İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəzər beşliyi”nin gözlənilən görüşü - dənizin dibi, raketlər və...

1006 24.06.2022 08:50 Gündəm A A

Ekspertlərə görə, dənizlə bağlı həlli vacib olan problemlər mövcud münasibətləri zədələyir, bölgədəki təhlükəsizliyi təhdid edir

İyunun 28-də Aşqabadda Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Toplantı iyunun 29-na planlaşdırılan altıncı Xəzər sammitinin hazırlığına həsr olunacaq.

Xəzərin hüquqi statusu üzrə konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanda keçirilmiş zirvə toplantısında imzalanıb. Təbii resurslarla zəngin Xəzər dənizinin sahilində yerləşən beş ölkənin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) liderləri dünyanın ən böyük daxili su hövzəsinin statusu barədə razılığa gəliblər. Xəzəryanı ölkələr ayrı-ayrılıqda ticari-iqtisadi əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalayıblar. Beş ölkənin imzaladığı razılaşmaya əsasən, hərbi bazaların tikintisi və onların xarici ölkələr tərəfindən istifadəsi, hərbi gəmilərin, təyyarə-daşıyıcılarının və sualtı qayıqların, döyüş təyyarələrinin həddindən artıq uçuşu və hətta digər ölkələrə məxsus yüklərin daşınması qadağandır. Beş ölkə arasında neftlə zəngin dənizin dibinin bölünməsi məsələsi  həll edilməmiş qalıb.

“Xəzər dənizindəki bəzi yataqların işlənilməsi üçün Azərbaycanla İran birgə komissiyanın yaradılması haqqında razılıq əldə edib”. Bu sözləri bugünlərdə Bakıda olan İranın neft naziri Cavad Övci jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, enerjidaşıyıcılarının birgə işlənməsi, hasilatı və ixracı hər iki dövlətin maraqlarına cavab verir.  “Azərbaycan da İranın yaxın qonşusu və dost dövlətdir. Hər iki ölkənin böyük potensialı var və bu potensialdan istifadə etmək zəruridir”, - deyə o əlavə edib.

Xəzərlə bağlı müzakirəyə ehtiyac olan daha bir mövzu Rusiyanın Ukraynaya atdığı raketlərdir. Çünki imzalanmış konvensiyada Rusiya üzərinə Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyi götürüb.

Maraqlıdır ki, Azərbaycan Xəzərdə qısamüddətli təlim keçirib. Qeyd edək ki, taktiki təlimə Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub. Təlimdə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin bölmələri tərəfindən enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətlər praktiki yerinə yetirilib. Bildirilib ki, təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.

Ekspertlərə görə, Xəzəryani dövlətlərin içində daha çox güclü Hərbi Dəniz Qüvvələrinin olmasına ehtiyacı olan Azərbaycandır. Çünki Xəzərdə ən böyük enerji yataqlarına Azərbaycan malikdir. Bu baxımdan enerji yataqlarının təhlükəsizliyi məsələsi Azərbaycan üçün çox vacibdir.

Qeyd edək ki, bu cür təlimlərdən ən çox qıcıqlanan nədənsə, İrandır. Hətta belə bir  açıqlama vermişdilər ki, guya Azərbaycan Türkiyəyə imkan yaradır ki, Xəzərdə hərbi varlığını gerçəkləşdirsin. Yəni Xəzərdə hələ ki tam inam mühiti yaratmaq mümkün olmur. Xəzərin dibi, Xəzəryani ölkələrin təhlükəsizliyi və digər məsələlər hazırda daha çox müzakirə olunur.

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

 Ceyhun Məmmədov

YAP-çı deputat Ceyhun Məmmədov bu məsələnin həll olunmamasının bütün tərəflərə təsir etdiyini söylədi: “Qeyd etmək lazımdır ki, Xəzərdə təlimlər keçirmək, bu istiqamətdə addımlar atmaq, öz hərbi donanmasını gücləndirmək Azərbaycanın tam haqqıdır. Necə ki, bu gün bunu Rusiya, İran və digər dövlətlər edir. Bu, kiminsə əleyhinə yönəlməyib. Azərbaycan öz təhlükəsizliyini daha da gücləndirir, hərbi donanmasının imkanlarını genişləndirir. Eyni zamanda rəsmi Bakı ümid edir ki, biz yaxın vaxtlarda Xəzərin dibi, buradakı təhlükəsizliklə bağlı məsələləri birlikdə müzakirə edərək yekun qərar qəbul olunmasına nail olacağıq. Prosesin tam şəkildə həll olunmaması bütün dövlətlərə öz təsirini göstərir. Məsələnin uzadılması hesab edirəm ki, heç bir tərəfə xeyir gətirmir. Əksinə, bu, mövcud münasibətləri zədələyir, bölgədəki təhlükəsizliyi zaman-zaman təhdid edir. Bu baxımdan hesab edirəm ki, burada birgə addımların atılması və qərarların qəbul edilməsi çox önəmlidir. Azərbaycan buna hazırdır. Ancaq təəssüf ki, hələ də Xəzərin dibi ilə bağlı məsələ həll olunmayıb. Biz inanırıq ki, digər dövlətlər də bu məsələlərdə konstruktiv mövqe nümayiş etdirərək, ortaq məxrəcə gələcəklər. Həmçinin ümid edirik ki, biz Xəzərin dibinin bölüşdürülməsinə, eləcə də burada təhlükəsizliyin təmin olunmasına nail olacağıq”.

Erməniləri təxribatlara sövq edən Rusiyadır

 Rövşən Məhərrəmov 

Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Xəzərin statusunu çox vacib məsələ sayır: “Deyilənləri nəzərə alaraq söyləyə bilərik ki, hətta İkinci Qarabağ savaşı olan zaman pandemiya səbəbindən sərhədlər bağlı olduğu halda, Rusiya Həştərxandan ermənilərə yardım üçün Ənzəliyə silahlar göndərir, oradan da həmin silahlar İran üzərindən keçmiş Dağlıq Qarabağın ərazisinə daşınırdı. Bu, əlbəttə ki, konvensiyaya uyğun deyildi. Ondan əlavə, tək Ukraynaya deyil, Xəzərdən gəmidən ballistik raketlər buraxılıb. Bu da yolverilməzdir. Biz suveren, müstəqil ölkəyik, öz ərazimizdə təlimlər keçiririk. Neft kəmərlərinin qorunması üçün biz Nargin adasına raketlər yerləşdirdik. Bu barədə razılıq əldə olunub. Hava hücumundan müdafiə raketləri idi. Bilirsiniz ki, İran Azərbaycan sektorunda öz təyyarələri ilə pozucu hallara yol verirdi. 1-2 dəfə xəbərdarlıqdan, dövlət tərəfindən nota verildikdən, qırıcı təyyarələrimiz havaya qalxdıqdan sonra onlar sərhəd pozuntusunu dayandırdılar. Xəzərin statusu çox vacib bir məsələdir. Bu status məsələsi hələ də sona qədər həll olunmayıb. İran əvvəllər iddia qaldırırdı ki, SSRİ dövründə sərhədlər fərqli idi, indi müstəqil dövlətlərin olduğu qeyd edilirdi. Sərhəd Neft Daşlarına düşürdü. Qazaxıstan, Türkmənistan, hətta Rusiya etiraz edəndən sonra İran tərəfi etirazlarından geri çəkilmişdi. Xəzərdə təlimlər keçirilməsi, hərbi dəniz qüvvələrinin gücləndirilməsi İrana sözsüz ki, sərf etmir. Azərbaycanın, ordumuzun güclənməsi, ümumiyyətlə, İranı narahat edir. Buna qıcıqla yanaşır. Amma bütün bunlara baxmayaraq, ordumuz güclənir, öz təlimlərini keçirir. Neft sahəsinin qorunması üçün xüsusi təlimlər keçirilir. Bilirsiniz ki, bu və ya digər sahələr üzrə keçirilən təlimlərlə türk modelinə keçirik. Orada isə təlimlər tam başqadır. Öz ərazimizdə suveren ölkə kimi belə təlimlər keçmək öz səlahiyyətimizə aid məsələdir. Zatən bunu da edirik. Status nə qədər tez həll olunsa, o qədər yaxşı olardı. Çünki bundan sonra sərhəd pozuntusu olmayacaq. Bilirsiniz ki, balıqçılar azıb Qazaxıstana getmişdilər, orada saxlanılmışdılar. Əgər status müəyyən edilsə, hərbi dəniz qüvvələrimizin, sərhədçilərimizin də işləri asanlaşar, qarşılarına qoyulan işləri layiqincə yerinə yetirərlər. Hesab edirəm ki, mütləq şəkildə təlimlər olmalıdır. Bu təlimlər tez-tez aparılmalıdır. Şimalımızda güclü Rusiya, cənubumuzda İran var. Bu ölkələr hər zaman bizə təhlükədir. Belə təhlükələrdən qorunmaq üçün hərbi dəniz qüvvələrimizin bazasını daha da möhkəmləndirməli, yeni gəmilər əldə etməli, təzə flotlar yaratmalıyıq. Müasirin donanmanın yaradılması yaxın 3-5 ildə çox vacibdir. Bunu mütləq şəkildə həyata keçirmək çox vacibdir. Müasir donanma o deməkdir ki, Azərbaycanın dəniz sahilləri mükəmməl əldə olacaq, yəni ordumuzun nəzarətində. Hər zaman hər hansı bir hücuma cavab verməyə ordumuz hazır olacaq. Ona görə də donanmanın güclənməsi hər şeydən vacibdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR