İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəstəliyi soyuqdəymədir deyib ağırlaşdırırlar, bu da ölümlə nəticələnir...”

2178 10.09.2022 08:40 Səhiyyə A A

“Artıq risk qrupuna aid olmayanlar arasında da COVİD-dən ölüm halları müşahidə edirik”- İnfeksionist

COVİD bəlası, deyəsən, 2022-ci ildə də başa çatmayacaq. İlk vaxtlardan rəylər belə idi ki, peyvəndlənmə qaydasında aparılarsa, 2022-ci ilin payızınadək koronavirus bəlasından qurtara bilərik. Ancaq deyəsən, gözləntilər özünü doğrultmur. Düzdür, bir çox ölkələr əvvəlki kimi sərt karantin tədbirlərinə getmirlər - yoluxan yoluxsun prinsipini əsas götürürlər. Ancaq Azərbaycanda aparılan yoluxma statistikası onu göstərir ki, bəla yaxamızdan əl çəkmir. Bir gün öncə 7 nəfər COVİD-dən dünyasını dəyişib. Dünən isə 5 nəfər koronovirusdan vəfat edib. Yoluxma sayı isə əksər vaxtlarda 500-ün üzərindədir.

Bəzi həkimlər deyir ki, koronavirus payız və qışda yenidən tüğyan edə bilər. Hətta yenidən maska tələbi də gündəmə gələ bilər.  Bəs görəsən, daha pis duruma düşməmək üçün nə etməliyik?

Mövzu ilə bağlı “Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova bunları dedi: “Hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Tibbi nöqteyi-nəzərdən, həkimlər üçün vacib olan xəstəxanaların yüklənmiş rejimdə çalışmamasıdır ki, hazırda xəstəxanalarda ciddi yüklənmə müşahidə olunmur. Ölüm halları adətən pasiyentlərin COVİD testi verməməsi, xəstəliyi soyuqdəymə, adi qriplə əlaqələndirməsi, öz başına sağalmaq düşüncəsi ilə bağlıdır. Ağırlaşmalarla müraciət edirlər. Əksəriyyətində isə vaksin olunmadığı müşahidə edilir. Bunların da hamısını nəzərə alsaq, ölüm sayına səbəb olan bu faktorlardır. Gec müraciət olunduqda da ağciyərin müəyyən hissəsi sıradan çıxdıqda, laxtalanma sistemi pozulduqda ikinci bir infeksiya qoşulduqda həkimlər üçün də müalicə çətin olur. Ağırlaşmaların müalicəsi çətin olur. Ona görə biz dəfələrlə vurğulayırıq ki, hərarətlə müşahidə olunan, yuxarı tənəffüs yollarının istənilən simptomu ilə müşahidə olunan xəstəliklərdə COVİD testi verilsin və xəstə yaşından, cinsindən, digər xəstəliyindən asılı olmayaraq həkim nəzarətinə götürülsün.  Təbii ki, risk qrupuna aid olanlar üçün daha önəmlidir. Amma artıq risk qrupuna aid olmayanlar arasında da az da olsa ölüm halları müşahidə edirik. Bunlar həkim nəzarəti altına götürülməlidir. Hamilələri xüsusi vurğulamaq istəyirəm. Hamiləliyin son aylarına yaxın qadınlarda bu simptomlar olduqda öz ginekoloqunun nəzarəti altında olmalıdır. Həm ana tərəfindən, həm də döl tərəfindən ağırlaşmalar müşahidə oluna bilər. Bu ciddi şəkildə ananın, dölün həyatını təhlükə altında qoyur. Onsuz da hamilələrdə ciyərlər yüklənmiş vəziyyətdə olur, bu xəstəlik də olanda onlarda ağırlaşmalar daha erkən günlərdə görürük”.

Həkim payız mövsümündə diqqətli olmağa çağırır: “Bilirik ki, xəstəlik uşaqlardan da yan keçmir. Qarşıdan məktəb vaxtı gəlir. Uşaqların ailə içində olan xəstəliyin məktəbə gətirməsi və bu yolla yaymasını ötən illərdə çox görürdük. Ona görə də dərs ili başlayanda valideynlər daha da diqqətli olmalıdırlar. Ən cüzi simptomu olan şəxslər təhsil müəssisəsinə buraxılmamalıdır ki, xəstəliyin qarşısını ala bilək. Payızda artıq xəstəliyin xüsusiyyətinə bağlı olaraq bu aylarda artım gözləyirik. 

Qapanmalara gəlincə isə, bununla bağlı həkimlər qərar vermir. Nazirlər Kabineti bir çox faktoru nəzərə alıb qərar qəbul edir. Qapanmalar olmasa da, insanlar özləri bəzi məhdudiyyətlər qoymalıdır. Könüllü olaraq maska istifadəsi artmalıdır. Tələbələr də ictimai nəqliyyatda olarkən maskadan istifadə etməlidirlər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR