İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni il səhəri baş ağrısı ilə oyanmamaq üçün bunları etməliyik

1138 26.12.2022 22:20 Səhiyyə A A

Bütün bayram süfrələrində olduğu kimi, biz yeni il süfrəsində də yemək çeşidlərinin çox olmasını istəyirik. Qidaları bir-birinə qarışdırıb qəbul etdikdən sonra özümüzü pis hiss etdiyimizdən, həzmsizlikdən şikayətlənirik. Bütün bunları yaşamamaq üçün qida seçimində daha diqqətli olmalıyıq. Nəticədə bu bayramlar bizə yemək üçün verilmiş son şans deyil. Yeməyə həmişə vaxt var.

Bu sözləri tanınmış həkim-diyetoloq Tutu Zeynalova deyib.

Onun sözlərinə görə, bayram günü 2 dəfə qidalanmaq metabolizm üçün olduqca faydalıdır: ”Səhər yeməyimizi biraz gecikdirərək təxminən saat 11:00-12:00 arası qida qəbul edək. Səhər yeməyini yedikdən sonra axşam süfrəsinə biraz tez oturaq yəni saat 18:00-19:00 arası otursaq daha yaxşı olar. O ki qaldı bayram süfrəsində nəyə diqqət yetirməyimizə. İlk növbədə yeməyə bol tərəvəzli, bol göyərtili salatla başlamaq daha məqsədə uyğundur. Salatları isə mayonezli deyil, zeytun yağlı qəbul edək. Bununla da daha az kalori qəbul etmiş olarıq. Daha sonra protein qəbuluna, yəni ət məhsullarına keçək . Əti yağda qızartmamaq şərtilə qəbul edək. Ət məhsulları sırasında qırmızı ət, toyuq əti, balıq əti, hindi ola bilər. Bu təbii ki, hər bir ailənin öz seçimidir. Bir çeşid olsa daha yaxşı olar. Belə günlərdə unlu məmulatları əlimizdən gəldiyi qədər az istifadə etsək çox yaxşı olar. Karbohidratları, yəni qarniri daha az qəbul edək. Məsələn plov yeyəcəyiksə, onu sona saxlayaq. Çünki düyünün qlisemik indeksi yüksəkdir.

Əgər şorba qəbul edəcəyiksə ondan öncə şorbaya yaxud da 1 stəkan suya 1 xörək qaşığı evdə hazırlanan alma sirkəsi əlavə edək. Biz bu üsuldan istifadə etməklə həzmsizliyimizin , yeməkdən sonrakı diskomfortun qarşısını ala bilərik. Bundan əlavə yeməkləri aramla yemək, yaxşı çeynəmək mədədə dolğunluq hissini artıracaq və kiçik porsiyalarla doyacağıq”.

Diyetoloq adi su içərək daha az kalori qəbul etməyi tövsiyyə edir: “Mən içkiləri də nəzərinizə çatdırmaq istəyirəm. İçki olaraq adi su içsək uyğundur. Çünki meyvə şirələri, qazlı içkilər geniş yemək çeşidindən sonra problem yarada bilər. Eyni zamanda, meyvə şirələri bizim doyma hissimizin qarşısını alır və biz daha çox yemək istəyirik ki, bu da artıq çəki yaradır. Bayram günlərində günə 2 fincan yaşıl çay içməyimiz yaxşı olar. Axşam yeməyindən sonra həzmsizliyin, köpün qarşısını almaq üçün bitki çaylarından razyana, melisa, çobanyastığı, ada çayı kimi çaylardan istifadə etmək bizə bayramı rahat keçirməyimizə kömək edəcək.

Əgər meyvə yeyəcəksinizsə günün birinci yarısı yeməyiniz tövsiyyə olunur. Amma deyirsinizsə bayramdı, axşam yeməyindən sonra meyvə, şirniyyat yemək istəyirik , o zaman kiçik porsiyada südlü şirniyyata üstünlük verək. Yemək masasından qalxdıqdan sonra yarım saat ,heç olmasa 15 dəqiqə çıxıb təmiz havada piyada gəzək. Bu da yeni il səhəri baş ağrısı ilə yorğun şəkildə oyanmamağımıza kömək olacaq. Düşünürəm ki, qeyd etdiyim bütün bu məqamlara diqqət yetirsək, heç bir sağlamlıq problemi yaşamadan bayramı çox gözəl keçirə bilərik.”/Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR