İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərin o tayından Azərbaycana İŞİD təhlükəsi

917 03.04.2024 13:00 Gündəm A A

“Krokus Siti-Holl”dakı terror aktından sonra Rusiyanın ayrı-ayrı şəhərlərində və Dağıstanda, o cümlədən Qazaxıstanda və Türkiyədə antiterror əməliyyatları başlayıb; təhlükəsizlik və hərbi ekspertlər: “Ətrafımızda terror riski artır, ehtiyatlı olmalıyıq”

Avropa Parlamentinin (AP) fevralın 28-də qəbul etdiyi “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” başlıqlı illik hesabatda Azərbaycan sərt tənqid edilib. 

“Krokus Siti-Holl”dakı terror aktı İŞİD və ona bağlı terror qruplaşmalarının hələ də real təhlükə olduğunu göstərdi. Son günlər Azərbaycanla sərhəd ölkələrdə İŞİD terrorçularına qarşı genişlənən əməliyyatlar da bu mənada diqqət çəkir. Məsələn, martın 31-də Türkiyənin 21 vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Məlumata əsasən, ötən dörd gün ərzində keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb. Əməliyyat zamanı terror təşkilatına aid çox sayda sənəd və rəqəmsal material ələ keçirilib. Eyni zamanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlıları Mahaçqala və Kaspiyskdə İŞİD-ə bağlı silahlı terrorçuların fəaliyyətinin qarşısını alıblar. Məlumata görə, Dağıstanın təhlükəsizlik orqanları əməliyyat-axtarış tədbirləri zamanı terrorçuluq fəaliyyətində iştirak edən silahlı şəxslərin harada olması barədə məlumat alıblar. FTX xüsusi təyinatlıları Mahaçqala və Kaspiysk şəhərlərinin yaşayış massivlərində bir neçə mənzili mühasirəyə alıblar. Bitişik evlərin sakinləri təxliyə ediliblər. FTX-nin xüsusi təyinatlıları Mahaçqala və Kaspiyskdə mənzillərdə terrorda iştirak edən silahlı şəxsləri ələ keçiriblər. Tutulanlardan biri etiraf edib ki, “Krokus”da terror törədənlərə silahları o gətirib. Yerli sakinlər ekstremizm və terrorizmlə mübarizədə problemlərin həllində hüquq-mühafizə orqanlarına dəstək verməyə çağırılıb. Həmçinin Stavropol şəhərində də antiterror əməliyyatı keçirilib. Bundan başqa, Voronejdə kafeyə bombalı hücum olub. 

Xəzərin daha bir sahilində - Qazaxıstanın Aktau şəhərində də terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Ondan partlayıcı üçün nəzərdə tutulan müxtəlif komponentlər və qadağan olunan digər əşyalar götürülüb. Saxlanılan şəxsin əvvəllər məhkum edildiyi və radikal islamçı baxışlara malik olduğu açıqlanıb. Ötən ay isə “Global Terrorism Index 2024" dövlətlərin terror təhlükəsinə görə açıqladığı reytinq sıralanmasında Azərbaycan "0" indekslə sonuncu - 89-cu yerdə qərarlaşıb. Beynəlxalq hesabatlardan göründüyü kimi, nə qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan təhlükəsizlik adasıdır. 

Vaxtilə ölkəmizdən yüzlərlə gənc Suriyada, İraqda, Pakistanda və İŞİD sıralarında döyüşüb. İŞİD sərhədimizdə əvvəl İran (Kirman və Şiraz şəhərlərində - E.S), sonra Rusiyada terror törədib, Türkiyədə isə ciddi şəkildə yenidən “oturuşmağa” çalışır. Quru sərhədlərimiz bağlı olsa da, indi terror “verbovka”ları əsasən internet üzərindən edilir. O səbəbdən sərhədlərin bağlı qalması bizi arxayınlaşdıra bilməz. İnternet demişkən, bugünlərdə Özbəkistanın Miqrasiya Agentliyi açıqlama yaydı ki, sosial şəbəkələr vasitəsilə özbəkləri Rusiyada terrorçuluğa cəlb edirlər. Kəsəsi, regionumuzda, ətrafımızda İŞİD və bütövlükdə terror təhlükəsi artmaqdadır. Bu da Azərbaycanı daha da ayıq-sayıq olmağa dəvət edir. Faktiki olaraq, sərhədlərimizdə, Şimali Qafqazda bir “terror rüzgarı” əsməkdədir...

İlham İsmayıl: “Namiq Abbasov dedi ki, agenturanın açılma məsələləri  müzakirə olunur”

İlham İsmayıl

Bu situasiyanı “Yeni Müsavat”a şərh edən təhlükəsizlik eksperti İlham İsmayılın sözlərinə görə, rəsmi məlumata əsasən, Azərbaycandan 950 nəfər İŞİD-ə qoşulub, təxmini yarısı Yaxın Şərqdə gedən döyüşlərdə öldürülüb, bir hissəsi Əfqanıstan-Tacikistan sərhədində yerləşib: “Hətta onlar bir müddət əvvəl video yayaraq Azərbaycanı təhdid etmişdilər. Hazırda İŞİD elə haldadır ki, onun üçün hədəf xristian yox, müsəlman dövlətləridir. Düzdür, İŞİD Yaxın Şərqdə məğlub oldu, amma bu dağılmış terror qruplaşması indi ideoloji prinsiplərlə deyil, maddi maraq qarşılığında fəaliyyətdədir. Hətta etmədikləri terrorun məsuliyyətini də öz üzərinə götürür ki, bir "brend marka" kimi qalmağa davam etsin. O baxımdan, Moskva terroru İŞİD üçün “reklam” oldu". İ.İsmayıl hesab edir ki, Azərbaycanda radikallar mövcuddur, nə vaxtsa onları yenidən qızışdıra bilərlər: “İranın bizə təhdidləri, buradakı terror agenturası, o cümlədən İŞİD misalında bu mənzərəni görmüşük. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin son əməliyyatını qeyd etmək olar. Amma sərhədimizdə, Şimali Qafqazda bu təhlükənin mövcud olması faktdır. Bu qruplar üçün maddi prinsiplər üstün tutulur, həm də "beyni yuyulmuş" radikallar irəli verilir. Yəni İŞİD sifariş yerinə yetirir, ideoloji faktoru artıq qabartmır, bir növ muzdlu silahlı təşkilata çevrilib. Onlardan da bəziləri inanır ki, terror edib cənnətə düşürlər, əslində isə pul qazananlar bu adamlardan  istifadə edirlər. Hətta qlobal güclərin siyasi güc alətinə də çevrilirlər. Çünki terror təzyiq vasitəsidir". Təhlükəsizlik mütəxəssisinin fikrincə, İŞİD bundan sonra da “reklamı”nı davam etdirə bilər: “Bu mənada Azərbaycanda əhalinin müsəlman olduğunu və qonşuda təhlükənin varlığını nəzərə alaraq, təhlükəsizlik tədbirlərimizi daha da gücləndirməliyik. İnanıram ki, xüsusi xidmət orqanlarımız bu istiqamətdə lazım olan addımları atacaqlar”.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, belə təhlükə var, amma İŞİD-in Azərbaycanda maraqları və qüvvələri çox olmamalıdır: “İndi nə baş verirsə, məsuliyyəti İŞİD-in üzərinə qoyulur, amma bu terror təşkilatının adı simvolikdir, ərazisi, yeri də tam bəlli deyil, eləcə də onlarla işləyən qruplar mövcuddur. Yəni tikintidə olduğu kimi, subpodrat şirkətlər sifarişi götürür, icra edirlər. Yəni İŞİD-lə bağlı qruplar terror edir, müxtəlif şəbəkələr meydana çıxır, amma bu təşkilatın adına yazılır”. A.İsazadənin fikrincə, Azərbaycandan İŞİD-in aktiv vaxtlarında Suriya, İraqa gedənlər oldu, hərbi əməliyyatlarda iştirak etdilər, amma çoxu həbs edilib: “Hər halda, risk var və ehtiyatlı olmalıyıq. Bizim üçün vacib məsələ Ermənistanın terror törətməsi təhlükəsinin qalmasıdır. Ötən əsrdə də, 19-cu əsrdə də erməni terroru ilə üzləşmişik. Biz daha çox bununla bağlı hazır olmalıyıq. Çünki Ermənistanda da hansısa radikal qruplar terrora cəhd edirlər. Əgər İrəvanda iqtidar dəyişərsə, Azərbaycana qarşı həmin terror qruplarından istifadə oluna bilər”. Postsovet məkanında terror təhlükəsinə gəlincə, hərbi analitik hesab edir ki, Rusiya və onun müttəfiqlərinə qarşı bu addımlar atıla bilər: “Ukrayna tərəfdən çıxış edən "Rusiya Azadlığı Legionu"nun Belqorodda keçirdiyi əməliyyata Rusiya terror, Kiyev partizan müharibəsi adını verməkdədir. Ona görə burada terminlərə ehtiyatlı yanaşmaq lazımdır. Ümumiyyətlə, “terror” termini indi çox istifadə edilir və biz hər baş verən hadisəni terror kimi təqdim edə bilmərik".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR