İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni qaydaların özü gəlməmiş təsiri gəldi: Taksidə gediş haqqı yenə artır

1427 17.05.2024 18:36 Gündəm A A

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sertifikatlaşdırılması üçün müəyyən edilən ilk mərhələ iyulun 1-də başa çatacaq. Ötən il qəbul edilən qaydalara əsasən taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

Yeni qaydalara görə, istehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. Çünki 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər – buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır.

Dövlət Statistika Komitəsinin rəsmi statistikasından məlum olur ki, 2023-cü ildə ölkədə avtomobil nəqliyyatı ilə 1694,1 milyon sərnişin daşınıb ki, bu da əvvəlki illə müqayisədə 20,6 faiz artım deməkdir. Sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Bu isə o deməkdir ki, taksidən istifadə edənlərin sayı 95 milyon nəfərə yaxın olub.

Bu ilin 4 ayında avtomobil nəqliyyatı ilə 546,2 milyon sərnişin daşınıb və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artım deməkdir. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Beləliklə, dörd ayda taksi xidmətindən istifadə edənlərin  sayı 25 milyon 671 min 400 nəfər təşkil edib.

Mart ayında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il yaydan həmin aya qədər taksilərin sayının 67 mindən 60 minə qədər azaldığını bildirib. Nazirlik rəsmisinin dediyinə görə, Bakıda olan adam sayına görə 20 minə qədər taksiyə ehtiyac var. Nazir müavini bildirib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib: "Taksilərə münasibətdə bütün meyarlar Nazirlər Kabinetinə təqdim edilən taksilərə dair tələblər sənədində müəyyənləşib. Yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər. Bu, eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. Bizim ictimai nəqliyyatda sürücü çatışmazlığımız var, yük daşıyıcıları arasında da sürücü ehtiyacımız var".

AYNA-dan verilən məlumata görə, may ayının əvvəlinədək 600-dən bir qədər çox sürücü onlara müraciət edərək taksi fəaliyyəti üçün icazələr əldə edib. Bu isə rəsmi açıqlanan 60 min taksi fəaliyyəti göstərən avtomobillə müqayisədə çox kiçik rəqəmdir.

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Bu operatorlar isə iyulun 1-ni gözləmədən xidmət haqqını artırmaq qərarına gəliblər. Bu barədə sürücülərin verdiyi məlumatdan aydın olur ki, iyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 manat olacaq.Taksi sürücüləri bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib. Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır: “Artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. İyunun 1-dən etibarən 2005-ci ildə istehsal olunan avtomobillərə də sistem üzərindən sifarişlərə blok qoyulacaq. Bu isə taksi çatışmazlığına, qiymət artımına gətirib çıxarır”.

Yeni qaydaların taksi xidmətində bahalaşmaya gətirəcəyi dövlət qurumları üçün gözləniləndir. AYNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır: “Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”.

Qeyd edək ki, artıq ötən həftədən taksi qiymətlərində bahalaşma müşahidə olunur. Ötən həftə “Bolt” taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. “Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib.Məlumat üçün bildirək ki, hazırda “Bolt” taksidə minimal gediş haqqı 2,50AZN-dir. (Sputnik Azərbaycan)

Yeni qanun haqsız rəqabətin qarşısını ala biləcəkmi? – Natiq Cəfərlinin  CAVABI

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, taksi xidməti haqqının artması gözlənilən idi: “Gözlənən və öncədən dediyimiz kimi, hökumətin taksi xidməti sahəsinə “səlib yürüşü” nəticəsində taksi qiymətləri artdı, iyunun 1-dən sonra isə daha da artacaq, ən ucuz gediş haqqının 4,5 manat olması gözlənilir. Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi, çünki, keyfiyyət artmayıb, arta da bilməzdi, eyni avtomobillər, amma daha az sayda taksi xidməti göstərirlər. İqtisadiyyatın “qızıl qanunu” işə düşür – təklif azalır, tələb yerində qalır, nəticədə qiymətlər yüksəlir”.

Ekspert hesab edir ki, yeni qaydalar nəticələr tam hesablanmadan verilib, çünki hazırda taksi xidmətinin daşıdığı sərnişin yükünü nə metro, nə də sərnişin avtobusları qaldırmaq gücündə deyil...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR