İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarmarka russkoyazıçnıları

2213 07.12.2022 13:13 Yazarlar A A

 

O gün bir alış-veriş mərkəzindəyəm, sakit şəkildə bir tərəfdə dayanmışam, yaxınlığımda müştəri və satıcının arasında tər-təmiz ana dilimizdə dialoq gedir:

- Bunun maloçnu sveti var?

- (axtara-axtara) Karişnisi var.

- Yox, maloçnusu lazımdır, divanımız da, aboyumuz da bejıydır, karişni getməz.

- Lilovusu gedər dəə. Salatovu da pis qalmaz. Bu saat heç kim padsvet eləmir.

Dialoq bu cür davam edir. Ana dilimizi kitabdan öyrənmiş, ölkəmizdə ilk dəfə olan əcnəbi hesab edər ki, ya Bakı əvəzinə azıb gedib Voronej tərəfə çıxıb, ya da Azərbaycan dili budur, özü yanlış dil öyrənib.

Belə epizodları istənilən yarmarkada, alış-veriş mərkəzində görmək olar. Oralarda hamı rusdillidir, daha dəqiqi, russkoyazıçnıdır. Ticarət dilimiz rus diliylə Anadolu ləhcəsinin qarışığı olan bir dildir artıq. Bu gün sabah cins şalvara “kot pantalon” deyəcəyik.

Avtomobil üçün ehtiyat hissələri satılan yerlər daha maraqlıdır. Orada sovet vaxtından ehtiyat hissələrinin adı rusca deyilir, hələ də elədir, bu gedişlə 50 ildən sonra da elə olacaq. Tutaq ki, sənə “podşipnik” lazımdır, bunu harada, kimə tərcümə etdirəsən ki, dəqiq adını tapasan? Hətta satıcıya “mənə podşipnik lazımdır” desən, başa düşməyəcək, gərək “paçevnik” deyəsən. “Alışdırıcı şam” desən, deyəcəklər, “bizdə elə şey yoxdur”, “sveça” deməlisən. Hələ bunun “rulevoy kolonka”sı, “nakladka”sı, “ruçnoy tormozu”, “N” qədər başqa detalları var. “Çexol” yerinə “örtük” desən güləcəklər. “Oturacaq” deyənlərlə “sidenye” deyənlərin nisbəti 10\90-dır.

Bu leksikonumuzun üzündəndir ki, illər öncə Türkiyədən gələn tələbələr əvvəl-əvvəl dilimizi anlamırdılar, sonradan Bakı mühitinə alışır, “ana dilimizin incəlikləri”ni öyrənirdilər. Bir dəfə mikroavtobusda 4 türkiyəli tələbənin danışığına, türkün sözü, qulaq müsafiri oldum, bir az da ironiya ilə belə danışırdılar,: “Abi, hanki ASTANOFKAda düşüyoruk?”, “UJE çatırıq, BRAT, PAŞTİ”, “Şoferə de, PRAMOY DVARESin yanında dursun” və s.

Belə söhbətlərin üstündən keçərək, “məişət dilidir”, “loru dildir” deyə üstündən keçmək olar, deyərsən, eybi yoxdur. Amma belə danışıq tərzi televiziyaya, radioya da sızır, qəzet-jurnallarda, sosial şəbəkələrdəki yazışmalarda da yer alır.

Budur, 31 ildir müstəqil dövlətik, ana dilimiz dövlət dilidir, hələ də mənzil-kommunal istismar sahələrinə JEK yazırıq. Əslində bu sözün tərcüməsi vardı, Mənzil İstismar Sahəsi demək idi, amma biz heç vaxt MİS deməzdik, JEK daha hörmətli çıxırdı. O vərdiş hələ də qalıb, 30-40 il də gedər, inşallah.

Hərdən adama elə gəlir ki, bu jarqon sözlər artıq dilimizdə, leksikonumuzda özünə yer edib, necə deyərlər, vətəndaşlıq qazanıb, nə billah etsək də, onları danışığımızdan artlaya bilməyəcəyik.

Bax, bu yazını yazdığım yerdə əməkdaşların öz aralarında danışdığı söhbətdən qulağıma “Novı qod” sözü dəyir, uşaqlar “Yeni il”dən danışırlar. Amma öz aramızdır, “Novı qod” daha sanballı çıxır, elə deməyəndə, sanki bayram ovqatı bir az azalır. İngilisdillilərimiz də “Nyu year” deyirlər, qəti qorxusu yoxdur. Biz poliqlot camaatıq, əcnəbi dilləri öyrənməyə meylliyik.

“Təqdimat” əvəzinə “prezentasiya” demək və yazmaq ona görə vacibdir ki, ikinci daha yaxşı səslənir, üstəlik, birinci də başqa dilə aid sözdür.

Bilirəm, deməklə, yazmaqla ədəbi dilimizin korlanmasının qarşısını almaq mümkün deyil. Bu, elə bir prosesdir ki, öz ritmi ilə gedəcək, amma heç olmasa, dilin bu şəkildə eybəcərləşməsinin qarşısını almaq olar və bu çox lazımdır.

Rusiyanın müstəmləkəsi olmaqdan çıxalı 31 il olub, amma bizdə insanların 95 faizdən çoxu hələ də rus sonluqlu soyad daşıyırsa və yeni doğulan körpələrə də eyni soyadı götürürlərsə, optimist olmağın yeri yoxdur.

Koroçe, yazı bitir, kontsovkasını priyatnı eləməliyəm ki, nastroyeniyamız korlanmasın. Paka.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR