İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki “oturaq aksiya” Rusiyaya qarşı çevrilə bilər

1726 21.07.2023 08:17 Siyasət A A

Separatçılar bu “aksiya” ilə həm anti-Azərbaycan beynəlxalq gücləri hərəkətə gətirməyə, həm də Rusiya sülhməramlılarının bölgədə heç bir işə qadir olmadığını sübut etməyə çalışırlar

Separatçıların Xankəndidə başladığı qondarma “oturaq aksiya”nın növbəti tələbi sülhməramlıların Qarabağdan çıxması ola bilər. Bu barədə “Hraparak” nəşri yazır. Nəşr bildirir ki, aksiya başlayanda Qurgen Nersisyan (qondarma “dövlət naziri”) sülhməramlı kontingentin komandiri Aleksandr Lentsovla görüşüb, ondan Laçın yolunu güc yolu ilə açmağı tələb edib. Lentsov ona izah edib ki, onlar sülhməramlıdır və Azərbaycana qarşı heç bir addım atmayacaqlar.

“Ola bilsin ki, Lentsov Moskvaya vəziyyəti məruzə edib, lakin ona əmr verilib ki, sənin işin başqadır, işinlə məşğul ol. O da əmri yerinə yetirir. Nəticə etibarilə sülhməramlılar heç nə etmirlər. Gözləniləndir ki, aksiyanın yeni tələbi sülhməramlıların Qarabağdan çıxarılması ola bilər. Çünki sülhməramlılar heç nə etmir, əksinə, öz təminatlarını vertolyotla gətirir və susurlar. Onların getməsi tələbi gündəmə gələcək. Ümidlər var ki, bəlkə onların yerinə başqa sülhməramlılar gələ və kömək edə bilərlər”, - nəşr yazır.

Əslində bu, Ermənistan hakimiyyətinin tezisinə daha çox oxşayır. Paşinyan bildirir ki, sülhməramlılar öz “işlərini” yerinə yetirmirsə, bölgəyə beynəlxalq missiya cəlb edilməlidir. Bunun praktiki olaraq baş verməsi mümkünsüzdür, lakin İrəvan bununla Rusiyanı şantaj edir, onu Azərbaycanla qarşıdurmaya cəlb etməyə cəhd göstərir. Qarabağda yaşayan ermənilər indiyədək Rusiya sülhməramlılarına qarşı bir neçə dəfə etiraz aksiyası keçirib. Aksiyada Rusiya əleyhinə şüarlar səsləndirilib. Onların fikrincə, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmir. Separatçıların nümayəndələri Rusiya hərbçilərinin Xankəndidən çıxarılması tələbini irəli sürüblər. Sosial medianın erməni seqmentində, həmçinin erməni mətbuatında “Rusiya bizi qoruya bilmir”, “sülhməramlılar təhlükəsizliyi təmin edə biləcək etibarlı tərəfdaş deyil” kimi fikirlərə tez-tez rast gəlinir. İndi ermənilər bu “aksiya” ilə həm anti-Azərbaycan beynəlxalq gücləri hərəkətə gətirmək, həm də Rusiya sülhməramlılarının bölgədə heç bir işə qadir olmadığını sübut etməyə çalışırlar.

Bəhruz Məhərrəmov: Fransanın Korsikada yerli dili qadağan etməsi insanlıq  əleyhinə cinayәtdir

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında separatçıların ən radikal kəsiminin belə rus sülhməramlılarına inamının itdiyini söylədi: “Qarabağda başlanan, daha doğrusu, Rusiyanın bəzi dairələri tərəfindən təşkil olunduğunu ehtimal etməyə əsaslar olan aksiya son nəticədə sülhməramlıların özünün fiaskosuna gətirib çıxaracaq. Moskva sülhməramlıların dəstəyi ilə təşkil etdirdiyi aksiyaya regionda təzyiq rıçağı kimi yanaşır. Separatçılar isə bu aksiya ilə beynəlxalq diqqəti sülhməramlıların müvəqqəti nəzarət zonasında yaşayan erməni sakinlərin üzləşdiyi "humanitar fəlakətə" yönəltmək istəyir.

Lakin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı İrəvanın iddialarını rədd etməsi, Azərbaycanın alternativ yol təqdim etməsi, habelə sonuncu Brüssel görüşündə Azərbaycanın suveren haqlarına münasibətdə heç bir sual qalmadığı və Ermənistanın özünün Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıdığı bir şəraitdə, sülhməramlıların cəhdlərinin faydasız olması Qarabağın erməni sakinlərini düşündürməyə başlayıb. Heç bir faydası olmayan, son nəticədə istəməsə belə Azərbaycanın prinsipial və beynəlxalq hüquqa əsaslanan direktivlərindən çıxa bilməyən bir kontingentin bölgədə varlığı artıq separatçılar üçün əlavə yükdür. Separatçılar üçün sülhməramlıların gizli vədlərinə uyaraq Bakı ilə münasibətləri gərgin saxlamağın faydasız olması artıq aksiomadır. Belə bir şəraitdə separatçıların hətta ən radikal kəsimi belə artıq Rusiyanın bölgədəki kontingentinə inamı itirib. Təsadüfi deyil ki, sülhməramlıların qərargahı qarşısında keçirilən aksiyalarda artıq gedişat Rusiya əleyhinə çevrilməyə başlayıb. Yəni hər kəsin onlara borclu olduğunu düşünən erməni millətçi təfəkkürü artıq sülhməramlıların Qarabağdan çıxmalı olmasını çəkinmədən ucadan səsləndirir. İş o həddə çatıb ki, Moskvanın Araikin yerinə hazırladığı Nersesyanın belə artıq açıq formada sülhməramlıları ittiham etməsi sülhməramlılar üçün fiasko deməkdir. Situasiyanı ümumiləşdirsək, bu, Moskvanın faktiki olaraq Qarabağda öz qazdığı quyuya düşməsi anlamına gəlir".

Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xəbərin həqiqət payını az görür: “Əgər Qarabağdakı erməni separatçılar erməni mətbuatının yazdığı kimi, rus hərbi kontingentinin bölgədən çıxarılmasını istəyirlərsə, lap yaxşı. Bu bizim işimizi asanlaşdıracaq. Onsuz da bizim əsas hədəfimiz, dəfələrlə qeyd etdiyim kimi, rus hərbi kontingentini bölgədən çıxarmaqdır. Separatizmə son qoyaq, rus hərbi bazaları da sona çatsın. Əgər bunu bizim əvəzimizə erməni separatçıları edəcəksə, lap yaxşı. Çünki separatçılarla üz-üzə qalıb qısa müddətdə bu məsələni həll edə bilərik. Yüz dəfə də Ermənistanla, yaxud separatçılarla üz-üzə qalsaq, bütün savaşların qalibi bizik. Amma qarşımızda Rusiya və İran kimi dövlətlər olanda müəyyən çətinliklərimiz yaşanır, Türkiyənin siyasi və hərbi dəstəyinə ehtiyacımız yaranır. Amma Rusiya Qarabağda olmayacaqsa, bu ancaq bizim işi asanlaşdırar. Amma düşünmürəm ki, erməni mətbuatının yazdığı kimi, separatçıların əsas məqsədi rus hərbi kontingentini bölgədən çıxarmaq olsun. Çünki bölgədən çıxarıb bu boşluğu necə dolduracaqlar? Beynəlxalq hərbi kontingent gəlib Qarabağda yerləşəndir? İlk növbədə, Azərbaycan bunun əleyhinə olacaq. Azərbaycanın razılığı olmadan heç bir təşkilat və dövlət rus hərbi kontingentini bölgədə əvəz edə bilməz. Fransa cəhd etsə belə, bu niyyətinə çata bilməz. Digər tərəfdən, düşünürəm ki, həmin ölkələrin özləri belə bunu istəməzlər. Hansı dövlət Qarabağ separatçılarına dəstək verə bilər? Onun üçün deyirəm ki, bu boşluğu doldura bilməzlər. Onun üçün də bu məlumatların doğru olmadığını düşünürəm. Rus hərbi kontingentindən narazı olsalar da, başqa alternativləri də yoxdur. Onlardan ikiəlli yapışmaq məcburiyyətində qalıblar. Amma bu da nəticə verməyəcək. Çünki bizim əsas hədəfimiz rus hərbi kontingentini bölgədən çıxarmaqdır. 2020-ci il 10 noyabr bəyanatı buna tam imkan verir. Müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri etiraz etsə, müddət uzadılmayacaq. Azərbaycan da etirazını edəcək. Düzdür, Rusiya buranı tərk etməmək üçün müəyyən təxribatlar törədə bilər. Amma yanımızda Türkiyənin iştirakı ilə bu məsələni həll edə bilərik.

Ermənilərin “Hraparak” nəşrində yayımlanan məqaləyə görə, Xankəndidə oturaq “aksiya” guya Rusiyaya qarşı çevrilə bilər, yəni separatçılar etirazlarının növbəti mərhələsində rusiyalı sülhməramlıların Qarabağdan çıxarılmasını tələb edəcəklər. Separatçılar ondan narazıdır ki, Rusiya kontingenti Azərbaycana qarşı heç bir addım atmayıb, Laçın “dəhlizini” açmayıb və s. Bunun davamı kimi separatçıların lideri Araik Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Qarabağda “beynəlxalq qüvvələrin” yerləşdirilməsini təmin etməyə çalışacaqlar. Bu xülyadır. Birincisi, yuxarıda da qeyd etdim, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağa hərbçilərini göndərməz. Xarici mərkəzlərin bir qismi sözdə Ermənistana və erməni separatizminə dəstək versələr də, Azərbaycanla qarşıdurmaya gedərək vətəndaşlarını ölüm təhlükəsi olan bölgəyə göndərməyəcəklər. Bunu separatçılar da anlayırlar. İkincisi, separatçılar Rusiyadan narazı qalsalar da (halbuki rusiyalı hərbçilər Kremlin təlimatı ilə erməni separatizminə dəstəklərini artırıblar) bu ölkənin hərbi kontingentinin bölgəni tərk etməsini tələb etməyəcəklər. Çünki narazılıqlarına rəğmən, separatçıların Rusiyadan ikiəlli yapşmaqdan başqa seçimləri yoxdur. Əgər “Hraparak” nəşrinin xəbərində kiçik də olsa həqiqət payı varsa, yəni separatçılar növbəti mərhələdə Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini reallaşdırmağa çalışacaqlarsa, bu bizim işi asanlaşdıracaq, məqsədimiz elə Rusiya hərbi kontingenti olmadan separatçılarla məsələni birdəfəlik həll etməkdir". 

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR