İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalq düşməninin oğlu” - Çin lideri Si Cinpin haqda MARAQLI FAKTLAR

1794 21.03.2023 14:11 Maraqlı A A

10 ildir rəhbərlik etdiyi partiyaya üzvlük üçün o, vaxtilə 10 dəfə müraciət edib, amma…

Həftənin əsas hadisəsi Çin sədri Si Cinpinin Moskvaya gəlişi oldu. Çin liderinin qarşılanma mərasimi təvazökarlığı ilə diqqət çəkdi. Onu nəinki Putin qarşılamadı, hətta mərasimdə çörək və duz da yox idi. Putin bunu çox uzun müddətdir ki, etmir: belə bir diqqət 2004-cü ildə Rusiyaya gələn o zamankı Almaniya kansleri Şröderə göstərilib.

Çin liderini baş nazirin müavini Dmitri Çernışenko qarşılayıb. O, həm də Rusiya-Çin hökumət komissiyasının həmsədridir.

Çinə növbəti 5 ildə də rəhbərlik edən Si Cinpinin personasına hazırkı diqqəti nəzərə alaraq Musavat.com oxucuları üçün onun həyat yolu haqda maraqlı faktları təqdim edirik. 

9a7258fce42bea031bed123f600475ff.jpg (64 KB)

1953-cü ildə anadan olan Si Cinpinin atası Xi Zonqxun “inqilabın atalarından biri”, Mərkəzi Komitənin üzvü və baş nazirin müavini idi. Amma tezliklə Çində hakimiyyət başına gələn Mao ona “sən” deyə müraciət etməyə cürət edən köhnə inqilabçılardan qurtulmağa başladı. Mərkəzi Komitədə təbliğata cavabdeh olan Si Cinpinin atası inqilab qəhrəmanlarından biri haqqında nəşr olunan “yanlış və ideoloji cəhətdən zərərli” kitab səbəbindən bütün vəzifələrdən uzaqlaşdırıldı. Əvvəlcə sadə işçi kimi traktor zavoduna, sonra isə həbsxanaya göndərildi.

“Qırmızı mühafizəçilər” hər gün onların evinə basqın edib, nələrsə axtarırdılar, təhqir edirdilər. Si Cinpinin böyük bacısı bu basqınların birindən sonra dözə bilməyib intihar etdi, anası isə “xalq düşməni” olan ərindən imtina etməli oldu.

15 yaşlı Si isə ölkənin ən yoxsul bölgələrindən birindəki kəndə “təhsil üçün” göndərildi. Onun “evi” elektrik və tualeti olmayan torpaq qazmadan ibarət idi.

Bir-iki ay sonra Si belə bir həyata dözə bilməyib Pekinə qaçdı. Lakin o, tezliklə saxlanıldı, daha da çətin bir əmək düşərgəsində qazmaçı işinə göndərildi.

“Bir vaxtlar Çernışevskinin “Nə etməli?” romanı məni heyran etdi, burada baş qəhrəman Raxmetov iradəsini gücləndirmək üçün mismarların üstündə yatır. Mən və dostlarım o qədər təsirləndik ki, gecəni döşəksiz çarpayılarda keçirməyə, yağış və qarda gəzməyə, buzlu duş qəbul etməyə başladıq” – Si o günləri belə xatırlayır.

Pekinə qalib kimi qayıtmaq üçün ən azı karyera iyerarxiyasının ilk addımından – komsomoldan başlamalı idi. Sürgündə olduğu yeddi ilin hər birində komsomola qəbul üçün yeddi dəfə ərizə verdi və nəticədə onun iradəsindən heyran olan yerli partiya üzvləri arzu etdiyi komsomol nişanını ona verdilər.

Onun karyerasında növbəti addım partiyaya qəbul olmaq idi. Si bu dəfə də on dəfə müraciət etdi. Onun xarakteri və siyasi üslubu belə qurulmuşdu: iradə, ardıcıllıq, emosionallıq. Bir dəfə alınmadı – heç nə, göz yaşı tökməyək, yenidən toparlanaq və yenidən cəhd edək…

4917ca31a4339e4edd451ba1067fa406.jpg (56 KB)

Sonra Si kəndlilər və işçilər üçün kvotaya uyğun olaraq universitetə qəbul edildi. Çin isə getdikcə daha sürətlə dəyişir, Qərbə açılırdı. İnvestorlar ölkəyə daxil oldular və keçmiş “əqidəli kommunistlərin” bir çoxu oliqarxa çevrildi.

Lakin Si tam əks yolu seçdi, atasının köhnə dostu, müdafiə naziri Geng Biaonun katibliyinə getdi.

Daha sonra bacarıqlı bir gənc əvvəlcə rayonda, sonra şəhərdə, daha sonra isə regional idarədə rəhbər işlədi. Bununla belə, hakimiyyət zirvəsi hələ də əlçatmaz idi.

2006-cı ildə Şanxay şəhər komitəsində qalmaqal baş verdi: şəhərin meri rüşvət, dövlət vəsaitinin mənimsənilməsi və məşuqəsinə bahalı hədiyyələr aldığı üçün işdən çıxarıldı. Onun vakant vəzifəsini Si tutdu və bu şəhərdə işləri tez bir zamanda qaydaya saldı.

2012-ci il yaxınlaşırdı, Kommunist Partiyasının növbəti qurultayında yeni baş katib seçilməli idi. Yeni nəsil siyasətçilərin ən parlağı Bo Xilai idi. Lakin qurultaya az müddət qalmış məlum oldu ki, onun həyat yoldaşının xaricdə villası var, 12 yaşındakı oğlu İngiltərədə elit məktəbdə oxuyur. Vəssalam, karyera bitdi!

Həmişə təmkinli və dəqiq olan yoldaş Si son qurultayda da üstün lider oldu. ÇXR-də üçüncü prezidentlik müddətinə başlamış Cinpini dünyada artan gərginlik fonunda ciddi sınaqlar gözlədiyini demək mümkündür… 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR