İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıya pozu var – düzgün yazmayanda

2110 03.04.2022 14:27 Yazarlar A A

Bu yaxınlarda bir sosial şəbəkə istifadəçisi yazmışdı ki, keşkə, elə bir sistem qurulaydı, Feysbuk qrammatik baxımdan savadsız postları, şərhləri qəbul etməyəydi, o zaman hər kəs, xüsusilə də gənclər qüsursuz yazmağı öyrənərdilər.

Bir qədər zarafatla deyilsə də, bu, gerçəyi əks etdirən fikirdir. Doğrudan da ildən-ilə, hətta gündən-günə yazılarımızın qrammatikası pozulur, mübtədasız, xəbərsiz, hətta nöqtə, vergülsüz, qarmaqarışıq mətnlər ortaya çıxır.

Bir neçə gün öncə Şəmkir rayonunun təhsil şöbəsinin rəhbərinin adından yazılmış bir mətn yayılmışdı, tam biabırçılıq idi. Minlərlə müəllimə rəhbərlik edən bir ali təhsilli müəllim belə yazırsa, demək, yerində deyil.

232.JPG (80 KB)

Ən qəribəsi odur ki, ali məktəbə qəbul imtahanlarında 650-700 bal toplayan tələbələrin də yazılarında xeyli qrammatik səhvlər olur. Bu, nə deməkdir? Yəni ana dilimiz qəliz düsturlarla, tənliklərlə dolu kimyadan, riyaziyyatdan, fizikadan çətindirmi ki, onları öyrənib “əla” qiymətlər alan gənclər adi avtobioqrafiyalarını yazanda səhvlər buraxırlar.

Bunun nədən belə olduğunun səbəbləri çoxdur. Səbəblərdən biri də odur ki, yazı dili və qrammatika sahəsində aksiomlar yoxdur, burada 2+2-nin cavabı 4 deyil, bu suala az qala hərənin bir cavabı var. Bir sözü, ifadəni düzgün yazanlar da hansısa kitaba istinad edə bilir, yanlış yazanlar da.

Bu baxımdan dövrü mətbuatın üzərinə böyük yük və məsuliyyət düşür. Qəzetlər, saytlar qrammatik baxımdan maksimum dürüst yazmalıdırlar və ortaya nümunəvi standart qoymalıdırlar ki, oxucular özləri nəsə yazası olanda onların yazı təcrübəsindən istifadə etsinlər.

Təəssüf ki, hələlik bu meyarlardan, nümunəvi standartlardan uzağıq. Hazırda ölkədəki ali təhsilli, yüksək mənsəbli adamların yazıları orta məktəb inşası səviyyəsində də deyil.

1501326609_1496060691_yaz1.jpg (66 KB)

Birinci özümüzdən, mediada yol verilən qüsurlardan başlayaq.

Bir neçə ay öncə saytlarda belə bir başlıq vardı: “1389 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 408 hektar ərazi mina və PHS-lərdən təmizlənib”.

Sual çıxır: “Partlamamış Hərbi Sursat” xüsusi isimdirmi ki, böyük hərflərlə yazılsın? Yanlışdır. Bu ifadənin abbreviaturası PHS kimi yazıla bilər, amma açması xırda hərflərlə yazılmalıdır - “partlamamış hərbi sursat” kimi. Eyni meyar “KİV”-ə də aiddir, o da “kütləvi informasiya vasitələri” kimi yazılmalıdır. Başqaları da var: HHM – “hava hücumundan müdafiə”; HHQ – “hərbi hava qüvvələri”; HDQ – “hərbi dəniz qüvvələri” və s. Bu ifadələrin heç biri xüsusi isim deyil. Həm HHQ-lər, həm də HDQ-lər, eləcə də HHM-lər dünyanın əksər ölkələrində var və muxtar şəkildə HHQ deyərkən adamın gözünün qarşısında konkret bir yer, məkan, predmet, ünvan (Himalay dağı, Xəzər dənizi, Niaqara şəlaləsi, Qrenlandiya adası, BMT, NATO və s. kimi) canlanmır və sual yaranır: “Hansı ölkənin HHQ-si?” Xüsusi isim məhz həmin ölkənin adıdır.

Bu baxımdan “Abşeron Yarımadasının Dayazsulu Hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanıb” başlığında da “Abşeron” sözündən başqa heç bir söz böyük hərflə yazılmamalıydı.

Bu, “İqlim Konfransı”, “Yol Xəritəsi”. “Dövlət Proqramı”, “Əmək Yarmarkası”, “Istirahət Mərkəzi”, “Quru Qoşunları” kimi söz birləşmələrinə də aiddir. Onlar da xüsusi isimlər deyillər və mətnlərdə kiçik hərflərlə yazılmalıdırlar, sadəcə, bəziləri, məsələn, “yol xəritəsi” dırnaqda yazıla bilər, çünki bu məcazi mənadadır, gerçək yol xəritəsi deyil.

images.jpg (11 KB)

Sovet dövründə yaşayanlar və ya bu dövrə aid müxtəlif səpkili ədəbiyyat oxuyanlar bilir, SSRİ adlı dövlətin tam adı beləydi: “Sovet Sosialist Respublikalr İttifaqı”. Ölkənin abbreviaturası SSRİ, nisbətən qısa adı “Sovet İttifaqı”ydı. Mətnlərdə “sovet hökuməti”, “sovet dövləti” ifadələri isə kiçik hərflərlə yazılırdı. Amma indi əksər mətnlərdə ölkənin adı “Sovetlər Birliyi” və ya “Sovetlər” kimi qeyd olunur. Yanlışdır. Eləcə də “Sovetlər dövründə” ifadəsi düz deyil, “sovet dövründə” kimi getməlidir.

Cümlə quruluşlarında tez-tez istifadə olunan “hansı ki” sözü də çox yanlışdır. Bu rus dilindəki “kotorıy”ın hərfi tərcüməsidir və ana dilimizdə işlədilə bilməz. “Baxmayaraq ki” ilə başlayan cümlələr də düzgün deyil. Bu ifadələrdən imtina edəndə, onları dilimizdəki sözlərlə əvəzləyəndə ortaya daha anlaşıqlı və ifadəli cümlələr çıxır. Bundan ötrü cümləni əvvəlcədən düzgün qurmaq lazımdır. Məsələn, “Putinin Ukraynaya hücum qərar verməsi gözlənilməz olmadı, hansı ki, bunun belə olacağı əvvəlcədən məlum idi” cümləsini başqa cür də qurmaq olar: “Putinin Ukraynaya hücum qərarı verəcəyi əvvəlcədən məlum olduğu üçün gözlənilməz olmadı”.

Son vaxtlar dəb şəklini alan “Prof.Dr” ifadəsi də düzgün deyil. Bu, “professor-doktor” ifadəsinin qısaldılmış variantıdır və bizə Türkiyədən gəlib.

Yazılarda kütləvi şəkildə “oğullar” və “oğlanlar” sözlərinin tay-dəyişik işlədilməsinə rast gəlirik. Məsələn, yazırlar: “Bu məmurun oğlanlarının adı vaxtaşırı qalmaqallarda hallanır”. Əslində isə ifadə “məmurun oğulları” olmalıdır, burada “oğlanları” ifadəsi başqa, hətta biədəb məna verir.

Bir az da uzun başlıqlar probleminə deyinək. 1-2 ay önvə saytlardan biri yazmışdı: “Şirvanda vətəndaşlarla məxsus iri buynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb”. 10 sözdən ibarətdir. Bunu 5 sözlə ifadə etmək olar: “Şirvanda heyvan oğurlayan qardaşlar saxlanılıb”. Başlıqda oğurlanan heyvanların iri və ya xırda buynuzlu olmasını, onların kimə məxsusluğunu qeyd etməyə ehtiyac yoxdur.

Başqa bir misal. Bir müddət əvvəl redaksiyamızın ünvanına aşağıdakı başlıqda xəbər gəlmişdi: “Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti - Suraxanı rayonunda son 15 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı daha 45 nəfər saxlanılıb”. 27 söz. Ancaq başlıqdan 20 sözü ixtisar edəndə belə qalır: “Son 15 gündə Suraxanıda 45 narkatacir saxlanılıb”. Vəssalam. Hər şey aydın, anlaşıqlı...

Əcnəbi adların yazılışı sahəsində, dilimizdəki sözlərin xarici dillərdən alınmış terminlərlə əvəz edilməsi (əsasən savadlı görünmək xətrinə) məsələsində də xeyli problem var, amma bu, daha uzun söhbətdir.

İnsanların öz ana dillərini yaxşı bilməsi, həm şifahi danışıqda, həm də yazıda öz fikirlərini lakonik və qüsursuz ifadə etmələri önəmlidir. Düzgün yazı yaxşı savadın ilk göstəricisidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR