İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkov vilayətində ağır döyüşlər gedir

963 14.05.2024 16:30 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 13-də axşam bildirib ki, Xarkov vilayətindəki Volçansk şəhərindən şimalda Ukrayna qüvvələri Rusiya qoşunlarını geri oturtmağa başlayıb.

Eyni zamanda Volçanskdan qərbdə yerləşən Staritsı kəndində döyüşlər başlanıb. Burada Rusiya hərbçiləri müdafiəni yara biliblər.

Bundan əvvəl Ukrayna baş qərargahı Rusiya ordusunun “qismən uğur” qazandığını bildirmişdi.

Lakin Kiyevdən bildiriblər ki, hazırda rusiyalıların hücumu dayandırılıb.

Ukrayna Baş Qərargahı bildirir ki, Rusiya ordusu Ukrayna qoşunlarını onun tutduğu bütün mövqelərdən çıxarmaq cəhdlərindən əl çəkmir.

Rusiya ordusu eyni zamanda Udı, Volçansk, Liptsı, Qrafskoye və Veseloye şəhərlərinə aviasiya zərbələrinin endirilməsinə başlayıb.

Xarkov vilayəti polisinin rəhbərliyi bildirir ki, rusiyalılar Volçanskın atəşə tutulmasını gücləndiriblər və şəhərdə “əhəmiyyətli dağıntılar” var.

Volçansk istiqamətində döyüşən Ukrayna zabitlərindən biri deyib ki, vəziyyət son dərəcə mürəkkəbdir, çünki Ukrayna ordusunun bu ərazilərdə lazımi fortifikasiyaları yoxdur.

ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertləri hesab edirlər ki, Rusiya qoşunları böyük bir ehtimalla Voçanskdan şimaldakı Qatişşe və Tixoye məntəqələrini də tuta biliblər.

 

Sakinlər evakuasiya edilir

Ukrayna hərbi şərhçilərindən Kontantin Maşovets deyib ki, Rusiya qoşunları Volçansk istiqamətində 2, 5 kilometr irəliləyə bilib.

Onun məlumatına görə bu əraziyə əlavə olaraq ən azı 4 Rusiya motoatıcı batalyonu gətirilib.

Ukrayna silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırskı Xarkov vilayətində vəziyyətin kəskinləşdiyini etiraf edib.

Ukrayna prezidenti Volodimir Zelenski özünün ənənəvi axşam müraciətində deyib ki, indi əsas vəzifə “Rusiyanın hücum planlarını pozmaqdır”.

Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleh Sinehubov mayın 13-də deyib ki, Xarkov vilayətindəki Rusiya hərbçiləri hazırda kiçik qruplarla hücum edərək ukraynalıların müdafiə xəttini uzatmağa çalışırlar.

Sinehubovun sözlərinə görə təhlükəli zonalardan adamların təxliyəsinə başlanıb. Daha təhlükəsiz ərazilərə 6 minədək sakin köçürülüb.

Mayın 13-də günün sonunadək 1600 nəfər evakuasiya olunmalı idi.

 

Ukraynanın Krıma raket zərbələri

Bu arada ASTRA saytı bildirir ki, Krıma raket hücumları nəticəsində Ay-Petri dağındakı hava hücumundan müdafiə bazasına ziyan dəyib. Buradakı Rusiya hərbi hissəsinin komandirinin həlak olduğu xəbər verilir.

Ehtimal edilir ki, Ukrayna hərbçiləri mayın 13-də səhər saat 6-dan 85683 nömrəli hərbi hissəyə Britaniya istehsalı Storm Shadow raketləri ilə zərbələr endirib.

Bu bazaya raket zərbələri nəticəsində hərbi hissənin komandiri Aleksandr Kulakov və daha bir hərbi qulluqçu həlak olub. Yaralıların sayı dəqiqləşdirilir.

Bu da vurğulanır ki, sözü gedən dağda Rusiya silahlı qüvvələri 3-cü radiotexniki alayının “məxfi bazası” yerləşir.

Sovet dövründə Ay-Petri dağının zirvəsində uzaq kəşfiyyat və HHM qüvvələrinin yöndləndirilməsi məqsədilə radiotexniki mərkəz yaradılmışdı. Mərkəzdəki kürəşəkilli ağ radarlar turistlərin diqqətini cəlb edirdi.

3-cü radiotexniki alay Rusiya hərbi-kosmik qüvvələrinin tərkibində olan hərbi birləşmədir. Birləşmənin komandanlığı Sevastopol şəhərində yerləşir.

 

Cəbhə xəttindən 100 kilometr arxada

Bu da xəbər verilir ki, belə görünür, Ukrayna silahlı qüvvələri Luhansk vilayətində cəbhə xəttindən 130 kilometr aralıda yerləşən şəhərə zərbə endirib.

Rusiyanın işğal ərazisində olan Sorokino (sovet vaxtı Krasnodon adlandırılıb-red) şəhərində bir neçə partlayış baş verib.

Teleqram kanallarındakı məlumatlara görə bir neçə partlayış olub və yanğın başlayıb.

Ukrayna teleqram kanalları Rusiya ordusunun hərbi sursat anbarlarının yandığını yazırlar. Kiyev hələ ki, bu zərbələr barədə şərh verməyib.

Luhanskdakı Rusiya işğal administrasiyasının rəhbəri Leonid Paseçnik şəhərin Ukrayna qüvvələri tərəfindən atəşə tutulduğunu təsdiq edib, lakin hansı obyektlərin hədəf olduğunu deməyib.

Onun sözlərinə görə azı üç nəfər həlak olub, yollar bağlanıb.

Son günlərdə Ukrayna hərbçiləri Luhansk vilayətində Rusiyanın işğalında olan ərazilərə iki dəfə raket zərbələri endirib. Hər iki zərbənin hədəfləri neft bazaları idi. Mayın 10-da Rovenki şəhəri yaxınlığındakı neft bazasına raket zərbəsindən azı dörd nəfərin həlak olduğu xəbər verilmişdi.

Mayın 7-də Luhanskın atəşə tutulması nəticəsində daha bir neft bazasının yanması xəbər verilmişdi.

Paseçnik zərbələrin ABŞ istehsalı ATACMS raketləri ilə endirildiyini bildirmişdi.

(Azadlıq Radiosu)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR