İnsanlara hürriyət, millətlərə istiqlal!

“Wolt” müəmması - minlərlə gəncin işlədiyi şirkət ətrafında nə baş verir?

1141 17.08.2023 08:00 Gündəm A A

Ekspert deyir ki, ölkədə iş yerlərinin bağlanmasına deyil, yenilərinin açılmasına ehtiyac var

Avqustun 15-də “Wolt Azerbaijan” Qida Təhlükəsizliyi Agentliyinin pozuntulara görə şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatını təkzib edib.

“Tətbiqimiz aktivdir və müştərilər normal qaydada sifarişlərini verə bilərlər. Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə gəlincə, ”Wolt" heç bir qanun pozuntusu olmadan fəaliyyət göstərir və bu, məhkəmənin qərarı ilə təsdiqlənir. “Wolt  AZƏRBAYCAN” MMC-nin fəaliyyətində qanun pozuntularının aşkarlanması ilə bağlı məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.

Təəssüflər olsun ki, agentlik şirkətimizə təzyiq göstərmək məqsədilə bizim reputasiyamıza xələl gətirən natamam və qeyri-dəqiq məlumatların yayılması yolunu tutub", - deyə məlumatda vurğulanıb.

Doğrudan da, son iki gündə şirkətin sifariş icraçıları öz nəqliyyat vasitələri ilə  yollardan əvvəlki qaydada işləyiblər.  Yada salaq ki, AQTA “Wolt  Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktlarının aşkarlandığını açıqlayıb.

Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Qanuna zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Eyni zamanda MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

“10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənc üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya bağlamaq qərarı ağlabatan bir addım kimi görünmür”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, AQTA digər əlaqədar dövlət qurumları və “Wolt”la birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi.

Eldəniz Əmirov: "Vergi daxilolmalarının artması iqtisadi islahatlarla  bağlıdır"

 Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, heç bir halda iş yerlərinin bağlanması çıxış yolu deyil. Ekspert deyib ki, qanun pozuntularının aradan qaldırılması üçün radikal qərar qəbul etmədən öncə bütün mümkün tədbirləri görməyə çalışmaq lazımdır: “İş yerlərinin bağlanmasının qəti əleyhinəyəm. Kuryerlik çətinliyi çox olan sahədir. Kimi ailəsini dolandırmaq, kimi də tələbə olduğu üçün kuryerlik edir. Bu günün reallığı çərçivəsində ən dəhşətli xəbər hansısa müəssisənin və ya xidmətin bağlanması, ən qiymətli xəbər isə hansısa müəssisənin açılmasıdır (milli təhlükəsizlik və hərbi xəbərlər istisna). "Wolt"u bağlamaq niyyəti pis xəbərdir. Avqustun sonuna kimi Quba şəhərində 500 min dollarlıq sərmayəli şokolad fabriki açılacaq. Hələ gələcəkdə bu zavodun genişləndirilməsinə daha 10 milyon dollar sərmayə qoyulacağı bildirilir. Bu xəbər mətbuatda hansısa müğənninin itinin ad günündən daha az işıqlandırıldı. Amma bu ciddi xəbər idi. Burada yüzlərlə insanın gələcəkdə işlə təminat məsələsi vardı. “Butterfly effect” nəzəriyyəsi boşuna yaranmayıb. Bir fabrikin işi doğru qurularsa və maneələr olmazsa, “butterfly effect”lə digər rayonlara və sahələrə müsbət təsirini göstərər. Burada fabrikin işlədiyi zaman xammal təchizatına yaranan tələb rayonda kənd təsərrüfatının inkişafına, bu isə digər sahələrə stimul verə bilər. Nəzərə alsaq ki, prioritet sahə olan kənd təsərrüfatının (k/t) ÜDM-də payı çox az olduğundan hər adi kimi görünən məqam k/t üçün vacibdir. Əlqərəz, açılan bir müəssisə həm təcrübəyə, həm sahəyə, həm məşğulluğa, həm dolayı sahələrə və həm də buradan evinə çörək aparan insanların həyatına ciddi qatqılar verər, amma müəssisə bağlanarsa, bunların əksi olar. Bütün təsirlənən sahələrin “suyu” quruyar. Bu isə yüzlərlə, minlərlə insanın xəyallarını və ümidlərini öldürür. Bu heç də obrazlı ifadə deyil. Hər ay evinə 5 manat pul aparan adama “sənin iş yerin bağlandı” və ya “sən ixtisara düşdün” deyəndə adamın ilk düşündüyü nə olur? Evlidirsə, “uşağıma axşam nə aparacam”, - deyə beyni quruyur, subaydırsa, evlənmək üçün qurduğu xəyalları. Buna görə də iş yerlərinin bağlanmaması üçün bütün mümkün tədbirlərə əl atmaq lazımdır.

Bir müəssisə açılanda isə xəyallar da çiçək açır, ümidlər də. Elə buna görə də ölkə rəhbərliyinin də ən vacib tapşırıqlarından biri məhz ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Odur ki, iş yeri yaradan hər kəs həm ölkə üçün, həm iqtisadiyyat, həm də insanlıq üçün qiymətlidir, istər o böyük investor olsun, istər kiçik sahibkar, istərsə də kiçik bir kənd bələdiyyəsi".

Xatırladaq ki, “Wolt” 2014-cü ildə Finlandiyanın paytaxtı Helsinkidə yaradılıb, hazırda 23 ölkədə, 120-dən çox şəhərdə fəaliyyət göstərir. Şirkətin 40 mindən artıq kuryerı var və onların işi 15 min restoranı əhatə edir. Azərbaycan bazarına “Wolt” 2019-cu ildən daxil olub.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR