İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistindən nazirə sərt tənqid

2378 07.12.2022 10:55 Mədəniyyət A A

Mədəniyyət sahəsinə büdcədən ayrılan pul niyə azaldıldı?

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərlə bağlı xərclər azaldılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  iclasında bununla bağlı büdcəyə dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən, 2023-cü il dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclərin 1 milyon 100 min manat azaldılaraq, 561 milyon 709 min 598 manat olması proqnozlaşdırılır.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilir. Müzakirələrdən sonra büdcə üçüncü oxunuşda plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, 1 noyabrda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb. E.Əliyev sonradan azadlığa buraxılıb. Onu da vurğulayaq ki, Mədəniyyət Nazirliyində yeni rəhbərlik iki il əvvəl formalaşdırılmışdı. 2020-ci ildə DTX orada əməliyyat keçirmiş və nazir müavinini, idarə rəislərini həbs etmişdilər. Nazir Əbülfəs Qarayev isə nazir postundan uzaqlaşdırılmışdı. Cəmi 2 il ərzində isə yeni komanda Mədəniyyət Nazirliyində yenidən korrupsiya həbsləri və  nazirliyə ayrılan vəsaitin azaldılması sual doğurur.

Onu da xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov bir neçə gün öncə nazirliyə ayrılan vəsaitə qənaət ediləcəyini açıqlamışdı. “2022-ci il üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ayrılmış vəsaitin 24 mln manatına qənaət ediləcəyi gözlənilir”, - deyə nazir bildirmişdi. Anar Kərimov həmçinin son iki ilin qənaət rəqəmlərini də açıqlamışdı: “2020-ci ildə bu qənaət 32,3 mln. manat, 2021-ci ildə isə 38,4 mln. manat olub. Ümumilikdə, 2020-2021-ci illərdə dövlət büdcəsinə 70,7 mln. manat qaytarılıb”.

Bəs mədəniyyət xadimləri mədəniyyət sahəsinə ayrılan vəsaitin azaldılmasını necə qarşılayır?

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Şeyx Əbdül Mahmudbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:  “Mənəvi xəstəliyi yaradan səbəb var. Biz o xəstəliyi yaradan səbəbi axtarmır, başlayırıq son nəticəni müzakirə etməyə. Ümumiyyətlə, çörəyi çörəkçiyə vermək lazımdır. Çox təəssüflər olsun ki, mənim yaşda olan mədəniyyət xadimləri də öz konkret mövqelərini ortaya qoymur, oturub mövqe gözləyirlər. Burada tərəfkeşlik, qohumbazlıq, qorxaqlıq yolverilməzdir.

Anar Kərimov Kitabxanaçılıq üzrə məzunları işlə təmin etdi

Anar Kərimov cavan adamdır, o, mədəniyyət naziri təyin ediləndə dedilər ki, İngiltərədə oxuyub, UNESCO-da işləyib, yüksək səviyyədə ingilis dilini və digər dilləri bilir və sairə. Mən də dedim ki, ingilis dilini yüksək səviyyədə bilirsə, getsin o dildə dərs desin. Onsuz da son vaxtlar ingilis dili dəbdədir, hansı ki, əvvəllər rus dilində oxumaq dəb idi. Söhbət böyük bir milli-mənəvi dəyər formalaşdıran, ideologiyamızı, mədəniyyətimizi bütün dünyaya bəyan edən sahədən gedir. Bu işin mexanizmini bilmədən, öyrənmədən sən necə burada işləyə bilərsən? Nəticəsi də ki, göz qabağındadır. Ürək ağrısı ilə bunu deyirəm, o korrupsiyaya görə günahlandırılanlar da hamısı xaricdə təhsil cavan şəxslərdir. Füzuli deyirdi ki, hambalın da özünə görə yük götürmə qabiliyyəti var, o yükü 50 kilo əvəzinə 100 kilo etsən hambal yıxılır, şikəst olur, ölür. Bəli, hər kəsi öz bildiyi sahəyə gətirmək lazımdır.

Zamanında mərhum prezidentimiz Heydər Əliyevin qərarı ilə milli kinomuzun inkişafı üçün vəsait ayrılmışdı. Həmin pulu “yedilər”, kinostudiyanı da dağıtdılar. Hansı ki, həmin studiyada böyük filmlər çəkilmişdi. Məsələn, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi” filmləri və sairə. Həmçinin kinostudiyada bizim böyük cəbbəxanamız, istirahət evimiz var idi. Söküb “yedilər”, heç dövlət də maraqlanmadı ki, bütün bunlar hara getdi... Prezidentimiz İlham Əliyev də mədəniyyətimizə dəstək verərək, həmin vəsaiti 6 milyona qaldırdı. Yəni hər il milli kinomuzun inkişafı üçün dövlət büdcəsindən bu qədər vəsait ayrılırdı. İndi sual edirəm, bu vəsaitlərlə hansı filmləri ortaya çıxartdılar?

Daha bir məsələ, bütün dünyada kino sahəsi mədəniyyətdən ayrı sahədir. Lakin bizdə kinonu gətirib mədəniyyət sahəsinə aid etdilər. Məlum məsələdir ki, bu gün mədəniyyətin bütün sahələrində problemlər yaşanır, məsələn, musiqi məktəbləri, klublar tökülüb dağılır, hər şey məhv olur. Nəticədə nazir kinoya ayrılan vəsaiti həmin sahələrdə olan borclara xərcləyir, yerdə qalan az vəsaiti atırlar kinostudiyanın üstünə ki, səhəri gün deməsinlər ki, kinoya pul xərclənmədi. Bütün bunlarla bağlı bir sıra mədəniyyət xadimləri olaraq dəfələrlə nazirə müraciət etmişdik, lakin səsimizi eşidən olmadı. Həmçinin maliyyə nazirinə və digər aidiyyəti orqanlara müraciət etdik ki, araşdırsınlar ki, büdcədən kino üçün ayrılan vəsait bütövlükdə gəlib kinoçulara çatırmı, ya yox? Yenə də cavab verən olmadı".

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd etdi ki, nazirlikdə korrupsiyanın qarşısını almaq üçün ilk öncə nəzarət mexanizmləri dəyişdirilməlidir:

“Qeyd edim ki, ayrılan vəsaitin birbaşa korrupsiya məsələsinə aidiyyəti yoxdur. Əgər həmin mexanizmlər qalıbsa, nəzarət zəifdirsə, monitorinqlər aparmaq mümkün deyilsə, əlbəttə ki, korrupsiya olacaq.

Hər kəsə məlumdur ki, Mədəniyyət Nazirliyində bir-birinin ardınca bu cür skandal, korrupsiya məsələləri ilə bağlı  faktların ortaya çıxması bu sahədə  ciddi qanun pozuntularının olduğunu aşkarladı.

Məlumdur ki,  Hesablama Palatası büdcədən öncə rəy verir ki, hansı təşkilata nə qədə vəsaitin ayrılması məqbuldur. Ola bilər ki,  vəsaitin azaldılması təklifinə Hesablama Palatasının rəyinin təsiri olub. Amma hər bir halda, büdcə müzakirələri zamanı büdcə rəqəmlərinin formalaşmasında Hesablama Palatasının,  parlamentin iqtisadi komissiyasının rəyi çox vacib olur. Ola bilsin ki, hər iki istiqamətdə, o cümlədən həm Hesablama Palatasından, həm parlamentin müvafiq komissiyalarından vəsaitin azaldılması ilə bağlı rəy olub. Amma bir daha qeyd edirəm ki, büdcədən ayrılan vəsaitin artırılıb və yaxud azaldılması korrupsiya  əməllərinin qarşısını alacaq əsas faktor deyil. Əsas faktor nəzarət mexanizmləridir ki, əgər bu yaranarsa, həcmindən asılı olmayaraq həmin vəsait nəzərdə tutulan istiqamətdə xərclənə bilər".

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında millət vəkili Sabir Rüstəmxanlı büdcədən mədəniyyət sahəsinə ayrılan vəsaitin artırılmasını təklif etmişdi. “Xalqlar təkcə vuruşmur, onların tarixi, mədəniyyəti də vuruşur. Milli Kitabxanaya ayrılan vəsait azaldılıb. Bunun səbəbi nədir?! Mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır. Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”, - deyə millət vəkili qeyd etmişdi.

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR