Ötən gün Bakının Azadlıq Meydanında keçirilən hərbi parad Azərbaycan xalqının Qələbəsinin 5 illiyinə həsr olunsa da, əslində bu tədbir yalnız bir yubiley mərasimi deyildi. Parad həm də Azərbaycanın son beş ildə qazandığı hərbi, texnoloji və strateji gücün dostlara qürur, düşmənlərə isə ciddi xəbərdarlıq kimi nümayişi idi.
Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən parad üç qardaş ölkə arasında strateji birliyin, regional güc balansının yeni konturlarının formalaşdığını göstərdi. 2020-ci ildə Şuşa zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusunun keçdiyi inkişaf yolu bu dəfə birbaşa meydanda nümayiş etdirildi.
Hər kəsin diqqətini çəkən ilk detal ordunun insan potensialındakı sıçrayış oldu. Beş il öncə, müharibə başlayanda Azərbaycan ordusunda 2000-ə yaxın xüsusi təyinatlı xidmət aparırdı. Dünənki paradda isə yalnız meydanda 4000 yüksək təlim keçmiş XTQ döyüşçüsü addımlayırdı. Bu, təkcə say göstəricisi deyil — beş ildə aparılan sistemli islahatların, təlim və təchizat proseslərinin miqyasını nümayiş etdirən göstəricidir. Ordunun canlı qüvvəsinin bu qədər sürətlə artması, onun döyüş hazırlığının, intizamının və peşəkarlığının eyni zamanda yüksəldiyini göstərir.

Azərbaycanın hərbi paraddakı texniki arsenalı isə dünyanın inkişaf etmiş orduları səviyyəsində idi. Zirehli texnikadan tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına qədər geniş spektr nümayiş olundu. Bu, ordumuzun həm müdafiə, həm də əməliyyat-taktiki hücum potensialına malik olduğunu sübut etdi.
İlk dəfə nümayiş olunan “Hero-120” sərbəst uçan döyüş sursatı, yerli istehsal olan “Vaşaq” xüsusi əməliyyat vasitələri, “Kobra-2” zirehli tibbi təxliyyə maşınları və Çin istehsalı HQ-9BE uzaqmənzilli hava hücumundan müdafiə sistemləri Azərbaycanın döyüş meydanında yeni imkanlar qazandığını göstərdi. Bu texnikalar yalnız arsenalın zənginləşməsi deyil, həm də müdafiə sənayesi və beynəlxalq hərbi əməkdaşlıq baxımından yeni mərhələnin başlanğıcıdır.
“Sea Breaker” – yəni “dəniz qırıcısı” adlı raket sisteminin təqdimatı isə xüsusilə diqqət çəkdi. Bu sistem 300 kilometr məsafədəki hədəfi vurmaq gücünə malikdir və həm dənizdə, həm quruda istifadə oluna bilir. Bir raketlə freqat ölçülü gəmiləri sıradan çıxarmaq qabiliyyəti bu silahı strateji deterrentə çevirir. Türkiyə istehsalı “Kayra” kamikadze tipli suüstü dronun ilk dəfə nümayişi isə göstərdi ki, Azərbaycan artıq dəniz əməliyyatlarında da tam yeni taktiki mərhələyə keçib.

Səmanın fəthində isə “JF-17” çoxməqsədli qırıcı təyyarələri, “C-27J Spartan” hərbi nəqliyyat təyyarələri və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16-ları Azərbaycan ordusunun müttəfiqləri ilə birgə hava gücünü nümayiş etdirdi. “SU-25 Laçın” hücum təyyarələrinin paytaxt səmasında Azərbaycan bayrağının rənglərini canlandırması paradın ən emosional anlarından biri idi.
Digər bir diqqətəlayiq yenilik “Vikinq” mobil döyüş kompleksi və “SkyStriker Block 4” kimi texnologiyaların təqdimatı oldu. “SkyStriker” sisteminin hədəf üzərində “gözləyib sonra vurmaq” funksiyası XXI əsrin döyüş texnologiyalarının parlaq nümunəsidir. Elektrikli mühərrik, səssiz uçuş və yüksək dəqiqlik — bu, müasir ordunun taktiki çevikliyini təmin edən əsas amillərdən biridir.

Azərbaycan ordusunun arsenalında artıq yerli müdafiə sənayesinin məhsulları xüsusi yer tutur. “Vaşaq” zirehli avtomobilləri və “Kobra-2” tibbi təxliyyə vasitələri çətin relyefli və döyüş şəraitində yaralıların təhlükəsiz çıxarılması üçün istifadə olunur. Bu fakt göstərir ki, Azərbaycan təkcə idxalçı yox, həm də istehsalçı ölkəyə çevrilməkdədir.
Parad həm də siyasi mesaj idi. Bir tərəfdən, bu möhtəşəm nümayiş ölkə vətəndaşlarına sabitliyin və təhlükəsizliyin təminatçısının kim olduğunu xatırlatdı, digər tərəfdən, regiondakı hər kəsə açıq şəkildə bildirdi ki, Azərbaycan ərazisinə qarşı hər hansı təxribat cəhdi dərhal və sərt cavabını alacaq. Prezident İlham Əliyevin dediyi kimi, “heç bir dövlətin Azərbaycana qarşı işğal törətməyə cəhdi mümkün olmayacaq”.
Bu paradda nümayiş olunan güc təkcə silahlar və texnologiyadan ibarət deyil. Bu gücün əsasında beş il ərzində formalaşmış yeni idarəetmə sistemi, intizamlı və peşəkar zabit heyəti, müasir döyüş konsepsiyası dayanır. Ordunun yenilənməsi həm texniki, həm taktiki, həm də mənəvi cəhətdən baş verib.
Azadlıq Meydanında keçirilən parad – beş il əvvəlki qələbənin təkcə xatırlanması deyil, həmin zəfərin qorunması və möhkəmləndirilməsinin təntənəsi idi. Azərbaycan ordusu bu gün təkcə Cənubi Qafqazın deyil, bütün regionun ən güclü, ən müasir, ən çevik hərbi qüvvəsidir. Bu güc, hər bir azərbaycanlı üçün qürur mənbəyi, düşmən üçün isə soyuq bir reallıqdır.
Şahanə Rəhimli
Musavat.com






