İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol terrorunu necə dayandırmalı - dəhşətli statistika

1529 01.01.2023 22:48 Yazarlar A A

Yeni ilin ilk günü sosial şəbəkələrin və medianın əsas xəbərinin rəngi qara oldu çox təəssüf ki...Bakıda baş vermiş dəhşətli yol qəzasının tükürpədici kadrlarını izləmək üçün adamın ürəyi gərək daşdan olsun. Prospektə səpələnmiş meyitləri, tanınmaz halda olan qanlı avtomobilləri çəkən şəxsin səsi mənə ani olaraq mərhum Çingiz Mustafayevin Xocalıda çəkiliş edərkən hönkürtü içərisində söylədiyi “qaldır üzünü, üzünü qaldır”-deməsini xatırlatdı.

Paytaxtımızda gerçəkdən bir soyqırım mənzərəsi vardı...Kimdir günahkar?  Bunu hüquq mühafizə orqanları araşdıracaq. Amma yazıqlar olsun ki, azı 5 ailənin ocağı söndü, valideynlərin, doğmaların beli qırıldı, ölənədək əzab çəkəcəklər yaxın ətrafları. Qırılan təkcə sürətlə hərəkət edən avtomobilin nar çubuğu kimi ortadan qırdığı elektrik dirəyi olsaydı, nə vardı ki?! Yaşı 30-a çatmayan 5 vətəndaş, 5 gənc təkcə bir qəzada məhv oldu...Bu, bir qəzanın acı nəticəsidir.  

Statistika dəhşət saçır. 2017-ci ildə də yol nəqliyyat hadisələrinin və itkilərin getdikcə artması ilə əlaqədar bir araşdırma yazısı yazmışdım. O zaman da məni həmin yazını yazmağa vadar edən Hacıqabul ərazisindəki qəzada 1998-2000-ci illər təvəllüdlü 5 gəncimizin həlak olması faktı yazdırmışdı. Azərbaycanın 5 əsgərini, döyüşçüsünü itirməsindən yazmışdım, çıxış yolu aranması zərurətindən bəhs etmişdim. Və 1988-ci ildən 2016-cı ilədək təkcə yollarda, “qeyri-döyüş vəziyyəti”ndə itirdiyimiz vətəndaşlarımızın sayını hesablamışdım – düz 26 min 194 nəfər! Ardınca İmişlidə də 5 tələbənin həyatı yollarda qırılmışdı, sonra... Həmin illər ərzində baş verən 73 min 813 yol nəqliyyat hadisəsi zamanı yaralananların sayı isə 81 min nəfərdir! Bir ordunun sayı qədər yaralımız, şikəstə çevrilənimiz olub yollarda...

FotoJet (31).jpg (66 KB)

Sonralar itirdiyimiz nə qədərdir, bunu da hesablamaq lazımdır. Amma orta hesabla ildə min nəfər həlak olubsa, demək təkcə Qarabağdakı qanlı, həyacanlı hadisələr başlayandan 30 mindən artıq, əsasən də gənc və orta yaşlı vətəndaşlarımızı itirmişik yollarda! Qorxunc rəqəmdir! Düşmən əlindəki o boyda əraziləri 3 min şəhid (Allah hər bir şəhidimizə rəhmət eləsin, hər biri əvəzolunmaz oğullar idi) verərək azad edən ölkə üçün avtoqəzalarda bundan on dəfə çox insanı itirmək dəhşətli faktdır. Qarabağ uğrunda hər iki savaşda itirdiyimizdən çox insanlarımız həlak olub yollarda!

Hələ 2022-nin statistikası tam açıqlanmayıb. Amma Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 9 ayı ərzində 1259 və ya 2021-ci ilin 9 ayı ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, 599 nəfər həlak olub, 1099-u yaralanıb.  Ölümün gətirdiyi dəhşətli nəticə bəlli, yaralılar, ömürlük şikəst qalanlar, dövlətə yük olanlar...Baş verən bir qəza bir ailənin, bir elin, son nəticədə ölkənin qazandığı problem, dərd-sər olur. Deməli, məsələ hamımızı narahat etməlidir, görüləsi tədbirlərlə bağlı geniş ictimai müzakirələr başladılmalı, zəruri addımlar atılmalıdır ki, yol soyqırımına son verilsin.

Son zamanlar tanıdığım neçə insan yol qəzasının qurbanı olub. Elə ötən həftə qonşu kəndin sakini olan çox qiymətli bir insanın ölüm xəbərini eşitdim, şok oldum. Sərnişindaşıma ilə məşğul imiş, yolda sərnişin düşüb, sürücü görüb ki, onun baş geyimi maşında qalıb. Götürüb, ardınca qaçıb ki, çatdırsın. Bu vaxt sürətlə gələn digər maşın əvvəlcə sürücünü vurub kənara atıb, sonra da onun sürdüyü mikroavtobusa çırpılıb, neçə sərnişin ağır xəsarətlər alıb. Qəza törədən maşın 180-lər gəlirmiş!!!

Ötən günün “yol terroru” - 3 qəza, 5 ölü, 2 yaralı

Nə edək? Sürət həddinə görə cəzalar sərtləşdirildi, xeyri olmadı, təbliğat da işə yaramır, yol polisi də gecə-gündüz iş başındadır. Sürət həddini aşanların maşınlarının şininin güllələnməsi barədə qanuna əlavəmi olunsun? Düzü, şəxsən mənə çıxış yolu göstərmək çox çətindir. Elə belə bir ağrılı mövzuda yazı yazmaq qədər.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etmək, qəzaların sayını minimuma endirmək mümkündürsə, niyə buna gedilməsin? Deyək ki, bu illər ərzində ən çox yol qəzası 1991-ci ildə baş verib – 3336 hadisə! O zaman 1281 nəfəri itirmişik!!! Bəli, o zaman aləm bir-birinə dəymişdi, yol infrastrukturu bərbad idi, daha nələr...Axı, bu gün Azərbaycanda müasir, Avropa standartlarına uyğun yollar var, hətta ucqar kəndlərə qədər. Elə isə yol qəzalarının sayı azalmır? Niyə avropalılar eyni keyfiyyətli yollarda bizim kimi qırılmırlar? İsrailin də əhalisi təqribən bizim ölkənin əhalisi qədərdir. Ərazisi isə bizdən üç dəfə kiçikdir. Niyə orda bizdəki qədər yox, hətta bizdə baş verənlərin yarısı qədər qəza olmur? Hətta Avropanı da ötüb keçmişik bu, qara siyahıda...İsrail mütəxəssislərindən bir sıra sahələrdə istifadə edirik, əməkdaşlığımız öz faydasını verir, bəlkə yol nəqliyyat hadisələri ilə bağlı da mütəxəssislər dəvət olunsun, təcrübə mübadiləsi aparılsın, beynəlxalq ekspertlər dəvət olunsun, görək nəyi, harda səhv edirik, axı, qırılıb qurtardıq...

Yeri gəlmişkən, ölkənin avtomlobil parkının yenilənməsi məsələsi də aktualdır. Bir sırab hallarda ikinci, üçüncü əl maşınların ölkəyə axını, əllərdəki sovet maşınları, təhlkükəsizlik yastığı belə olmayan avtomobillər ölüm sayını artırır. Vətəndaşlar ölümlə çilingağac oynadıqlarının fərqində olmurlar. Digər tərəfdən də piyada ölümlərinin sayı durmadan artır. Hətta piyada zolaqlarının üstündə qətlə yetirilir piyadalar. Bir çox piyadalar isə keçidlərdən istifadə etmədikləri üçün özlərini də, digər insanların da həyatını qara gətirirlər, bu da başqa bir mövzudur. Yol terrorunu dayandırmaq lazımdır, yoxsa adam avtobus dayanacağında gözləməyə də ehtiyat edir. Elə yazının girişində haqqında bəhs etdiyimiz hadisədə həlak olan digər sürücü öz yolu ilə getdiyi halda, bədbəxt oldu... 

Elşad Paşasoy,
Musavat.com

Attachment

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR