İnsanlara hürriyət, millətlərə istiqlal!

Yediyimiz qidanın neçə faizi GMO-dur - İlginc rəqəmlər

2117 29.04.2023 09:18 Yaşam A A

GMO ilə qidalanan heyvanların ətində, südündə və yumurtasında GMO qalığı qalırmı? - Mütəxəssis açıqladı

Mayın 5-dən Azərbaycana idxal edilən, həmçinin ölkəmizdə istehsalı, emalı və dövriyyəsi həyata keçirilən genetik modifikasiya olunmuş (GMO) orqanizmlərin və yem məhsullarının qeydiyyatına başlanılacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA tərəfindən həyata keçiriləcək qeydiyyat proseduru ilə bağlı tələb edilən sənədlərlə maraqlananlar və digər məlumatları almaq istəyənlər Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya edilmiş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq qaydada qeydiyyata alındıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi isə qadağandır. Belə ki, sözügedən qanuna uyğun olaraq, qeydiyyatdan keçirilməyən məhsulların ölkəmizə idxalına, həmçinin respublikamızda istehsalına, emalına və dövriyyəsinə məhdudiyyətlər tətbiq ediləcək. Qanunda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasına idxal edilən, eləcə də ölkəmizdə istehsal və emal olunan yem məhsullarının tərkibində genetik modifikasiya edilmiş orqanizmlər mövcud olduğu hallarda, həmin malların etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumat əks etdirilməlidir. Aydındır ki, GMO qidalarla qidalanan heyvanların və quşların əti də GMO olacaq. Bəs Azərbaycanda yediyimiz qidanın neçə faizi CMO-dur və yeni qaydanın tətbiqi bu sahədə istehlakçı hüququnun qorunmasına nə dərəcədə yardımçı olacaq? GMO məhsullar daha çox əhalinin hansı qrupuna ziyandır?

Qeyd edək ki, GMO - Xüsusi laboratoriyalarda virus, bakteriya, heyvan və bitkilərin DNT-sindən istifadə edilərək yaradılan yeni bitki növlərinə verilən addır. Məsələn, kartofun soyuğa və xəstəliklərə davamlı olması üçün ona əqrəb geni, pomidor və çiyələyin şaxtaya dözümlü olması üçün isə ona balıq geni vurulur. Bu yolla canlının genetikasında dəyişiklik edilərək, məhsuldarlıq artırılır və nəticədə şirkətlər daha böyük maddi qazanc əldə edirlər.

Yusif Həkim 

Qida mühəndisi Yusif Həkim mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, GMO məhsullarının idxalı və ümumiyyətlə ölkədə dövriyyəsi CM-nin 200-2 maddəsi ilə qadağandır. Hətta Qida Təhlükəsizliyi haqqında qanun qüvvəyə minmədən öncə aktual olan “Yeyinti məhsulları haqqında” qanunun 9-cu maddəsi də GMO məhsullarını qadağan edirdi. Lakin bu qadağalar bütün məhsulları əhatə edirdi. Yəni birbaşa istehlak edilən və heyvan yemi kimi istifadə edilən məhsulları. Dünyada istehsal edilən soyanın təxminən 95%-i GMO-dur, faktiki bu soyalar heyvan yemlərində istifadə edilir. Ortalama yem rasionunun 30-35%-ni təşkil edir. Faktiki GMO məhsulunu ölkəyə gətirmək cinayət məsuliyyəti yaratmağına baxmayaraq soya və qarğıdalı ölkəyə məcbur heyvan yemi kimi gətirilirdi. “Qida Təhlükəsizliyi haqqında” qanunda konkret bu məsələni şərh etdilər. Yəni heyvan yemi və birbaşa insan tərəfindən istehlak edilən (məsələn, kartof) məhsullar olaraq ayrıldı. Heyvan yemi kimi gətirilən məhsullar da yalnız qeydiyyatdan sonra icazə veriləcək. Burda sual yaranır ki, GMO ilə qidalanan heyvanların ətində, südündə və yumurtasında GMO qalığı qalırmı?"

Ekspert əlavə edib ki, yemə tətbiq edilən fiziki proseslərdən başqa, heyvanın istehlak etdiyi DNT çeynəmə və həzm sistemi boyunca davam edən fermentativ həzm və turşu hidrolizi ilə sürətlə kiçik parçalara parçalanır: “DNT istehlakı ilə əlaqədar olaraq, həm Ümumdünya Səhiyyə Təşkilatı (1993), həm də ABŞ Qida və Dərman İdarəsi (FDA) DNT istehlakının, o cümlədən GMO məhsullarından DNT istehlakının risk yaratmadığı qənaətinə gəlib. EFSA tərəfindən 20 iyul 2007-ci il tarixdə hazırlanmış ”Ət, süd və yumurtada rekombinant DNT və ya zülalların taleyi" mövzusunda hesabatda GMO bitkiləri ilə qidalanan broylerlər, inəklər, donuzlar və ya bildirçinlər kimi kənd təsərrüfatı heyvanlarının toxumalarında, mayelərində və ya südündə GMO hissəcikləri və ya zülalları tapılmadığı bildirilir. Aeschbacher və başqalarının (2005) broyler və yumurtlayan toyuqlar üzərində apardıqları araşdırmanın nəticələri də rekombinant DNT və onun hissəciklərinin toyuq ətinə və yumurtasına keçmədiyini ortaya qoydu. Eyni tapıntılar mövzu ilə bağlı bir çox tədqiqatda təsdiqlənib.

Beləliklə, broyler toyuğunun birmənalı olaraq ziyanlı olmasını söyləmək yanlışdır. Təhlükəsiz, halal toyuqları yemək lazımdır. Halal və Tayyiblik prinsipi kəsimdən əvvəlki prosesləri (bəsləndiyi yem), kəsim prosesini (əl ilə kəsim, stresdən azad olma və.s) və kəsimdən sonra prosesləri (qan süzülmə, tərəzi faktorları və.s) əhatə etməlidir. Çalışın ki, iri çəkili (1,5 kq - dan yuxarı) və təzə (yəni soyudulmuş) toyuq əti istehlak edəsiniz. Unutmayın ki, toyuq əti “tez korlanan mallar” qrupuna daxildir və “soyuq zəncir” tələb edən məhsuldur, ona görə də alış-veriş zamanı toyuq alışını sona saxlayın. Soyuducusu olmayan və ya soyuducusu işləməyən marketlərdən soyudulmuş toyuq almayın, bu sizin həyatınız üçün çox təhlükəlidir. Soyudulmuş toyuğun daxili temperaturu maksimum + 40C olmalıdır".

Nəzərə çatdıraq ki, GMO-nun insan həyatı üçün təhlükəli olması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiq olunub. ÜST-ün apardığı araşdırmalar nəticəsində məlum olub ki, GMO-ların geniş istehsalına başlanıldığı 1995-ci ildən dünyada qlüten həssaslığı, diabet və xərçəng kimi xəstəliklərin sayında ciddi artım qeydə alınıb. Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, bu yolla hazırlanan qidalar insan sağlamlığı üçün olduqca təhlükəlidir. GMO-nun zərərli təsirləriylə bağlı ilk elmi nəticə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun siçovullar üzərində apardığı təcrübə əsasında GMO-lu məhsul yedizdirdiyi bu heyvanların bir müddət sonra qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qara ciyərlərinin ölçüsü kiçilərək funksiyaları zəifləyib, ümumi çəkiləri və beynin çəkisi azalıb, aqressivlik yüksəlib, hətta bir müddət sonra onlar bir-birilərini yeməyə başlayıblar. Bəzi ekspertlər hətta xərçəng xəstəliyinin də yaranmasına səbəb olduğunu deyirlər.

Onkoloq Nəsimi Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, GMO-ların insan orqanizmində hansı xəstəliklər yaratması barədə konkret elmi tədqiqat  yoxdur: “Bizim əlimizdə elmi əsas yoxdur ki, GMO insan orqanizmində hansı xəstəliklər yaradır. Belə bir laboratoriyada araşdırma aparmamışıq. Ola bilər ki, hər hansı xəstəliyin meydana gəlməsində böyük rol oynasın, amma hansısa xəstəliyi yaratmasını heç kəs deyə bilməz. Bəlkə hansısa ölkədə elmi araşdırma aparılıb, onlarda laboratoriya analizlərinin nəticələri var, amma mən belə bir şey oxumamışam”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR