İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni milli və modern uşaq cizgi filmlərinin çəkilməməsinin fəsadları

442 01.12.2022 08:10 Ölkə A A

Ekspert: “İndi hərəkətə keçmək lazımdır ki, zamanla müsbət nəticəsi olsun”

Uşaq beyni ağ vərəqdir və ora körpəlikdə yazılanlar “daş yaddaş”dır, xarakterin formalaşmasına ciddi təsir edir. Bu baxımdan əksər ölkələr özlərinin milli, öz dəyərlərinə uyğun cizgi filmləri çəkirlər. Hazırda körpələrin cizgi filmlərini izləməsi məkanı təkcə televiziya deyil. Sirr deyil ki, əksər körpə və azyaşlılar üçün telefon, kompüterdə də reklam olunan səhifələrdə, “YouTube”da cizgi filmləri əlçatandır.

Hazırda Azərbaycan ailələrində əksərən Rusiya və Qərb, Avropa ölkələrinin çəkdiyi cizgi filmləri seyr edilir və bu, onların tərbiyəsinə təsirsiz ötüşmür. Bir qisim uşaqlarını Türkiyə cizgi filmlərinə baxmağa öyrəşdirir. Bütün hallarda ortaya çıxan mənzərə bundan ibarətdir ki, Azərbaycanın bir sıra köhnə, sovet vaxtı çəkilən cizgi filmləri olsa da, son dövrlərdə milli və modern çalarlı, bu günün tələbləri, reallıqları ilə uzlaşan, uşaqları cəlb edə bilən cizgi filmləri yox səviyyəsindədir. Yerli telekanallar da əksərən xarici cizgi filmlərini nümayiş etdirir və oradakı yad çalarlar uşaqlarımızın beyninin yönlənməsində izlərini buraxır. Niyə milli və müasir cizgi filmləri çəkilmir? Tərbiyəyə uşaqlıqdan başlanılmalıdırsa, müvafiq qurumlar bunu niyə unudur?

Animasiya filmləri haqda müsahibə-animator Sultan Abbasbəyli - YouTube

 Sultan Abbasbəyli 

Animator Sultan Abbasbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda animasiya filmlərinin hazırlanması üçün potensial var. Onun sözlərinə görə, hazırda bu sahənin mütəxəssisləri işsizdir: “Biz bilgimizi animasiya filmlərinin istehsalına yönəltməliyik. Cizgi filmlərinin istehsalına böyük komanda çalışır, buna görə indiki vəziyyətdə animasiya seriallarının hazırlanmasına diqqət çəkmək lazımdır. Türkiyədə də öncə animasiya seriallarını inkişaf etdirdilər, "TRT Çocuk" kanalı da dəstək oldu. Azərbaycanda serialın 1-2 bölümündən sonra istehsal dayanır. Yerli animatorlar sifariş gözləyirlər. Bizim “Uşaq və buz” filminə “YouTube”da təqribən 1 milyon baxış olub. Çox bəyənilib. Cizgi filmlərimizdə texniki baxımdan nöqsan yoxdur. Müasir texnologiya ilə keyfiyyətli işlər ərsəyə gətiririk. Əlbəttə, avadanlıqların yenilənməsinə daim ehtiyac var, lakin bundan öncə həll olunmalı məsələlər var. Maliyyə olsa, düzgün yönəldilsə, yaxşı olar. İndi hərəkətə keçmək lazımdır ki, zamanla müsbət nəticəsi olsun. Buna biganə olmayaq. Çox az ölkədə animasiya filmi istehsalı sahəsində problem var. Gürcüstan, İran, Türkiyədə bu sahə çox gözəl inkişaf edib. Ermənistanlı animatorlar animasiya filmlərində belə əleyhimizə təbliğat aparırlar. Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqəyə ümidim böyükdür. Bu müsabiqəyə üzərində çox əziyyət çəkdiyim layihəni təqdim etmişəm. Nəticələr yəqin ki, növbəti ildə elan olunacaq". 

Rəşid Ağamalıyev: Dünyanın ən böyük animasiya festivallarında iştirak  edirəm və hər yerdə bizdən yaxşı olan vəziyyəti görürəm – AKI

Rəşid Ağamalıyev

Mövzu ilə bağlı “Animafilm” Beynəlxalq Animasiya Festivalının təsisçisi, Azərbaycan Animasiya Assosiasiyası ictimai birliyinin sədri, prodüser Rəşid Ağamalıyev qeyd edib ki, ölkədə animasiya film istehsalına lazımi diqqət yetirilmir: “Milli animasiyamızda problemlər çoxdur, hətta bu sənayeni, zənnimcə, bir müddət əvvələ kimi "ölü" hesab etmək olardı. Hər zaman qeyd edirəm, bir daha da vurğulamaq istəyirəm ki, Azərbaycanda hazırda 2 milyondan çox uşaq xarici animasiya filmlərini izləyərək böyüyür. Uşaqların dünyagörüşünün formalaşmasında ekranda izlədikləri böyük rol oynayır. Animasiya sənəti üzrə tədris proqramları azdır. Bunlara baxmayaraq, gənclər öz hesablarına, xarici kurslardan əldə etdikləri biliklərlə qısametrajlı da olsa layihələr hazırlayır, öyrənir, inkişaf etməyə çalışırlar. Lakin bu kiçik addımlar insanı bəlli bir səviyyəyə qədər gətirib çıxarır. Nəticədə ya yerli mütəxəssislərimiz daha çox karyera perspektivlərinin olduğu xarici ölkələrə köçür, ya da animasiyanı, sadəcə, bir hobbi kimi davam etdirirlər. Bizim dünya səviyyəsində animasiya filmləri hazırlayacaq potensialımız olsa da, bunun üçün şəraitimiz yoxdur. Dayanıqlı ekosistem olmadığı halda inkişaf ya ləngiyir, ya da ümumiyyətlə dayanır. Digər tərəfdən, bu sahədə irəliləyiş gedir. Mədəniyyət naziri Anar Kərimov, eləcə də Mədəniyyət Nazirliyinin audiovizual şöbəsinin müdiri Rüfət Həsənov sayəsində dövlətimizin bu sahəyə qayğısı addım-addım artır. Mədəniyyət Nazirliyi “Animafilm”  Beynəlxalq Animasiya Festivalının əsas dəstəkçisidir, hansı ki, bu festival hazırda ölkəmizdə yerli animasiya sənətkarlarını dünya animasiya sənayesi ilə birləşdirən yeganə tədbirdir.

Bu yaxınlarda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Nizamnaməsi Cənab Prezident İlham Əliyev tərəfindən təsdiqləndi. ARKA-nın təsis edilməsi çox böyük əməklər nəticəsində baş verib. ARKA-nın fəaliyyətə başlaması ilə Azərbaycan kinosunda müsbət dəyişikliklərin olacağı, böyük islahatların keçiriləcəyindən ümidliyik. İnanıram ki, bir neçə il sonra Azərbaycan animasiyasının uğurları çoxalacaq. Yeri gəlmişkən, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına son 5 ildə onlarla milli animasiya filmi qəbul olub, ancaq təəssüf ki, tamaşaçıların bunları yalnız bir dəfə festival daxilində izləmək imkanları olub. Televiziya kanalları ilə əməkdaşlıq edilməsinə, festivalın hər il işıqlandırılmasına baxmayaraq, yerli animasiya filmlərini məhz telekanallarda yayımlamaq təklifi almamışıq. Əgər kimsə televiziya kanalları və yerli animasiya filmləri arasında körpü olmağa hazırdırsa, buna çox şad olaram. Bundan başqa, tədris proqramları yaratmaq, festival mühitini inkişaf elətdirmək, beynəlxalq əlaqələri gücləndirmək, filmləri və mütəxəssisləri dünyaya tanıtmaq və həmçinin, bu filmlərlə yerli publikanı tanış etmək-bunların hər biri zaman, resurs, maliyyə və müvafiq kino qanunvericiliyi tələb edir.

Azərbaycan Animasiya Assosiasiyası və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı əlindəki məhdud imkanlarla bacardığı qədər Azərbaycan animasiyasını canlandırmağa çalışır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə animasiyanın inkişafı ilə bağlı bir neçə inkişaf strategiyası təklif edir. Biz də yerli kanallarda istedadına və yaradıcılığına bələd olduğumuz həmyerlilərimizin animasiya filmlərini izləməyi çox istəyirik. Bu işlə məşğul olmaq istəyən şəxslər varsa, yaxud hərhansı yerli televiziya kanalı yerli animasiya filmlərini yayımlamaq arzusundadırsa, bu prosesi tezləşdirmək üçün Azərbaycan Animasiya Assosiasiyası əlindən gələni etməyə hazırdır".

 Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR