İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə erməni fəallar terrorçuları hədəfə aldılar: "Bakıya əngəl olmayın, kənara çəkilin, üç il itirmişik..."

9770 23.09.2023 17:23 Analitika A A

Hazırda rəsmi Bakı Azərbaycanın Qarabağ regionundakı erməni azlığını separatçı-terrorçuların girovluğunda xilas etmək üçün reinteqrasiya prosesini mümkün qədər sürətləndirməyə çalışır... Erməni azlığının daha cəsarətli təmsilçiləri isə xuntanın separatçı-terrorçularından ən qısa zamanda tərksilah olunub, Azərbaycan ərazilərinndən getmələrini, mülki əhalinin normal həyat şansına əngəl törətməmələrini tələb edirlər...

Azərbaycan ən böyük problemini böyük ölçüdə artıq həll edib. Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının bərpası ilə bağlı prosesdə hərbi mərhələ artıq sona çatıb. İndi bu prosesin tamamilə yekunlaşması üçün dinc metodlarla reallaşdırılacaq bəzi önəmli addımların atılması qalıb. Və həmin addımlar da intensiv şəkildə atılmaqdadır.

Məsələ ondadır ki, ilk növbədə Ermənistan ordusunun tör-töküntüləri tərksilah edilərək, Azərbaycan ərazisindən çıxarılmalıdır. Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə erməni terror dəstələri silah-sursatı və hərbi texnikanı təhvil verməyə başlayıblar. Və bu, növbəti humanitar xarakterli addımların atılması üçün müəyyən imkanlar açır.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Qarabağda yaşayan erməni azlığına hər cür humanitar dəstək verməyə, mülki əhalinin ilkin ehtiyaclarını təmin etməyə hazırdır və bunu artıq edir. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da bildirib ki, Azərbaycan hökuməti dinc əhalini elektrik enerjisi, ərzaq, dərman və s. ilə təmin etməyə hazırdır. Rusiya sülhməramlı qüvvələri isə Azərbaycan tərəfindən ermənilərə heç bir təzyiq olmadığını rəsmən təsdiqləyib. Eyni zamanda, rəsmi Bakının bölgəyə qida və dərman göndərdiyini vurğulayıb.

Bütün bunlar rəsmi Bakının Qaradağdakı erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyasını sürətlə reallaşdırmaqda qərarlı olduğunu göstərir. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup da yaradılıb. Yəni, reinteqrasiya prosesi artıq geriyə dönməz xarakter daşıyır.

Ancaq rəsmi Bakının maksimum humanist mövqeyinə baxmayaraq, müəyyən problemlər də var. Belə ki, bəzi silahlı terror dəstələri təslim olmaq istəmirlər. Hətta Xankəndi əhalisinin girov saxlandığı barədə də müəyyən məlumatlar mövcuddur. Eyni zamanda, reinteqrasiya prosesinə əngəl törətmək üçün kənardan müdaxilə etmək cəhdləri də müşahidə olunur.

Belə anlaşılır ki, yenə "suyu bulandırmaq" niyyətində olanlar var. Onlar özəl maraqları naminə həm Azərbaycanın daxili işlərinə qarışmağa, həm də Qarabağdakı erməni azlığının daha yaxşı yaşamaq şansını boşa çıxartmağa çalışırlar. Halbuki, artıq bu məkrli niyyətlərin baş tuta biləcəyi o qədər də inandırıcı görünmür. Və erməni azlığının bəzi təmsilçiləri də reallığı anlamağa, doğru yolun istiqamətini görməyə başlayıblar.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Məsələn, Qarabağ ermənilərinin təmsil edən ictimai fəal Karina Yeritsyan hesab edir ki, Azərbaycanın hüquqi məkanına reinteqrasiya Qarabağdakı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yeganə doğru yoldur. Onun fikrincə, hələ də "müstəqillik" xəyalı quranlar anlamalıdırlar ki, situasiya ciddi şəkildə dəyişib. Azərbaycan və Ermənistan yekun sülh sazişinin imzalanması üzrə danışıqlar aparır. Qarabağ erməniləri də anlamalıdırlar ki, onların taleyi ABŞ, Fransa və ya Ermənistandan asılı deyil və xarici siyasi dairələr fərqli situasiyanın yaradılması üçün heç bir kömək edə bilməyəcəklər.

Qarabağ ermənilərinin ictimai hərəkatının üzvü Georgi Arakelyan isə əmindir ki, bölgənin əhalisi daha yaxşı həyat üçün Qərbə və ya Ermənistana deyil, məhz Azərbaycana yönəlmək barədə düşünməlidir. Erməni aktivist hesab edir ki, Ermənistan gözlənildiyi kimi, Qarabağı taleyin ümidinə buraxıb və yalnız özü barədə düşünür. Qarabağdakı ermənilər Ermənistandakı siyasi dairələrə həmişə yalnız öz hakimiyyət maraqlarını təmin etmək üçün lazım olub.

Həmin hərəkatın rəhbəri Artur Ağacanov isə Qarabağ ermənilərini Azərbaycanın iqtisadi imkanlarından yararlanmağa çağırıb. Onun fikrincə, yeni silahlı toqquşmalar olmadan da reinteqrasiya prosesinə başlamaq mümkün idi. Ancaq Ermənistan ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxarılmasını təmin etməyən, yetərli əhalini girov vəziyyətinə salan hərbi xuntanın özəl maraqları buna əngəl olub: "44 günlük savaşdan sonra ötən üç il itirilmiş zamandır. Biz anlamalıyıq ki, Qarabağın gələcəyi yalnız Azərbaycanla bağlıdır".

f8792005-efc2-478a-8313-85a3eb315ed2.jpg (98 KB)

Qarabağ ermənilərinin ictimai hərəkatının daha bir üzvü Valeri Yeritsyan Ermənistan büdcəsindən edilən maliyyə dəstəyinin hərbi xunta tərəfindən mənimsənildiyini bildirib. Onun dediyinə görə, həmin maliyyə dəstəyi mülki əhalinin həyat şəraitinə heç bir müsbət təsir göstərməyib və həmişə ağır sosial-iqtisadi şəraitdə yaşayıblar. Halbuki, rəsmi Bakının 2020-ci ildən sonra Qarabağda başlatdığı bərpa-quruculuq prosesi ermənilərin yaşadığı şəhər və kəndləri də əhatə edə bilərdi: "Ancaq məhz xuntanın ucbatından erməni əhalini rifah vəziyyətinin yüksəldilməsi baxımından, üç il itirilib".

Azərbaycanın Qarabağ iqtisadi regionunda "boz zona" yaradıb, hərbi cinayətlər törədən terrorçu xuntanın ucbatından orada mövcud olan real vəziyyət məhz erməni aktivistlərin dediklərindən tam şəkildə aydın olur. İndi rəsmi Bakı Qarabağdakı erməni azlığını separatçı-terrorçuların girovluğunda xilas etmək üçün reinteqrasiya prosesinə start verib.

Erməni fəallar isə separatçı-terrorçulardan Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə əngəl törədilməməsini tələb edirlər. Onların fikrincə, erməni separatçı-terrorçular ən qısa zamanda təslim olub, kənara çəkilməlidirlər, Azərbaycanı tərk etməlidirlər ki, bölgənin mülki əhalisi normal həyat şansı üçün daha zaman itirmısinlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR