İnsanlara hürriyət, millətlərə istiqlal!

Vyanada COP29-la bağlı tədbir keçirildi

372 20.06.2024 15:28 Siyasət A A

Vyanada ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) prioritetləri ilə bağlı Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə tədbir keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyindən verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Avstriya Respublikasındakı səfiri və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli, BMT-nin Vyana Ofisinin Baş direktoru və BMT-in Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Uali, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin, BMT-nin Sənaye İnkişafı Təşkilatının, BMT-nin Kosmik Fəza Məsələləri üzrə İdarəsinin rəhbər şəxsləri, eləcə də xarici dövlətlərin Vyanadakı diplomatik nümayəndəlikləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir Rövşən Sadıqbəyli cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 çərçivəsində ölkəmiz tərəfindən iqlim dəyişikliyinin təsirləri ilə milli, regional və qlobal səviyyələrdə mübarizə istiqamətində göstərilən səylərdən ətraflı bəhs edib. Ölkəmizin proses çərçivəsində səmərəli çoxtərəfliliyi, qlobal iqlim fəaliyyəti gündəliyinin formalaşdırılmasında bütün tərəflərin mövqelərinin və baxışlarının nəzərə alınması ilə inklüziv yanaşmanı təşviq etdiyi diqqətə çatdırılıb. Bu baxımdan, beynəlxalq təşkilatlarla, o cümlədən BMT təsisatları ilə iqlim dəyişikliyi sahəsində əməkdaşlığın vacibliyinə vurğu edilib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycanın COP29-un ev sahibi olaraq iqlim yönümlü, bərabər və dayanıqlı gələcəyə nail olunması istiqamətində aparıcı rolu, Şimal, Cənub, Şərq və Qərb arasında körpü rolu oynayaraq, qlobal istiləşmənin qarşısının alınması üzrə qlobal həmrəylik və birliyi təşviq etdiyini bildirib. Bu istiqamətdə, iqlim maliyyələşməsinin COP29 sədrliyimizin prioritetlərindən biri olduğu, habelə inkişaf etməkdə olan ölkələrin də ehtiyacları nəzərə alınmaqla İqlim Maliyyələşməsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə nail olunması üçün birgə konstruktiv işin aparılmasının zəruriliyi vurğulanıb.

Nazir müavini, eyni zamanda, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, iqlim dəyişmələrinə uyğunlaşma və yumşaldılma sahəsində həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən bu sahədə milli və regional səviyyədə əməkdaşlıqdan bəhs edib.

Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri COP29 sədrliyi tərəfindən görülmüş və icra olunan tədbirləri yüksək qiymətləndirərək, müvafiq mandatlarına uyğun olaraq ətraf mühit əleyhinə cinayətlərə qarşı mübarizə, iqlim dəyişikliyinin monitorinqi və təsirlərinin yumşaldılması, iqtisadi fəaliyyətlərin inkişafında ətraf mühit amillərinin təşviqi, təmiz enerji növlərindən biri hesab olunan nüvə enerjisindən istifadənin genişləndirilməsi sahəsində görülən işlər, COP29 çərçivəsində beynəlxalq təşkilatlar tərəfindən təşkili planlaşdırılan tədbirlər barədə ətraflı məlumat təqdim ediblər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə COP29 sədrliyinin və danışıqçılar heyətinin keçirdiyi mühüm görüşlərin, aparılan müzakirələrin, eləcə də BMT təsisatlarının iqlim dəyişikliyi sahəsində həyata keçirdiyi layihələrin əks olunduğu fotoşəkillər nümayiş olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR