İnsanlara hürriyət, millətlərə istiqlal!

Yoluxma sayı yenidən artır, Səhiyyə Nazirliyi xəbərdarlıq edir - payız dalğası...

1968 26.07.2022 10:50 Yaşam A A

İnfeksionist: “Pandemiyanın yeni dalğası məktəblər açılandan sonra da davam edəcək”

Dünyada son bir həftə ərzində koronavirusa yeni yoluxma hallarının sayı 7,2 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur. Yoluxma aprel ayının səviyyəsinə uyğundur. Lakin eyni zamanda ölüm halları azalıb. Yeddi gün ərzində dünyada COVİD-19-dan 14 min nəfər ölüb ki, bu da ötən həftə ilə müqayisədə 3.6 min nəfər azdır. Yeddi gün ərzində təxminən iki min ölümün qeydə alındığı (əvvəlki həftə ilə müqayisədə 25% artım) ABŞ ölüm göstəricisinə görə hələ də birinci yerdədir. İkinci yerdə 1,6 min insanın öldüyü Braziliyadır. İtaliya üçüncü yeri tutur, burada hər gün 130-dan çox insan koronavirusdan ölür. Bundan sonra Fransa və Almaniya gəlir ki, bu ölkələrdə göstərici bir qədər aşağıdır.

Ölkədə COVİD-19-a yoluxmada son günlər ziqzaqvarı dinamika müşahidə olunur. Yəni gah azalır, gah da artır - 390, 309, 333, son olaraq 102. Bəs görəsən, səbəb nədir? İyulun 30-dan məhərrəmliyin girməsi və toy mərasimlərinin təxirə salınmasının yoluxmalara ciddi təsiri olacaqmı? Bir sual da budur ki, yeni dalğa başlayarsa, məktəblər açılanadək bitəcəkmi?

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Son vaxtlar COVİD-19-a yoluxma sayında artım müşahidə edilir. Pandemiyada artım, azalma dalğavarı şəkildə davam edir. Hələ dəqiq rəqəmlər götürmək olmur, həm də pandemiyanın qaydası budur ki, dalğavari artmalar, azalmalar müşahidə edilə bilər. Amma ümumi götürəndə indi artma tendensiyası müşahidə olunur. Təbii ki, Məhərrəm ayının gəlməsi, toyların olmaması yoluxma sayına təsir göstərə bilər. Yalnız yoluxma sayında müəyyən stabillik yarada bilər. Amma yenə də artma tendensiyası müşahidə ediləcək. Daha yavaş sürətlə artma davam edə bilər”.

Əslində siqaret çəkənlər koronavirusa daha tez yoluxur və xəstəliyi ağır  keçirir" - İnfeksionist

Mərdan Əliyev

İnfeksionist “Yeni dalğa başlayarsa, məktəblər açılanadək bitəcəkmi” sualına belə cavab verib: “Məktəblərin açılması payız fəslinə düşür. Payızda pandemiyanın bitməsi gözlənilən deyil. Yəni yoluxma sayları yenə də artan sürətlə davam edəcək. Buna görə də payız fəslində maska taxılması tələbi yenidən gündəmə gələ bilər. Açığı mən də bunun tərəfdarıyam. Müəyyən yerlərdə maska taxılmalıdır. Həm avtobuslarda, həm xəstəxanalara gedəndə maskadan istifadə olunmalıdır”.

Yeri gəlmişkən, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Qəhrəman Haqverdiyev: Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf  mühitdir

Qəhrəman Haqverdiyev

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev mediaya açıqlamasında epidemioloji vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Təəssüf ki, Azərbaycanda da COVİD-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var. Belə ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeyd edilib. Mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar. ”Omikron" indi epidemiyanın aparıcı qüvvəsidir, 7 ayda 290 milyon insanı yoluxdurub. Onun öldürücülük qabiliyyəti təxminən 0,35 faizdir və peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır. Epidemioloqlara görə, pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. Amma müsbət xəbərlər də var. Ağırlaşma və ölüm hallarının sayı alfa, beta, qamma və ən təhlükəli delta kimi ştamların üstünlük təşkil etdiyi əvvəlki dövrə nisbətən xeyli azdır. Əlbəttə, bu ümidverici vəziyyətin yaranması peyvəndləmə səviyyəsi ilə sıx bağlıdır. Lakin buna baxmayaraq, infeksiyaların sayının artması, “delta” ştamları nisbətində olmasa da, ölüm hallarının artmasına səbəb ola bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalmağa başladı".

Q.Haqverdiyev əlavə edib ki, əhali arasında belə bir fikir yayılıb ki, koronavirus xəstəliyi artıq kəskin respirator virus infeksiyası (KRVİ) kimi davam edir və xəstələnsə də, qısa müddət ərzində sağalır: “Amma unutmamalıyıq ki, xəstəliyin hətta yüngül halı belə, post-COVİD sindromuna, 6 ay və daha çox davam edə bilən ”uzunmüddətli COVİD" adlanan sindroma səbəb ola bilər. COVİD-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun kliniki mənzərəsi çox da dəyişməyib. Bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb. Belə ki, əllərin tez-tez və düzgün yuyulması (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdəndir. İnfeksiya əlamətləri varsa, həkimə müraciət etmək və ətrafdakı insanlarla təmasdan çəkinmək, simptomlar davam edərsə, COVİD infeksiyasının olub-olmamasını bilmək üçün testdən keçmək mütləqdir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR