Rusiya hökuməti ölkədə yaranan yanacaq böhranını aradan qaldırmaq üçün köhnə standartlı benzin istehsalına icazə verib.
Musavat.com xəbər verir ki, bununla bağlı Rusiya baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Sənədə əsasən, tərkibində150 mq-dan çox olmayan kükürd olan Avro-3 markalı benzinin 31 dekabr 2026-cı ilə qədər dövriyyəyə buraxılmasına icazə verilir.
Sənəddə deyilir ki, bu qərar Rusiyada yanacaq tədarükünün etibarlılığını artırmaq məqsədi daşıyır və "daxili motor yanacağı bazarının qeyri-sabitliyinin qarşısını almaq üçün profilaktik tədbir kimi" həyata keçirilir.
Bu yanacağı yalnız Energetika Nazirliyi ilə bağlanmış tutum modernləşdirmə müqavilələri çərçivəsində tərs aksiz vergisi almaq hüququna malik neft emalı zavodları istehsal edə bilər.
Həmin yanacağın Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin ərazilərində dövriyyəyə buraxılmasına icazə verilmir.
Bundan əvvəl Rusiya hökuməti həmçinin 1 iyuldan 30 sentyabra qədər birja ticarətində 5-ci sinif benzinin məcburi satışını istehsal həcminin 15 faizindən 10 faizinə endirmək qərarına gəlib.
Qeyd edək ki, Avro-3 yanacaq standartı Avropa İttifaqında 2000-2005-ci illərdə qüvvədə olub. Rusiya bu standartdan 2013-cü ildə imtina etmişdi.
Musavat.com






