İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanvardan Rusiya və Qazaxıstan neft ixracını azaldacaq

535 30.11.2023 21:38 Dünya A A

OPEK+ nazirlərinin bu gün keçirilən görüşü gündəlik hasilatın daha da azaldılmasına dair qərarların qəbulu ilə başa çatıb.

Belə ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatın 1 milyon barel azaldılması könüllü öhdəliyini 2024-cü ilin birinci rübünün sonuna qədər uzadıb. Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən Səudiyyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, əvvəlcə bu azalma 2023-cü ilin iyul ayına hesablanıb, sonra bir neçə dəfə uzadılıb.

Rusiya isə OPEK+ görüşündə gündəlik neft və neft məhsulları ixracının 500 min barelə qədər azaldılacağına dair öhdəlik götürüb. Rusiya baş nazirinin müavini Aleksandr Novak OPEC+ iclasının yekunlarına dair açıqlamasında deyib ki, onlar 2024-cü ilin mart ayının sonuna qədər gündəlik ixracı 300 min deyil, 500 min barel azaldacaqlar: “Rusiya gündəlik neft tədarükündə əlavə könüllü azalmanı daha 200 min barel artıraraq gündəlik 500 min barrelə çatdıracaq və bu könüllü öhdəlik 2024-cü ilin birinci rübünün sonuna qədər uzadılacaq”.

Novakın sözlərinə görə, azalma 2023-cü ilin may və iyun ayları üçün ixracın orta səviyyəsi əsasında hesablanacaq. Öhdəliyin 300 min barelini neft, 200 min barelini isə neft məhsulları təşkil edəcək.

Qazaxıstan isə OPEC+ sazişi çərçivəsində gələn ilin birinci rübündə könüllü olaraq neft hasilatını gündəlik 82 min barel azaldacaq. Bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib: “Qazaxıstan OPEC+ üzvü olan ölkələrlə birlikdə 2024-cü il yanvarın 1-dən 2024-cü ilin mart ayının sonuna kimi gündəlik 82 min barel əlavə könüllü azalma öhdəliyi qəbul edib. Sonradan bazarın sabitliyini qorumaq üçün bu əlavə azaldılmış həcmlər bazar şəraitindən asılı olaraq tədricən bərpa olunacaq”.

Nazirlik qeyd edib ki, könüllü azalma Qazaxıstanın daha əvvəl 2023-cü ilin aprelində qəbul etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək gündəlik 78 min barel könüllü azaldılmasına əlavədir. Bugünkü iclasda OPEC+ ölkələri müstəqil mənbələrdən əldə edilən məlumatlar əsasında 2024-cü ildə Anqola, Nigeriya və Konqo üçün neft hasilatı kvotalarına yenidən baxıblar. Bu barədə OPEC-in saytında yerləşdirilən yekun kommünikedə xəbər verilir.

Qəbul edilmiş qərarla Anqola üçün kvota sutkada 1,28 milyon bareldən 1,11 milyon barelə endirilib, Nigeriya üçün sutkada 1,38 milyon bareldən 1,5 milyon barelə, Konqo üçün 276 min bareldən 277 barrelədək artırılıb.

Növbəti OPEC+ iclası 2024-cü il iyunun 1-də Vyanada keçiriləcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR