İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalqlar həbsxanası”nda suverenlik büsatı – Çara müstəqillik günü lazımmı?

2094 12.06.2022 15:40 Yazarlar A A

Bu gün Rusiyada nə qədər ekzotik görünsə də, milli müstəqillik, suverenlik günü qeyd edilir. RSFSR-in Suverenliyi haqda Bəyannamənin qəbulundan 30 il ötür.

Bir az da qəribədir, deyilmi? “Xalqlar həbsxanası” Rusiyanın hansı legitim suverenlik bayramı ola bilər görəsən? İmperiyaların müstəqillik, suverenlik günləri olmur, yaranma və dağılma günləri olur. Rusiya 1-cini yaşayıb. Qalır 2-cisi. O da gec-tez, mütləq olacaq. Zira, tarixin təkərini geri döndərmək hələ heç kəsə müyəssər olmayıb. Rus neo-bolşeviklər, ultra-millətçilər boşuna əlləşməsinlər.

Əslində rus xalqının özü də 500 ildir “millətlər həbsxanasın”da girov kimidir. Azad olmayan, girov millətlərin isə azad, müstəqil dövləti olmur. Rus xalqının da yoxdur. Deməli, müstəqillik günü də yoxdur, ola bilməz. Rus xalqı öncə öz qolundakı buxovlardan azad olmalı, ondan qabaq isə digər xalqların müstəqilliyə, azadlığa qovuşmasına kömək eləməlidir. Heç olmasa, əngəl yaratmamalıdır...

Bəllidir ki, hazırkı Rusiya SSRİ-nin hüquqi varisidir. Bu səbəbə o, 1991-ci ildə avtomatik BMT TŞ-də 5 daimi üzvlərdən birinə çevrilib – Sovet İttifaqını əvəzləyib. Ancaq əfsus ki, Rusiyanın hazırkı rəhbərliyi SSRİ-nin hüquqi varisliyinə hər şeydən öncə SSRİ-nin “çəkmələrini” geyinib onun yerişini yerimək, onun “ərazilərini” qaytarmaq şansı kimi baxır. Amma siyasətdə bir suya iki dəfə girmək mümkünsüz. Biz hələ onu demirik ki, Sovet İttifaqının sonuncu konstitusiyasına görə (maddə 6), RSFSR daxil, 15 müttəfiq respublikanın hər birinin onun tərkibindən çıxmaq hüquq təsbit edilmişdi.

Yox, Rusiya SSRİ-nin aqibətini təkrarlamaq istəyirsə, buyursun. Belə görünür, Kreml məhz bu yolu tutub. O zaman unutmasın ki, çox arxayın olduğu minlərlə nüvə başlığı SSRİ kimi totalitar dövləti belə, “tikişlər üzrə sökülmək”dən xilas edə bilməyib. Rusiya isə Sovetlər Birliyindən qüdrətli deyil. Əksinə. Ukrayna nümunəsində dünya bunu əyani gördü və görür...

Suveren dövlətə bax. Suveren, müstəqil dövlətin qonşu suveren və müstəqil dövlətlərin (Ukrayna, Gürcüstan, Moldova) ərazisində nə işi? Qonşu suveren ölkələrin və xalqların gününü “göy əskiyə” bükən, onlara 30 il sonra belə, öz “arxa bağçası” kimin baxan bir dövlətə kimsə hörmət qoyarmı?

Ümumiyyətlə, rusun harasına suverenlik günü, müstəqilik büsatı yaraşır? İlin 365 gününün 300-nü “paxmel” olan rus mujiki üçün hər gün bayram deyilmi? Əgər onun prezidenti XXI əsrdə 1-ci Pyotru vəsf edib özünü ona bənzətməklə fəxarət duyursa, 1-ci Pytorun işğalçılıq missiyasını davam etdirməyi özünə borc bilirsə, demək, 12 iyun rəsmi Moskva üçün elə-belə, formal gündür. Çünki Putin indiki suverenliklə qane olmaq niyyətində görünmür, xəyal elədiyi daha böyük Rusiyanın “müstəqillik günü” arzusu ilə yaşayır.

Fəqət, belə xəyal-planlar əks-effekt verə bilər Kreml üçün. Ona görə ki, Rusiya indi ifrat dərəcədə üfürüləndə partlayacaq şara bənzəyir. Ayrı sözlə, bu gün o, “xalqlar həbsxanası” olaraq öz daxilində hərəsinin öz müstəqillik günü olacaq azı, 10 potensial dövləti birləşdirir. Onların arasında tarixi və yığcam sərhədləri ilə rus dövləti də olmaqla.

Rusiyanın gerçək müstəqillik və suverenlik günü də yalnız onda olacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR