İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: ""Elektron idarəçilik" gerçək hökuməti əvəz edə bilməz"

277 13.06.2023 11:22 Siyasət A A

"Yalnız texnika və qurğular, smart sistemlər, böyük məmur korpusunu inkar  edərək onları ikinci planda, daim şübhəçi statusunda saxlamağa, hakimiyyətlə cəmiyyət arasında sədd çəkməyə səbəb olunca inamsızlıq sosial konfliktlərə səbəb olar"

Musavat.com xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, elektron idarəçilik gerçək hökuməti əvəz edə bilməz.

Sözügedən yazını olduğu kimi təqdim edirik:

Məmnuniyyət hissi ilə qeyd edirik ki, Sosial Tədqiqatlar Mərkəzi yarandığı 4 il ərzində  dövlətimizin cari və strateji mənafelərinə bağlı olan, milli həyatımıızın aktual məsələlərinə dair  çoxsaylı tədqiqatlar aparıb, araşdırmaların elmi legitim standartları çərçivəsində hazırladığı onlarla sənədi ali hakimiyyət rəhbərliyi, hökumət və ictimaiyyətə təqdim edib. Hazırda müzakirəsinə toplaşdığımız növbəti hesabat prezidentin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” adlı sərəncamında STM üzrə müəyyənləşən 4-cü prioritet istiqamətin-dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində aparılan tədqiqatın nəticələrinə həsr olunub. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclis təmsilçiləri, 3-cü sektorun rəhbər şəxsləri və media orqanları iştirak edir və biz onların hər birinə səmimi təşəkkürlərimizi bildiririk.

Qeyd olunduğu kimi, Tədbirlər Planında Mərkəzin üzərinə qoyulan vəzifə:2022-2026-cı illər ərzində dövlət orqanlarının göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə ictimai rəyin, o cümlədən xidmətalanların rəylərinin öyrənilməsindən ibarətdir.

Əziz dostlar,

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyində Azərbaycanın müxtəlif ideologiyalar və formasiyalardan keçən bir əsrlik yoluna qiymət verərkən, son 100 ildə xalqımızın müstəqil dövlət qurmaq bacarığına qiymət verilməsi mühüm hadisədir. Belə obyektiv tarixi və siyasi diskussiyalar bütün həyatını millətinə xidmətdə keçirən böyük dövlət adamının növbəti qələbəsidir. Çünki bəzən süjet xətti eyni olan tədbirlərdə belə dövlət və millət məfhumlarının birinci yerə qoyulması 2023-cü ildən sonra “Azərbaycanın yeni yüzili”ni formalaşdırmaq baxımından da müstəsna əhəmiyyət daşıyır.

Müzakirə etdiyimiz mövzunun tarixi kontekstinə baxsaq, məşhur ingilis filosofları dövləti “ictimai müqavilə” sənəti kimi təqdim edirdilər. Əks halda, yəni, “siyasi hakimiyyət olmadan insan həyatı təhlükəli, qəddar və qısa olardı” deyən həmin ideyanın əsas müəlliflərindən biri Tomas Hobs “hamının hamıya qarşı müharibəsi”ndən qaçmaq üçün, şəxsi maraqların hökmranlığını, hüquqsuzluğu və qarşılıqlı zoru dəf etməyin yeganə yolunu “ictimai müqavilə” fəlsəfəsində görürdü. 20-ci yüzildə böyük inqilablar yolu ilə hakimiyyətə gələn qüvvələr dövlətə cəbr aparatı kimi baxmaqla sonda məğlub oldular. Əgər bir vaxtlar Lüdovik “dövlət mən özüməm” deyirdisə, 21-ci əsrdə müasir kommunikasiya və süni intellekt erasında dövlət şaquli ierarxiya deyil, çiyin-çiyinə, yanaşı dayanan məmur və vətəndaşların hüquqi-siyasi birlik forması kimi dərk olunur.

Yaşadığımız əsrin çoxsaylı müharibələri içərisində tək qalib dövləti-44 günlük müqəddəs Zəfər və Qurtuluş savaşının rəhbəri İlham Əliyevin idarəçilik fəlsəfəsi onun 2014-cü ildə bəyan etdiyi sözlərdə parlaq ifadə olunub, sitat:”dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm”. Məhz həmin ideallar bizi 17 ildən sonra səngərdə əsgərin, arxa cəbhədə xalqın və onunla bir sırada dövlətin tarixdə ilk dəfə üçlü birliyinə səbəb oldu və millətimizə Qələbə gətirdi.

Dünyada Amerika Birləşmiş Ştatlarının dövlət fəlsəfəsi və idealları geniş təbliğ olunur. Müstəsnalıq və amerikan arzularından sonra müasir kommunikasiya sistemilərinə görə “smart dövlət” idealı indi onların əsas amalına çevrilib.

Bildiyiniz kimi, ölkəmizdə də elektron dövlət və ya hökumət siyasəti uzun illərdir ki, geniş tətbiq olunur. Lakin bir həqiqət danılmazdır-biz elə bir cəmiyyət qurmalıyıq ki, insan amilinin ortadan qaldırmasın. Yəni, hər bir dövləti yönəldən və milyonlarla vətəndaşımıza xidmət edənlər də sonda  bu xalqın övladlarıdır. Yalnız texnika və qurğular, smart sistemlər, böyük məmur korpusunu inkar  edərək onları ikinci planda, daim şübhəçi statusunda saxlamağa, hakimiyyətlə cəmiyyət arasında sədd çəkməyə səbəb olunca inamsızlıq sosial konfliktlərə səbəb olar.

Elektron idarəçilik gerçək hökuməti əvəz edə bilməz. Bunu ölkəmizdə də böyük maraqla izlənilən qardaş Türkiyədə keçirilən 28 may seçkilərində parlaq siyasi qələbə qazanan Rəcəb Tayyib Ərdoğanın izdihamlı aksiyalarında milyonların qarşısında onun mütəffiqlərindən birinin sözləri təsdiqləyir, sitat: “dövlət zəlzələdən zərər çəkənlərə çörək paylayan bələdiyyə sədridir, yardım kanvoylarını koordinasiya edən, asayişi və təhlükəsizliyi qoruyan polis serjantı, axtarış-xilasetmə əsgəri, AFAD zabiti, könüllülərdir. Dövlət talançını yaxalayan və doğulduğuna peşman edən cəsur polisdir. Dövlət təcili yardım maşını sürən sürücü, dua oxuyan müəzzin, müayinə edən həkim, iynə vuran, sarğı verən tibb bacısıdır. Türk idarəçilik fəlsəfəsinə görə dövlət millətdir, millət dövlətdir”. Çox dəqiq və dəyərli fikirlərdir.

Hörmətli dostlar,

Milli Fəaliyyət Planının 4-cü prioritet istiqaməti dövlət xidmətlərinin elektronlaşmasını nəzərdə tutur. Əlbəttə, elektron xidmətlərin göstərilməsində böyük uğurlarla yanaşı, ortaya çıxan ən ciddi problemlərdən biri dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın tam başa çatmaması və ya bir xidmətin alınması üçün tələb olunan məlumatların hamısının elektronlaşmamasıdır. Nəticədə xidməti təşkil edən dövlət orqanı elektron xidməti tam təşkil edə bilmir və bu hal xidmətin keyfiyyətini azatmaqla yanaşı, xidmətalanların məmnunluğunu azaldır. Əlbəttə, vətəndaşların aldığı dövlət xidmətinin elektronlaşdırılması və avtomatlaşdırılması korrupsiya hallarının aradan qaldırılmasına xidmət edir.

İctimai rəy sorğularının keçirildiyi 2022-ci ilin iyul ayı ərzində Dövlət Xidmətləri Porta- lında 139 dövlət orqanı üzrə 1005 xidmətdən yarıya qədəri, 501-i tam və ya qismən elektronlaşdırılıb. Ölkəmizdə fəaliyyət göstərən dövlət orqanlarının-qurumlarının sayı isə gerçəkdə 160-dan çoxdur.

Əlbəttə, dövlət siyasəti nəticəsində müxtəlif proqramlar icra olunub və rəqəmsal xidmətlərin formalaşdırılması ilə müxtəlif qurumlarda bir sıra xidmətlər yüksək səviyyədə təşkil edilib, vətəndaşların dövlət orqanlarına əlçatanlığı asanlaşıb. Elektronlaşdırılmış xidmətlər əhalinin və vətəndaşların həm maliyyə və digər re- surslarına, həm də vaxtlarına qənaət etməsi baxımından müsbət irəliləyişlərə gətirib çıxarıb. Ödəniş sistemlərini buna misal göstərmək olar.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizədə inqilabi islahatlardan olan “ASAN xidmət” mərkəzlərinin yaradılması məişət korrupsiyasının qarşısının alınmasında mühüm tədbirlər sayılır. Lakin xüsusi vurğulayaq ki, tədqiqat zamanı qarşıya çıxan ən mühüm məhdudiyyətlər bir sıra dövlət orqanlarında məlumat bazalarının mükəmməl olmadığı, xidmətlər, xidmətalanların ümumi statistikası, xidmət istiqamətləri, regionlar, yaş və cins tərkibi üzrə təsnifatlaşdırmalar aparılmadığı aşkarlanıb.

Həm elektronlaşan, həm də elektronlaşmayan xidmətlər üzrə vahid məlumat bazasının olmaması tədqiqatın effektiv aparılmasına mane olan əsas amillərdəndir.

Dövlət xidmətlərinin göstərilməsi ilə bağlı məlumatların əksini tapdığı internet səhifələrində ciddi uyğunsuzluqlar var. Xidmətlərin adları, xidmət göstərən dövlət orqanının adının dəyişməsi, xidmətlərin ləğv edilməsi və yeni xidmətlərin yaranması ilə bağlı internet səhifələrində vaxtında və dəqiq yenilənmələr aparılmır. Məlumatların elektronlaşmasında da böyük çətinliklər müşahidə edilir. Bəzən dövlət orqanlarının elektron xidmət kimi qeyd olunan xidməti almaq üçün mütləq şəxsiyyəti təsdiq edən sənədlə birlikdə müvafiq dövlət oqranına yaxınlaşmaq məcburiyyəti yaranır.

dxr.az portalında dövlət xidmətlərinin qismən elektronlaşması və qismən avto- matlaşdırılması qeyd olunsa da, onların elektronlaşma və avtomatlaşma mərhələsi haqqında heç bir məlumat yoxdur.

Digər tərəfdən, dxr.az portalında bəzi dövlət xidmətlərinin 511 elektron xidmət arasında yer almasına baxmayaraq, reallıqda onlar nə elektronlaşdırılıb, nə də av- tomatlaşdırılıb. Məsələn, Müdafiə Sənayesi Nazirliyinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” xidməti portalda qeyd olunsa da xidmət verilmir. Qida Təhlükəsizliyi Agentliyinin “Qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanılması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi” xidməti üzrə dxr.az portalında xidmətin elektronlaşma və avtomatlaşma dərəcələri haqqında heç bir məlumat yoxdur. Elm və Təhsil Nazirliyinin “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” xidməti də eyni vəziyyətdədir.

Bizim hər bizimiz ölkəmizin gələcəyini 44 günlük müqəddəs müharibədə qazanılan parlaq qələbədən sonra azad edilən torpaqlarda dövlətimizin yeni xidmət standartları yaratmasında görürük. Nəinki son 30 ildə, əsrlərlə xalqımızın zəif bəndinə çevrilən Qarabağı, bütün azad torpaqlarda yeni Vətən inşa etməyi yalnız bir prinsiplə apara bilərik-ədalətli sahibkarlıq mühiti, qanunçuluğa əməl edilməsi, korrupsiyadan azad mühit və şəffaf hesabatlıq şəraiti, bir sözlə xalqa xidmət edən dövlət amalı ilə Qarabağı güclü bəndə, qoruyucu sipərə, alınmaz qalaya çevirə bilərik.

Təhlillər göstərir ki, son illər  insanların öz hüquqlarının qoruması yönündə fəallığı artıb. Soğrular göstərir ki, azərbaycanlılar ən çox sosial hüquqlara önəm verirlər. İctimai-siyasi hüquqlar ondan sonra gəlir, halbuki müəyyən platformalarda tam əks mənzərə canlandırılır.

Rəqəmsal texnologiyaların idarəçiliyin ayrılmaz hissəsinə çevrilməsi, qaynar xətlərin və vətəndaşların elektron müraciətlərinə baxılmasının keyfiyyətini qiymətləndirməyə imkan verir. Lakin məmur və vətəndaşlar arasında canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Dövlət orqanlarına daxil olan şikayətlər reallığı görməyə imkan verir-hansı kommunikasiya kanalı necə işləyir-məktublarla müraciətlərin, elektron ünsiyyətin, yaxud birbaşa görüşlərin effektivliyini, nazirlik və ya nazirlərin gerçək işini qiymətləndirməyə imkan verir.

Ona görə də tədqiqatla tanış olduqda görəcəksiniz ki, bir orqana aid məlumatları digər qurumun əldə etməsinə qoyulan məhdudiyyətlər nəticəsində “vahid pəncərə”dən xidmət təşkil edən orqan xidməti tam elektronlaşdıra bilmir. Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının mövcud olmasına baxmayaraq, elektron imza sertifikatları aktivləşdirilməyib.

Ona görə də Dövlət Xidmətləri Portalında mütəmadi olaraq yenilənmələr aparılması, ayrı-ayrı dövlət orqanlarının rəsmi veb səhifələri ilə Dövlət Xidmətləri Portalı arasındakı fərqlərin, uyğunsuzluqların aradan qaldırılması məqsədəuyğun  olar. Əhalinin xidmətlərə, xüsusən də elektron xidmətlərə asan çıxışına mane olan amillərin aradan qaldırılması vacibdir.

Yekunda bir daha xüsusi vurğulayaq ki, indi ölkəmizin qarşısında ən mühüm vəzifə azad torpaqlarda bir dövlət olaraq, necə davranacağımız, qaydalar və qanunlara necə əməl edəcəyimiz təkcə yeni Qarabağın quruculuğu üçün deyil, bütövlükdə Azərbaycanın gələcək inkişaf modelinə çevrilə bilər. Dövlətimizin xalqa xidməti elə dövlətin özünə müqəddəs xidmətdir!

Diqqətinizə görə təşəkkür edirik!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR