İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətənpərvərlik həm də peşəni layiqincə yetirə yetirməkdir

987 10.06.2022 08:00 Media A A

Tələbəsi deyir ki, Nəsir Əhmədlinin “Jurnalistin nitq mədəniyyəti” kitabı dərs vəsaiti kimi dəyərli mənbədir

Professor Nəsir Əhmədlinin vəfatı Azərbaycan elmi, jurnalistikası üçün böyük itkidir. Bu yaxınlarda, Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Nəsir Əhmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdi. Pedaqoqlar, N.Əhmədlinin yetirməsi olan tanınmış jurnalistlər N.Əhmədlinin peşəsinə sadiqliklə xidmətlə etməklə, Vətən qarşısında borcunu yerinə yetirdiyinə diqqət çəkmişdilər. 

Azərbaycan türkcəsi uğrunda mübarizə aparan professor bununla həm çağdaş elmə, həm də gələcək nəsillərə önəmli töhfə vermiş oldu. Ana dilinə bu cür sevgi alimin vətənpərvərliyin, bu isə dolayısı ilə vətənpərvərliyin çalışdığın peşəni layiqincə yerinə yetirməklə bağlı olduğunu sübut edir. Jurnalistikanın ağsaqallarından olan Nəsir Əhmədli hər zaman təmiz, vicdanlı insan, möhkəm əqidə sahibi kimi dəyərləndirilib. Professorun 80 illik yubileyində səslənən fikirlərə istinad etsək, onun xasiyyətinin gözəl cəhətlərinin yetişdirmələrinin həyatına necə təsir edəcəyini müəyyən etmək çətin olmur.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosent əvəzi Vəfa İsgəndərova “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, N.Əhmədlinin yoxluğuna inanmaqda çətinlik çəkir: “Mən onu 2000-ci illərin əvvəllərindən tanıyıram. Magistraturada elmi rəhbərim olub. Onunla işlədiyim 10 il ərzində hər gün kafedrada görüşürdük. Nəsir müəllim haqqında danışmaq bir tərəfdən çətindir, digər tərəfdən qürurvericidir. Bu yaxınlarda fakültədə onunla görüş keçirildi. Onun haqq dünyasına qovuşmasına heç inanmağım gəlmir. Elm sahəsində həm nəzəri, həm də praktik baxımdan saysız-hesabsız jurnalist yetişdirib. Elmi üslubumun formalaşmasında onun əvəzsiz rolu var. Özümü onun ”şinelindən" çıxmış kimi hiss edirəm. Vətənpərvər alim idi. Hər bir sözə diqqət  etməyi, ümumiyyətlə, yazıda hər detala fikir verməyi ondan öyrənmişik. Alimin vəfatı təkcə onu yaxından tanıyan doğmalarının, həmkarlarının, tələbələrinin deyil, elin, cəmiyyətin itkisidir. Bu baxımdan mənim üçün bu barədə danışmaq həqiqətən çətindir. “Jurnalistin nitq mədəniyyəti” kitabı dərs vəsaiti kimi dəyərli mənbədir. Bu, masaüstü kitab olmalıdır. Son günlərində iş yoldaşlarının sevgisi ilə yaşayırdı. Yaşına rəğmən, sosial mediada aktiv idi".

Peşəkar qələm sahibləri, yazarlar vətənpərvərlik məsələsində aktiv  olmalıdırlar”

N.Əhmədlinin Azərbaycan dilinin nəinki qorunması, onun yenilənməsi, zənginləşməsi ilə bağlı da önəmli fəaliyyəti olub: “Nəsir müəllim KİV, nitq mədəniyyəti, əməli yazı qaydaları ilə bağlı yenilikçi idi. Dilə yeni sözlərin daxil edilməsi, xarici dillərdən tərcümə edərkən çətinlik çəkdiyimiz sözlərin azərbaycan dilində ekvivalentinin tapılmasında onun rolu böyükdür. Kafedra heyəti Nəsir müəllimin həyat və fəaliyyətini əks etdirən, onun sosial media hesabında yazdıqlarını toplayaraq nəşr etməyi, yazdığımız məqalələri iyulun 1-də təqdim etməyi düşünürdük. Təəssüf ki, bizim bunu reallaşdırdığımızı görmək ona nəsib olmadı. Fakültəmiz sanki ağsaqqalını itirib”.

V.İsgəndərova Nəsir Əhmədlinin pozitiv xüsusiyyətlərini də xatırladı: “Heç kim Nəsir müəllimin onun xətrinə dəydiyini deyə bilməz. Mədəni, kübar insan idi, yumor hissi güclü olub. Həyat eşqi yüksək idi. Baş verən hər hadisəyə realist yanaşması ilə fərqlənirdi, səbirli insan idi”.

Qeyd edək ki, 80 yaşında dünyasını dəyişən Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. O, 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. Nəsir Əhmədli 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışıb. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaiti də daxil olmaqla 15 kitabın müəllifidir. Eyni zamanda Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.

KİV xaricə siyasi informasiya yayımı sistemində, beynəlxalq radio yayımı, televiziya jurnalistikası, beynəlxalq jurnalistika və s. sahələrdə tədqiqatlar aparıb. Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.

Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR