İnsanlara hürriyət, millətlərə istiqlal!

Xruşovun devrilməsində iştiraka görə mükafat: general rütbəsi və sürgün – Çekalovun bəd karyerası

5672 14.04.2022 14:05 Yaxın tarix A A

1954-cü ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində yaradılan 9-cu idarə partiya və hökumət rəhbərlərinin təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyıb. Qurum 1991-cı ilə qədər fəaliyyət göstərib. 18 şöbədən ibarət olan idarəyə 37 il ərzində 6 nəfər rəhbərlik edib. Birincilərin harada, işdə, istirahətdə, ezamiyyətdə olmalarından asılı olmayaraq idarənin əməkdaşları onların bir addımlığında dayanıblar.

Sovet liderləri arasında 9-ci idarə əməkdaşları ilə daha sıx ünsiyyətdə olan, mehriban davranan Leonid Brejnev olub. Amma bu mehriban münasibətlərin ömrü çox da uzun sürməyib.

1961-ci ildə 9-cu idarəyə rəis təyin edilən Vladimir Çekalovun hələ müharibə illərindən Brejnevlə yaxın münasibətləri olub. Onun bu vəzifəyə təyinatı da Brejnevin təşəbbüsü ilə baş tutub. Məhz Çekalovun namizədliyini Xruşova Brejnev təqdim edib.

chekalov_v_ya.jpg (65 KB)

Vladimir Çekalov 1924-cü ildə Tsaritsınada (Volqoqrad) anadan olub. Orta məktəbi bitirdikdən sonra ali hərbi məktəbə qəbul olunub. 1943-cü ildə 19 yaşı olanda Çekalovu müharibəyə aparıblar. O, Brejnevin siyasi şöbə rəisi olduğu 18-ci orduda xidmət edib və tanışıqları da buradan başlayıb.

Müharibədən sonra Çekalov partiya orqanlarında işləyib. Stalinqrad vilayətinin ayrı-ayrı rayon partiya komitələrində instruktor, şöbə müdiri vəzifələrində çalışıb. 1949-cu ildə o, Moskvada Ali Komsomol Məktəbinin partiya təşkilatının katibi seçilib. 1951-ci ildə isə Çekalovu Moskva vilayət partiya komitəsində sektor müdiri vəzifəsinə təyin ediblər.

1958-ci ildə Aleksandr Şelepin DTK sədri təyin olunanda apardığı kadr islahatlarında Çekalovu da rəhbərlik etdiyi quruma işə dəvət edib. Belə ki, Şelepin Çekalovu hələ ümumittifaq komsomolunun birinci katibi olduğu vaxtdan tanıyıb. Beləliklə, Çekalov 1958-ci ildən öz fəaliyyətini dövlət təhlükəsizliyi orqanlarında davam etdirib. O, 9-ci idarənin rəis müavini vəzifəsinə təyinat alıb.

KREMLIN.jpg (167 KB)

DTK-da Şelepini əvəzləyən Vladimir Semişastnı isə Çekalovun vəzifəsini bir pillə də artıraraq onu 9-cu idarəyə rəis təyin edib və yuxarıda qeyd etdiyimiz kimi bu təyinatda həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olan Leonid Brejnevin xüsusi rolu olub.

Çekalov yeni vəzifəsində özünü tam doğruldub. 1964-cü ildə isə Xruşovun hakimiyyətdən devrilməsində Brejnevə böyük sədaqət nümayiş etdirib. Çevrilişdən bir neçə gün öncə Çekalov Semiçastnı tərəfindən təlimatlandırılıb. Hakimiyyətin devrilməsinə bir gün qalmış isə baş katibin bağ evində Brejnevlə Çekalovun təklikdə söhbəti olub. Semiçastnı öz xatirələrində həmin söhbət haqqında yazıb:

“Hakimiyyətin dəyişdirilməsində 9-cu idarə əsas faktorlardan biri idi. Xruşovun Kremldəki, bağ evindəki mühafizəçiləri hadisələrdən təcrid olunmalıydı. Çünki istənilən an qarşıdurma, hətta silahlı insident də baş verə bilərdi. Brejnev bu məsələdən narahat idi. Elə buna görə də oktybarın 13-də o, gecədən xeyli keçmiş Çekalovu bağ evinə dəvət etmişdi. İki saatlıq söhbətin sonunda Çekalov Brejnevə Xruşovun şəxsi mühafizəsindən silahları aldığını bildirəndə, baş katib Çekalovun “peşəkarlığına” təəccübünü gizlədə bilməyib və ona “sən bu xidmətlərinə görə ən yüksək mükafata layiq görüləcəksən” deyə təşəkkürünü bildirib...”

800px-RIAN_archive_101740_Yury_Andropov,_Chairman_of_KGB.jpg (75 KB)

“Uğurlu” saray çevrilişindən sonra Brejnev sözünün üstündə durub. 10 dekabr 1964-cü ildə Brejnev sahibləndiyi baş katib kabinetində polkovnik Çekalova general rütbələrini təqdim edib.

Xruşovu devirməklə saray çevrilişi təcrübəsi qazanan Semiçastnı və onun komandası, o cümlədən Çekalovun özü də Brejnevi ciddi narahat edib. Baş katib hadisələrin təkrarlanacağından qorxub. Bu qorxunu götürmək üçün o, 1967-ci ilin may ayında Semiçastnını nəinki vəzifədən kənarlaşdırıb, hətta onu Moskvadan uzaqlaşdıraraq Ukraynaya göndərib. Bir aydan sonra növbə Çekalova da çatıb.

Yuri Andropov DTK sədri təyin olunduqdan sonra Brejnevin ona ilk tapşırdığı məsələlərdən biri də 9-cu idaərnin rəisinin dəyişdirilməsi olub. Andropov qısa müddətdə bu tapşırığı icra edərək Çekalovu idarə rəisliyindən azad edərək onu da Moskvadan uzaqlaşdırıb. Çekalov tutduğu vəzifədən aşağı vəzifəyə, DTK-nın Tambov idarəsinə rəis müavini göndərilib.

chekalov_v_ya (1).jpg (157 KB)

Çekalov bir neçə dəfə Andropova xidməti yerini Moskvaya dəyişməklə bağlı müraciət etsə də, DTK sədri bu müraciətlərə müsbət cavab verməyib. Müsirlərinin yazdıqlarına görə, Çekalov yuxarıların ona olan bu münasibətini “həzm” edə bilməyib və bu münasibət hətta onun səhhətinə də ciddi mənfi təsir göstərib. Bu narahat hisslərlə 45 yaşlı general 1969-cu ildə Tambovda vəfat edib. Yalnız ailə üzvlərinin xahişindən sonra Andropov Çekalovun Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunmasına icazə verib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR