İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vyetnam sindromu”ndan “Qarabağ sindromu”na – suisidlərin qarşısını necə almalı?

2703 13.07.2022 07:15 Yazarlar A A

Psixologiya elmində “Vyetnam sindromu”, “Əfqan sindromu”, “Koreya sindromu” kimi terminlər var. Hətta yeniləri də əmələ gəlib: “Çeçen sindromu”, “Ukrayna sindromu”.

Belə anlaşılır ki, biz də artıq “Qarabağ sindromu” ilə üz-üzəyik. Bunu intihar edən, müxtəlif yerlərdə əsəb böhranları keçirən keçmiş döyüşçülərin artmaqda olmasına nəzərən deyə bilərik.

Bu kimi sindromlar posttravmatik stressdən doğur. İnsan oğlunun beyni müharibədə gördüyü dəhşətləri, ölüm-itimi sinirə, unuda bilmir. Bu dəhşətlər yaddaşa hopur, həkk olur və oradan heç cür çıxmır, insanın psixikasını zədələyir. Hətta bircə dəfə döyüşdə olmaq kifayətdir ki, gənc insanın yaşadığı hiss-həyəcan, ölüm və əsir düşmək qorxusu onun psixikasında dərin, silinməz izlər buraxsın.

10 dəqiqə əvvəl birlikdə siqaret çəkdiyi, deyib-güldüyü dostunun parçalanmış cəsədini görən, yaxud bir qıçını qəlpə aparmış döyüş yoldaşının fışqıran qanını kəsmək istəyə-istəyə, onu güllə, mərmi altından çıxarmağa çalışan gənc adamda dəmir əsəblər olmalıdır və bu heç kəsdə yoxdur.

66.jpeg (60 KB)

Ona görə də deyirlər ki, dünyanın ən dərin sevgisi və ən dərin nifrəti müharibə sevgisi-nifrətidir. Səngər dostları ömürlərinin sonuna qədər dost olurlar, bir-birini unutmurlar. Eləcə də əsl döyüşçülər yanlarından fərarilik edərək canlarını götürüb qaçanları ömürlərinin sonuna qədər bağışlamırlar.

Döyüşlərdə yaralanmış, xəsarət almış olub-olmamalarına baxmayaraq, hər bir müharibə iştirakçısı qazidir, yaralıdır. Çünki hamısı psixi xəsarət alıb. Ona görə də onlara məhz bu gözlə baxmaq lazımdır.

“Vyetnam sindromu” termini ortaya təsadüfən çıxmayıb. 1964-cü ildə başlayan, 1975-ci ildə bitən Vyetnam müharibəsində 2,5 milyon gənc amerikalı iştirak edib. Onlardan 58 200-ü ABŞ-a sink tabutlarda, yaylım atəşləri altında qayıdıb və təntənəli şəkildə dəfn olunub.

Yerdə qalan amerikalı döyüşçülər isə, necə deyərlər, başqa cür bədbəxt olublar. Təxminən 150 min döyüşçü Vyetnamda aldığı psixoloji travmadan sarsılaraq normal həyat yaşaya bilməyb. Minlərlə keçmiş döyüşçü öz həyatlarına qəsd edibş Müharibə dəhşətləri onlara elə əzablar verib ki, bu kabusdan qurtulmaq üçün onlar öz canlarına qıyıblar. On minlərlə sabiq əsgər işkiyə, narkotik maddələrə qurşanıb, çıxış yolunu alkoqolun, narkotik maddələrin yaratdığı süni yaddaşsızlıqda görüblər. Bir o qədəri get-getə aqressivlşərək, cinayətlər törədiblər, həbsxanaya düşüblər, yaxud davalarda öldürülüblər.

Təsəvvür edin, Vyetnam müharibəsində 58 min amerikalı həlak olub, amma bundan 3 dəfə çox əsgərin həyatı müharibədən sonra öz vətənlərində qaralıb.

77.jpg (128 KB)

Eyni fikirləri SSRİ dönəmində 10 il çəkən və minlərlə həmvətənimizin iştirak etdiyi Əfqanıstan müharibəsi haqqında da demək olar. Bu müharibə də on minlərlə gənci bədbəxt edib. Ancaq bir fərq onda olub ki, Əfqanıstan müharibəsinin iştirakçıları zamanında pis-yaxşı dövlət qayğısı ilə əhatə olunublar və onların arasında suisid aktları geniş yayılmayıb. Fəqət müharibədə aldıqları fiziki, eləcə də psixoloji zədələr onların da sırasını vaxtsız seyrəldib.

Bəli, keçmiş döyüşçülər arasında özünəqəsd hallarının artması sırf “Qarabağ sindromu”dur. Bu adamlar qanlı-qadalı döyüş yolu keçiblər, dəfələrlə ölümlə üz-üzə gəliblər və artıq ölümdən-filandan qorxmurlar. Bir çoxunun bütün dostları müharibədə həlak olub, özləri tək qalıblar, ətrafları boşalıb və adi şar partlayışından diksinən mülki insanlarla onların arasında uçurum, uyuşmazlıq əmələ gəlib.

Bir həmkarımız danışır ki, doğma torpaqlarımız işğaldan azad olunandan az sonra iş gərəyi həmin yerlərə gedib və hərbçilərdən tez-tez bu cür sözlər eşidib: “Yoldan sağa-sola sapmayın, minalıdır”; “Burada mina ola bilər, ayağınızın altına diqqət edin!” O da deyilənlərə riayət edib, ancaq paytaxtda qayıdandan sonra uzun müddət yuxusuna minaya düşüb, televizorda torpaq üzərində qaçan adam görəndə hesab edirmiş ki, bu saat adam minaya düşəcək.

İndi siz müharibənin içindən çıxıb gələnlərin yuxuda nə gördüyünü təsəvvür edin.

888.jpg (68 KB)

Ona görə də keçmiş döyüşçülərin hər biri psixoloji reablitasiyadan keçirilməlidir, hamısı xüsusi sanatoriyalarda müalicəyə cəlb olunmalıdır.

Bir də onların sosial problemləri A-dan Z-yə qədər həll edilməlidir. Bunu həyata keçirmək üçün xüsusi dövlər proqramı işlənib hazırlanmalıdır və layihənin maliyyələşdirilməsi üçün büdcə ayrılmalıdır.

Unutmayaq ki, biz hamımız, bütövlükdə bu vətən indiki həyatımız, mövcudluğumuz üçün şəhidlərə və qazilərə borcluyuq. Onlar düşmənin önündə sipər-çəpər olmasaydılar, indi biz ya Xəzərin o üzündəydik, ya öz azğın ermənilərin işğal etdiyi vətənimizdə qul-kölə durumundaydıq. Tərifli dünya birliyi isə hərdən bir ermənilərdən bizə mədəni muxtariyyat verməyi xahiş edəcəkdi, onlar da üzlərini bozardıb, “ara, çee” deyəcəkdilər.

Biz o gənclərə borcliyiq. Haqlarını ödəyə bilməyəcəyimiz qədər borclu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR