İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc parlamentdə CASUS qalmaqalından DANIŞDI

875 09.06.2023 13:39 Siyasət A A

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdəki çıxışında Ermənistanın terrorçu və casusluq fəaliyyətindən danışıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri on minlərə erməninin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə suçlandırıb:

“Həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək qələbəyə nail olub. Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibədəki məğlubiyyətə və “hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdırlar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”.

Komitə sədri qeyd edib ki, Ermənistanda təkcə sözügedən qurumu deyil, eləcə də UNICEF-in yerli rəhbəri Marian Hattinqi də ölkəmizlə gizli işbirliyində günahlandırıblar:

“Casus qalmaqalına müharibə vaxtı Britaniyanın Mİ-6 təşkilatını, Almaniya parlament üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın təhlükəsizlik qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər. Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər “Halo Trust” mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 nəfər insanımızın həyatı itirilməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi. Ona görə də biz Zəngilandan Ağdərəyədək böyük bir coğrafiyanı öz qurğuları, səbr və dözümləri ilə minalardan xilas edən Britaniya təşkilatına təşəkkür edirik və əgər mina xəritələri onlarda varsa, o ərazilərin əsil sahibləri kimi dövlətimizə təhvil verməyə çağırırıq”.

Zahid Oruc deyib ki, sülhyaradıcı kontingent də rəsmi olaraq 26 000-dən artıq minanı təmizlədiyini elan edib:

“Üst-üstə hesabladıqda ərazilərimizin gözləniləndən daha tez təhlükəsiz vəziyyətə gələcəyinə inanırıq. Ona görə də “bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək, Böyük qayıdışa zərbə vurmaq və düşüncələrə mina əkmək yolverilməzdir. Qarabağı özü boyda minaya çevirmək dövrü bitib”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR