İnsanlara hürriyət, millətlərə istiqlal!

Xurafatçılar üçün göydəndüşmə fürsət

3020 08.02.2023 12:10 Yazarlar A A

 

5 min il əvvəlin insanlarından fərqli olaraq, biz təbiət hadisələrinin, təbii fəlakətlərin səbəblərini, elmi əsaslarını bilirik. Ancaq bu, hamıya aid deyil. Günümüzdə də istənilən bu cür hadisəni ilahi təqdirə bağlayan milyardlarla insan var.

Leysan yağış, qar, dolu, qırov, şeh, duman – bunlar atmosfer çöküntüləridir, suyun təbiətdə dövriliyi qaydasına əsaslanır, ilahi qüvvələrlə əlaqəsi yoxdur. İldırım-şimşək çaxması olayları da o qəbildəndir.

Külək havanın üfüqi istiqamətdə hərəkətidir, onun nəticəsində istilik və rütubət bir sahədən digərinə axır. Bəzən çox şiddətli olur, adına külək zəlzələsi, tufan, qasırğa deyirlər, amma bunu da Allah və ya Tanrı etmir, sadəcə müxtəlif məkanlardakı havalar arasında böyük fərq olur və ona görə də axın daha şiddətli xarakter alır.

Vulkan, zəlzələ, tornado kimi təbii fəlakətlərin də hər birinin elmi izahı var. Bunlar planetimizin fitrətindədir, 10 min il əvvəl də olub, indi də var, gələcəkdə də olacaq.

Dünyanın müxtəlif nahiyələrində müxtəlif cür təbii fəlakətlərin yayğın olması da təbiidir. Zəlzələ və vulkanlar əsasən dağlıq yerlərdə, dağəmələgəlmə prosesinin getmiş və tam başa çatmamış məkanlarında olur.

Tornado ona görə ən çox Amerika qitəsində olur ki, qitə iki okeanın arasında yerləşir, bir-birinə əks hava cərəyanları toqquşur və il ərzində 8-10 tornadonun əmələ gəlməsi üçün şərait yaranır.

Musson yağışları həmişə Hindistanın şimalında, Banqladeşdə, Myanmada olur. Kontinentin iqlimi belədir.

Səmum yeli Ərəbistan səhəralarında yaranır və toz fırtınası əmələ gətirir.

Torpaq sürüşmələri dünyanın hər tərəfində baş verir.

Bütün bunlar Yer qabığının səthində və təkində gedən proseslərin nəticəsidir və bunlaarın heç biri ilahi qüvvələr tərəfindən insan oğluna göndərilmiş cəza, imtahan, sınaq deyil.

Fəqət, birinci cümlədə dediyimiz kimi, müasir insanların təbii fəlakətlərə yanaşması böyük ölçüdə ibtidai insanların total düşüncəsindən fərqlənmir. Onların əlində təbiətə dair heç bir bilgi yox idi, amma bizim var.

Bununla belə, hələ də haradasa bir dağıdıcı, faciəvi təbii fəlakət olanda milyonlarla insan bunu ilahi təqdir elan edir və göylərdən günahkar insanlara göndərilən cəza olduğuna inanır, hətta inanmaqla qalmır, bunu təkzibedilməz həqiqətmiş kimi ətrafındakılara sırıyır.

Hamısı əfsanə söhbətlərdir. Zəlzələ insan yaşamayan Antarktida qitəsində də olur. Belə çıxır ki, bu, pinqvinlərə göndərilmiş cəzadır?

Dünyanın ən dürüst, halal insanlarının yaşadığı İslandiyada hər üç ildən bir Eyyafyatlayokudl adlı vulkan oyanır, püskürür, dörd bir yanı kül və tüstü basır, təyyarə reysləri təxirə salınır. Bəs bu, həmin o məsum insanların hansı günahına görədir?

Okeanın min kilometrliklərlə dərinliklərində zəlzələ baş verir, sunamilər əmələ gəlir. Yəqin bu da yolundan sapmış balinalara və onların ətrafında sıx birləşmiş başqa balıqların günahı üzündəndir.

Məsələnin başqa tərəfini götürək. İlahi qüvvələr zalımlığın, pozğunluğun, cürbəcür sapıntıların, günah hesab edilən əməllərin cəzasını təbii fəlakətlərlə versəydilər, o zaman Yunanıstanın Lesbos adası yerlə yeksan olmalıydı, Hollandiyanın, Belçikanın, Danimarkanın qırmızı fənərli küçələri dağılmalıydı, ata və qardaşların öz qızlarına və bacılarına sutenyorluq etdiyi Banqkok (Tailand) yer üzündən silinməliydi, Las-Veqas erməni əlinə düşmüş Ağdama dönməliydi. İbiza, Baham kimi kef və əyləncə adaları okeanın dibinə batmalıydı və s.

Göründüyü və bilindiyi kimi, elə şeylər olmur. Dəhşətli təbii fəlakətlər əsasən dinc insanların yaşadığı seysmik bölgələrdə baş verir və kütləvi tələfat törədir, yüzlərlə gənc, yeniyetmə, körpə uşaq həlak olur. Buna necə ilahi təqdir demək olar? İlahlar bu qədərmi ədalətsiz, mərhəmətsizdir?

Ancaq başqa vaxt Allaha sevgidən, onun rəhmindən, mərhəmətindən danışan yüz minlərlə insan təbii fəlakət günlərində bundan insanları xoflandırmaq, xurafata meylləndirmək üçün istifadə edirlər.

Aydın məsələdir, insan oğlu dağıdıcı fəlakətlərin qarşısında acizdir, ondan qurtulmaq, qorunmaq üçün nəyəsə belə bağlamalıdır, ümid etməlidir. Amma xurafatçılar onları qorxutmaq və bu qorxudan öz məqsədləri üçün yararlanmaq, özlərinin kütlə üzrəindəki hakimiyyətlərini artırmaq, mənfəət qazanmaq niyyətindədirlər. İnsan təbii fəlakətlərdən nə qədər çox qorxsa, o qədər çox nəzir-niyaz verər, teokratik qüvvələrə daha çox itaət edər.

Məhz buna görə hər dəfə təbii fəlakət baş verəndə bəzi din xadimləri fəallaşırılar, bu, göydəndüşmə fürsətdən istifadə etmək istəyirlər.

Uzun sözün kəsəsi, təbii fəlakətlərin baş verməsi insanların günahları ilə bağlı deyil. Təbiət hadisəsidir. O fəlakətlərin qurbanlarının çox olması isə sırf insan amili ilə əlaqədardır – mühəndislik xətasının, hesablama yanlışlığının, tamahkarlığın, nəfsin şiddəti üzündəndir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR