qarşısını almaq üçün sistem dəyişməlidir.

Yaxşı, korrupsiyanı tamamilə inkar və istisna edən o sis-dumanlı sistem nədən ibarətdir, hansı ölkədə var ki, o insan faktorundan asılı deyil? Köhnə sistemi arxivə yolladıq, yenisini, ən ideal sistemi bərqərar etdik, bu ideal sistemi də insanlar işlətməyəcəkmi, onun mexanizmlərinin işləməsinə insanlar nəzarət etməyəcəkmi? Onların ağzı, nəfsi, kalori və komforta, təmtəraq və varidata ehtiyacı yoxdurmu? İnsan övladıdırlarsa, əlbəttə, var. Sabah əlləri əyilsə, ideal sistemi öz mənafelərinə uyğun işlətsələr, necə olacaq?

100 il əvvəl “saf, dürüst, kommunist əqidəli” bolşevik məmurların bir çoxu Lenin-Stalin hakimiyyətinin ilk illərində idealist olublar, amma sonra tam əksəriyyəti öz güzəranlarının, keflərinin qayğısına qalıblar. Özü də elə bir vaxtda ki, dövlətə, hakim partiyaya sədaqətinə azacıq şübhə olan şəxslər adi bir donosla əlli-ayaqlı gedirmişlər. Amma onların tamahları qorxularından üstün olub və bu amil onları öz qurduqları sistemdən barınmaqdan çəkindirməyib. Nəticə: yüz minlərlə güllələnmiş məmur, türməyə salınmış gənc kadr...

Sovet dövründə sadə camaatdan və ziyalılardan fərqli olaraq dövlət işində çalışarkən repressiyaya uğrayanların günahsızlığından söhbət gedə bilməz. Hamısı ya gizli antisovet, anti-Stalin təşkilatlarında birləşərək, dövlət çevrilişi həyata keçirmək (daha üstün mövqelərə gəlmək üçün) istəyiblər, ya da dövlət büdcəsinə, xalqın namus və varidatına əl uzadıblar (0-ın altında, üstündə günahsızlar faizi də ola bilər).

Bu gün Çində ideal antikorrupsiya sistemi var: ilişəni güllələyirlər. Amma elə bir ay olmur ki, orada hansısa məmur milyonluq maxinasiyaya görə yaşlı gözlərlə məhkəmə qarşısında durmasın. Güllə tamahkarları qorxutmur, varidat onların bəsirət gözünü bağlayır.

Dünyanın ən varlı ölkələrini götürək. Media azaddır, korrupsiya faktlarını ifşa edir, yazır; müxalifət güclüdür, əlinə belə faktlar keçəndə bütövlükdə iqtidar komandasının istefasına nail olur; ictimaiyyət ayıqdır, adı korrupsiya qalmaqalına qarışmış siyasi qüvvəyə növbəti dəfə etimad göstərmir. Yəni qanuna riayət sistemi güclüdür. Amma bütün səviyyələrdə korrupsiyanın qarşısını almaq olurmu? Olmur. Yalnız minimuma endirmək olur. Tərifli Qərb dövlətlərinin korrupsionerləri öz əməllərini legitimləşdirməyi, bəlli bir çərçivədə gizli saxlamağı bacarırlar.

Bizimkilərin minusu odur ki, yığdıqca yığırlar, qamarladıqca qamarlayırlar, heç kəsdən qorxmadan talayırlar, qan soran zəli kimi şişdikcə şişirlər və bir gün aqibətləri elə olur, zəli kimi partlayırlar.

Bax, o zaman biz meydana çıxır, deyirik: “Bunlara indiyəcən niyə dəymirdilər”; “Burada nəsə başqa bir söhbət var, korrupsiya məsələsi deyil”; “Sistem dəyişməlidir, başqa yolu yoxdur” və s.

Bu tamahkarlıqla, acgözlüklə, ədalətsizliklə, qeyri-obyektivliklə, əliəyriliklə həmin ideal sistemi biz qurub işlədəcəyiksə, o sistem ya işləməyəcək, ya da bizi öz bildiyi kimi işlədəcək.

Bəs çıxış yolu nədir? Çıxış yolu iş başına çoxlu sayda son dərəcə dürüst və idealist insanların gəlməsidir. Onları haradan tapacağıq? Bax, bunu heç birimiz bilmirik. Bizdə elələri olsa da, az saydadır. Ətrafımıza baxaq və sayaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR