İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xristian klubu” Türkiyəyə lazımdırmı?

1012 21.07.2023 10:26 Siyasət A A

Siyasi şərhçi: “Aİ-nin aparıcı dövlətləri bu prosesi uzadaraq “üzüyola” hakimiyyətin formalaşacağı günü gözləyəcəklər”

“Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil”. Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano “İzvestiya” qəzetinə bildirib.

Türkiyənin perspektivlərindən danışan Stano bildirib ki, Aİ-yə üzvlük prosesi saatlarla deyil, illərlə davam edir, insan haqları və siyasi azadlıqlar da daxildir. Fransa parlamentinin deputatı “Thierry Mariani” nəşrə bildirib ki, o, Ankara ilə danışıqları bərpa etməyin mənasını görmür.

Eyni zamanda qəzet Türkiyənin üzvlük mövzusunun da müzakirə olunacağını qeyd edir. Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, bu məsələnin inkişaf istiqaməti ilə bağlı ilk siqnallar Aİ xarici işlər nazirlərinin görüşündə verilə bilər.

Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət etmiş və 1999-cu ildə namizəd statusu almışdır. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlara başladılar, lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırıldı. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 7 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib.

İllərdir ən müxtəlif bəhanələrlə Ankaraya yox cavabı verilir və son açıqlama da göstərir ki, bu qurumun belə bir niyyəti yoxdur. Ümumiyyətlə, bütün bu illərdən sonra Türkiyəyə Avropa İttifaqına üzvlük lazımdır?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, NATO-nun Vilnüs sammitinə yola düşərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanı şoka salan bəyanat verərək qəti şəkildə söylədi ki, Türkiyə Avropa İttifaqına qəbul olunmasa İsveçin NATO üzvlüyünə qəbuluna razılıq verməyəcək. Təşvişə düşən Qərb liderləri Rəcəb Tayyib Ərdoğanı dilə tutaraq onu müxtəlif vədlərlə bu mövqeyindən çəkindirməyə çalışdılar və son nəticədə məqsədlərinə nail oldular. Bununla belə, hamı etiraf etdi ki, Vilnüs sammitinin əsas fiquru, gözlənildiyi kimi, Ukrayna prezidenti deyil, Türkiyə lideri oldu. ABŞ-dan "F-16" qırıcıları ilə, İsveçdən Aİ üzvlüyünə dəstəklə bağlı vədlər alan Prezident Ərdoğan İsveçin atacağı addımların “yol xəritəsi”ni təqdim etməsi şərtilə NATO-ya qəbuluna “yaşıl işıq” yandırdı: “Müdriklər "heç bir uğur cavabsız qalmır" - deyiblər. Şübhə yoxdur ki, Türkiyənin NATO sammitindəki uğuru cavabsız qalmayacaq və bu, ilk növbədə özünü Aİ üzvlüyünə qəbul prosesində göstərəcək. NATO sammitində baş verənlərin gələcəkdə Aİ toplantılarında təkrarlanması ehtimalı Qərb liderlərini qorxutmaya bilməz. NATO-da Türkiyə ilə birlikdə hərəkət edən Macarıstanın AB-də Rusiyaya qarşı sanksiya qərarlarının qəbul olunması zamanı yaratdığı problemlər Avropanın aparıcı dövlətlərini onsuz da kifayət qədər narahat edir. Bu səbəbdən Macarıstanla müqayisədə daha çox müstəqil siyasət yeridən Türkiyənin Aİ-yə yaxın 10-15 ildə qəbul olunma ehtimalı demək olar ki, yoxdur.

Yeri gəlmişkən, Aİ bu niyyətini ötən il Avropa İttifaqı Komissiyasının Qonşuluq və Genişlənmə müzakirələri Baş  Direktorluğunda struktur dəyişikliyi aparmaqla açıq şəkildə ortaya qoydu. Bu dəyişiklikdən sonra Türkiyə 4 Balkan ölkəsi ilə birlikdə namizəd ölkələrin yer aldığı qurumdan çıxarıldı və Orta Şərq və Afrika ölkələri ilə yeni yaradılan Cənub qonşuları və Türkiyə bölməsinə daxil edildi. Bu bölməyə Əlcəzair, Tunis, Fələstin, Liviya, Suriya kimi dövlətlər daxildir. Bu addım bir daha açıq şəkildə göstərdi ki, 1958-ci ildə Aİ-nin yaranmasının ardından baş nazir Adnan Menderesin ortaqlıq müraciətini göndərməsindən sonra 65 il qapı ağzında saxlanılan Türkiyə dövlətini yaxın illərdə öz sıralarına daxil etmək planları yoxdur".

Siyasi şərhçi xatırlatdı ki, sonuncu dəfə Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə “artıq Aİ üzvlüyü bizi maraqlandırmır” desə də qardaş dövlətin lideri iqtisadi inkişaf naminə bu addımın atılmasını və Aİ üzvlüyünə qəbulda israr etməyin gətirəcəyi dividentləri hamıdan yaxşı başa düşür: “Ona görə də Türkiyə Aİ iddiasından geri çəkilmir. Vilnüs Sammitinə yola düşərkən verilən kəskin bəyanatın kökündə də bu reallıq dayanır. Bir şey aydındır. Türkiyə bundan sonra da Aİ üzvlüyünə qəbul olunmaq istiqamətində israrlı müraciətlərini davam etdirəcək. Aİ-nin aparıcı dövlətləri isə bu prosesi maksimum uzadacaqlar və Türkiyədə "üzüyola" hakimiyyətin formalaşacağı günü gözləyəcəklər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR